Azərbaycanın mövqeyi beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanır
Münaqişənin həlli prosesində bu mövqe hər zaman müdafiə olunur
7 Dekabr 2018 13:30 SiyasətMünaqişənin həlli prosesində bu mövqe hər zaman müdafiə olunur
Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət kursu və diplomatik gedişləri beynəlxalq səviyyədə, təşkilat və qurumlar çərçivəsində ölkəmizin mövqelərinin möhkəmlənməsinə gətirib çıxarır. Xüsusilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində rəsmi Bakının ortaya qoyduğu prinsipial mövqe beynəlxalq təşkilat və qurumlar tərəfindən reallıq olaraq qəbul edilir. Bu tendensiya isə getdikcə Ermənistanın beynəlxalq aləmdəki mövqelərini zəiflədir və diplomatiya sahəsində İrəvan demək olar ki, Bakıya uduzur. Məhz bu uğursuzluq və xarici siyasətdə üzləşilən məğlubiyyətdir ki, İrəvanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində daha da aqressiv edir. İşğalçı ölkə əvvəllər problemin həlli ilə əlaqədar əldə edilən razılaşmanı pozur, xoşməramlı təşəbbüslərin reallaşmasına mane olur, onlara əməl etməkdən boyun qaçırır. Bir müddət əvvəl MDB dövlət başçılarının Tacikistanın paytaxtı Düşənbədə keçirilən sammiti ərəfəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə görüşə ciddi cəhd edən, həmin görüşdə bəzi məsələlərin reallaşması, həyata keçirilməsi üçün razılıq verən Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Düşənbə görüşündən sonra ortaya qoyduğu mövqe və kompromisə meyilli görünmıməsi fonunda bunu aydın müşahidə edə bilirik.
Millət vəkili Elman Nəsirov hesab edir ki, Azərbaycan tərəfinin əsir və girovların "hamının-hamıya" prinsipi ilə qaytarılması ilə bağlı təklifinin qarşı tərəfdən adekvat reaksiya ilə müşayiət olunmaması da deyilənlərin əyani sübutudur. Onun sözlərinə görə, hətta, bu gün Azərbaycanda həbsxanada olan Baqdasaryanın belə Ermənistan rəhbərliyinə müraciəti nəticə vermədi: "Baxmayaraq ki, erməni xalqı və ictimaiyyəti bu məsələlərdə hakimiyyətdən fərqli mövqedə dayanır və Azərbaycanın bu istiqamətdəki təklif və ideyalarını müdafiə edir. İş o yerə gəlib çatıb ki, analoji məsələ ilə bağlı erməni analar avtomobil yolunu da bağlamışdılar. Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan isə heç bir halda belə bir addımı ata bilməyəcəyini, guya bu addımı atsa erməni valideynlərinə bunu necə izah edəcəyini və bu kimi digər mənasız, gülünc ifadələr söyləyib. Başqa bir çıxışında isə bir qədər də ifrata vararaq deyib ki, ümumiyyətlə, axı biz necə onları dəyişə bilərik, Azərbaycanda girov, əsirlər olduğu, lakin Ermənistanda isə girovların, əsirləri olmadığı halda biz bunu necə edə bilərik. Bu kimi cəfəng və heç kimin inanmayacağı yalanlarla dolu bir məlumatlar verir".
Millət vəkili Elman Nəsirov qeyd edir ki, Ermənistan rəhbərliyinin haqsız etiraz və iradlarına baxmayaraq bu gün ATƏT-in Parlament Assambleyası Azərbaycanın mövqeyini dəstəkləyir və bunun haqq işi olduğunu bildirir: "Azərbaycanın bu təklifi münaqişənin tənzimlənməsi prosesində bizim mövqe üstünlüyümüzü daha da gücləndirir. Yəni beynəlxalq ictimaiyyət, ATƏT rəhbərliyi bir daha görür ki, Azərbaycan münaqişənin həlli prosesində həm humanizm prinsiplərindən, həm də beynəlxalq hüquq norma və prinsiplərindən çıxış edərək çox vacib təşəbbüslər göstərir. Amma Ermənistan isə bundan imtina edir. Münaqişənin tənzimlənməsi prosesində Ermənistanın əsl mahiyyəti həm də bununla açılmış olur".
Millət vəkili onu da bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində rəsmi Bakının, xüsusilə də dövlət başçısı Cənab İlham Əliyevin mövqeyi beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanır. Onun sözlərinə görə, münaqişənin həlli prosesində bu mövqe hər zaman müdafiə olunur: "Lakin Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də bu prosesdə özünün qeyri-konstruktiv mövqeyini qoruyub saxlamaq istəyir. Xüsusilə də 9 dekabr parlament seçkiləri yaxınlaşdıqca münaqişənin tənzimlənməsi prosesində həm hakimiyyət, həm də müxalifət kompromis mövqeyi ilə seçicilərin diqqətini cəlb etmək istəyirlər".
Göründüyü kimi Ermənistan yenə də öz aqressiv və qeyri-konstruktiv mövqeyindən geri çəkilmək barədə düşünmür.
Füzuli