ABŞ-ın əsas pioritetlərindən biri Cənubi Qafqazdır

Regionda baş verənlər həlledici mərhələyə qədəm qoyacaq

Regionda baş verənlər həlledici mərhələyə qədəm qoyacaq

Azərbaycan dövləti həyata keçirdiyi uğurlu xarici siyasət kursu ilə dünyanın diqqətini özünə cəlb edə bilib. Xüsusilə ölkəmizin bilavasitə təşəbbüsü və iştirakı ilə reallaşdırılan regional və qlobal əhəmiyyətli layihələr Azərbaycanı diqqətçəkici bir ölkəyə çevirib. İndi dünyanın nüfuzlu dövlətləri Azərbaycanı Cənubi Qafqaz regionunda  özlərinin əsas strateji tərəfdaşı kimi görürlər. Bu sırada Avropa ölkələri xüsusilə fərqlənir. Çünki Azərbaycanın zəngin enerji resursları və reallaşdırdığı enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Təsadüfi deyil ki, rəsmi Bakının malik olduğu bu imkanlar okeanın o tayında da müsbət qarşılanır və enerji sahəsində Birləşmiş Ştatlar Azərbaycanla əməkdaşlığa maraq göstərir. Burada bir məqamı xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın yüksək səviyyədə əlaqələr qurduğu, münasibətlər yaratdığı ölkələrlə əməkdaşlığı yalnız enerji sahəsi ilə kifayətlənmir. Eyni zamanda digər sahələr, həmçinin hərbi sahədə də əməkdaşlıq üçün yeni-yeni imkanlar açılır, fürsətlər yaranır. Əgər son illərə qədər Avropa ölkələri Dağlıq Qarabağ münaqişəsi səbəbindən Azərbaycanla hərbi sahədə əməkdaşlığa maraq göstərmir və Bakı ilə silah satışı sahəsində əməkdaşlıq etmirdisə, artıq ölkəmiz üçün bu baryer də aradan qalxmaqdadır və Avropanın nüfuzlu ölkələri Azərbaycana silah satmaqda problem görmürlər. Çünki Azərbaycanın mövcud iqtisadi potensialı və malik olduğu maliyyə imkanları onun müxtəlif ölkələrdən silah alması üçün yetərlidir.

Uzun illər Azərbaycana Dağlıq Qarabağ münaqişəsi səbəbindən silah satılmaması embarqosunun hazırkı situasiyada Bakı tərəfindən aradan qaldırılması birmənalı olaraq müsbət qiymətləndirilir. Cənubi Qafqazda Süıh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, NATO üzvü olan dövlətlərin, xüsusilə Qərbin 25 ildir Qarabağ konfliktindən dolayı Azərbaycana silah embarqosunu ölkəmiz yardı. Onun sözlərinə görə, bu, Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi proseslərə bağlı olsa da, dünyada silah ticarətinin inkişaf etməsi və bazar uğrunda mübarizənin nəticəsi kimi qiymətləndirmək olar: "Qərbin silah sanksiyalarına rəğmən ölkəmizə silah satması, yeni hərbi-texniki müqavilələr bağlaması, ölkəmizin regionda təsirinin artmasına gətirəcək. Artıq, Qərb ölkələri erməni lobbisinin səylərinə baxmayaraq, Qarabağ münaqişəsinə görə, öz ticari gəlirindən Azərbaycan kimi müştərini əldən vermək istəmirlər. Bu gün dünya miqyasında Azərbaycan öz silah arsenalını genişləndirmək, yeni alıcılar əldə etmək üçün ön yerlərdən birini tutur. Bu, Qərb ölkələrinin, xüsusilə Çexiya, Fransa kimi əsas silah ixracatçısı ölkələrin nəzərindən yayınmadı. Bu ölkələr silah satışı həyata keçirməklə, paralel ölkəmizin siyasi şərtlərilə də hesablaşacaqlar. İtaliya, Çexiya ölkəmizə hərbi texnikalar satıb, ardınca Fransa da artıq ölkəmizə zenit raket kompleksləri satmağı plana salıb. Qeyd edim ki, sırada Böyük Britaniya da var. İngiltərə ilə hərbi-texniki əməkdaşlıq üzrə danışıqlar keçirilib. Həmçinin Birləşmiş Ştatlarla da hərbi əməkdaşlıq danışıqları baş tutub. Birləşmiş Ştatlar özü Azərbaycana silah satmağı təklif edib. Hətta bir neçə hərbi təyinaylı helikopterlər Pentaqondan alınıb". Politoloq deyib ki, Qərb ölkələri Birləşmiş Ştatların göstərişi olmadan Azərbaycana siıah sata bilməzdilər. Bununla demək olar ki, ölkəmiz Qərbin silah embarqosunu yarmaqla, Ermənistan üzərində tam üstünlüyü əldə edəcək. Silah satan ölkələr öz mənfəətləri naminə Azərbaycanın maraqlarını da müdafiə edəcəklər. Bundan əlavə, ölkəmiz təkcə Rusiyadan deyil, NATO ölkələri ilə hərbi -texniki əməkdaşlıq etməklə, Kremldən silah aslılığına son qoyacaq. Qeyd edim ki, Azərbaycanın maliyyə imkanları, bu ölkələrdən silah almağa kifayət qədər genişdir. Qafqaz regionunda Azərbaycanın silahlanması, gələcək perspektivdə nüdafiə qabiliyyətinin yüksəlməsinə gətirəcək. Amma, Qərb çalışacaq ki, Ermənistanla müharibə alovlanmasın, maksimum bu ölkəyə işğal olunmuş əraziləri boşaltmaq üçün təzyiq edəcək". Məhəmməd Əsədullazadə deyib ki, hazırda Birləşmiş Ştatlar başda olmaqla, Qərb ölkələri Ermənistanın yeni rəhbərliyindən bunu tələb edir: "Nikol Paşinyan Qərbin adamıdı, onların sözündən çıxacaqsa, Ermənistan Rusiyanın forpostu olacaq. Məhz Qərb silahları Azərbaycana satılmaqla Ermənistanın masa arxasına keçməsinə, münaqişədə kompromisə gəlməsinə səbəb olacaq. Ermənistan nə qədər çalışsa da Qərbdən maliyyə cəhətdən silah almağa imkanı olmayacaq. Qərb silah satmaqla bir növ Rusiyanın regionda mövqeyini zəiflədəcək. Qərbin, xüsusi ilə Birləşmiş Ştatların əsas pioritetlərindən biri Cənubi Qafazdı. Regionumuzda baş verənlər həlledici mərhələyə qədəm qoyacaq. Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün unikal şərait yaranacaq. Qərb də bu işdə bizi dəstəkləyəcək".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31