Seçkilərin nəticələri Qarabağ klanını "devirdi"

Səhər saat 07:30-a olan məlumata görə, Ermənistan Mərkəzi Seçki Komissiyası elektron formada seçki məntəqələrindən daxil olmuş məlumatların hamısını emal edib.

Ermənistan KİV-i  xəbər verir ki, beləliklə, səslərin 100 faiz sayılmasından sonra Nikol Paşinyanın "Mənim addımım" blokunun70,43 faiz səslə seçkilərin qalibi olduğu məlum olub.

8,27 faiz səslə ikinci yeri "Çiçəklənən Ermənistan" Partiyası tutub. Üçlüyü isə 6,37 faiz səslə "İşıqlı Ermənistan" Partiyası başlayıb. Beləliklə, Ermənistanın yeni parlamentində yalnız Nikol Paşinyan və onun inqilabdakı müttəfiqləri olacaq. Qalan siyasi güclər qanunvericiliklə müəyyən olunmuş baryeri keçə bilməyiblər. Keçmiş prezident və baş nazir Serj Sarkisyanın rəhbəri olduğu Respublikaçılar Partiyasının parlamentdən kənarda qalması isə seçkilərdə ən diqqətçəkən məqamlardan oldu. Seçkilərin nəticələri həm də Qarabağ klanının Ermənistandakı 20 illik hakimiyyətinə rəsmən son qoydu.

Qeyd edək ki, seçkilərdə iki blok və doqquz partiya iştirak edib. Qanunvericiliyə əsasən, seçici fəallığı üçün minimum hədd qoyulmayıb, ancaq, parlamentə keçmək üçün, partiya 5, seçki bloku isə 7 faizdən çox səs toplamalıdır. Bu halda, parlamentdə minimum üç siyasi güc təmsil olunmalıdır.

"Mənim addımım" bloku mandatların üçdə ikisindən çoxunu tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31