Rusiyanın “Qarabağ planı” yenə gündəmdə

Dağlıq Qarabağ probleminin həlli istiqamətində Rusiyanın diplomatik hərəkətliliyinin artdığı barədə fikirlər yenidən gündəmə gəlib. Düzdür, hələlik rəsmi səviyyələrdə bu hərəkətlilik müşahidə edilməsə də, lakin qeyri-rəsmi formada yenidən 5 rayon söhbəti gündəmin mövzusuna çevrilib.

Dağlıq Qarabağ probleminin həlli istiqamətində Rusiyanın diplomatik hərəkətliliyinin artdığı barədə fikirlər yenidən gündəmə gəlib. Düzdür, hələlik rəsmi səviyyələrdə bu hərəkətlilik müşahidə edilməsə də, lakin qeyri-rəsmi formada yenidən 5 rayon söhbəti gündəmin mövzusuna çevrilib. İddia olunur ki, Rusiya Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyana Azərbaycanın işğal olunmuş 5 rayonun geri qaytarılması ilə bağlı təzyiq göstərəcək. Belə bir situasiyanın baş vermə mümkünlüyünü azərbaycanlı millət vəkillərindən biri də yerli informasiya portallarından birinə verdiyi müsahibədə istisna etməyib. Bildirilib ki, bu, həqiqətən də belədir və Rusiyanın 5 rayonu qaytarması planına razılıq vermək üçün Nikol Paşinyana təzyiqlər olacaq. Daha çox "Rusiya planı" kimi təqdim edilən sənədə görə, 5 rayon qaytarılır, Azərbaycan Dağlıq Qarabağdakı hakimiyyətin aralıq statusunu tanıyır, kommunikasiya xətləri açılır. Laçın və Kəlbəcərin azad edilməsi ilə Qarabağın statusu isə gələcək nəsillərə qalır. Belə bir sülh planının həyata keçirilməsi üçün ola bilsin ki, tərəflərə, ələlxüsus da Nikol Paşinyana ciddi təzyiqlər olsun. Əgər Paşinyan buna müqavimət göstərsə, mümkündür ki, onun devrilməsi məsələsi gündəmə gəlsin.

Ancaq indiki situasiyada Rusiyanın Azərbaycanın işğal olunmuş 5 rayonunun  geri qaytarılması üçün Ermənistana təzyiq göstərəcəyinə inanmayanlar da var. Müstəqil ekspert Rövşən Məmmədli də hesab edir ki, hələlik Kremlin belə bir addım atacağı real görünmür. Digər tərəfdən ekspert hesab edir ki, hətta Rusiya sözügedən məsələ ilə bağlı Ermənistana təzyiq göstərsə belə və işğal altında olan 5 rayonumuz azad edilsə bu Azərbaycanın maraqlarına uyğun olmayacaq: "Burada söhbət nədən gedir,daha doğrusu Azərbaycan xalqının iradəsindən kənar Rusiyanın rəhbərliyi ilə tərəflər hansı danışıqlara gedir və nələrə razılaşırlar? .5 rayon qaytarılması söhbəti elə 25 ildir ortada idi. Ancaq Azərbaycan xalqı bununla razılaşmır, Dağlıq Qarabağda daxil olmaqla bütün işğal olunmuş ərazilərimizin qaytarılmasını tələb edir. Xalqımız 30 min şəhidi ona görə verib?  Yüz minlərlə soydaşımızın qanı ona görə axıb? Qarabağ torpaqlarında.26 ildir bir milyon qaçqın vətəndən kənarda yüz əzablarla ona görə yaşayıb ki, Qarabağ bütövlükdə özümüzə qaytarılsın. İndi 26 il ötdükdən sonra görünən odur ki, 5 rayon qaytarılsın, qalanlar da gələcək nəsillərin ixtiyarına buraxılsın. Azərbaycan xalqının iradəsindən kənar aparılan bu razılaşmada məqsəd odur ki. Rusiya öz torpaqlarımızın bir hissəsini özümüzə qaytarmaqla düşmən Ermənistanın yer aldığı, əslində onun istəyi ilə yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Azərbaycan da yer alsın". Rövşən Məmmədli deyib ki, indi Ermənistandan Laçın və Kəlbəcər asfalt yollarının nə üçün çəkildiyi bəlli olur: ""Rusiya planı" adlandırılan, əslində isə tərəflərin müzakirə predmeti olan bu "plana" görə Laçın və Kəlbəcər də Dağlıq Qarabağla birlikdə Ermənistana verilir. Adını da qoyurlar Dağlıq Qarabağa "aralıq statusu" . Əslində isə Ermənistan Dağlıq Qarabağı idarə edir, oradakı qondarma hökumət də formal bir şeydir. Dağlıq Qarabağa aralıq statusu verlən kimi bütün ermənipərəst dövlətlər Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq. Necə ki,biz nəsillər indi faktiki olaraq  İrəvan, Zəngəzur, Göyçə məsələsini həll etməkdən kənarda qaldığımız kimi, gələcək nəsillər də eyni problemlə üzləşəcək". Ekspert deyib ki, bir çoxlarının rəğbətlə yanaşdığı "Rusiya planına" qarşı dərhal qətiyyətli etirazlara başlamaq və düşmənin bu istəyini gözündə qoymaq lazımdır: "Bizim Azərbaycanımızın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlanan düşmən qurumuna heç bir ehtiyacımız yoxdur. Kollektiv Təhlükəsizlik Müqavilıəsi Təşkilatı bizim üçün düşmən tələsidir. Dağlıq Qarabağa aralıq statusu vermək elə onun müstəqilliyini tanımaq kimi bir şeydir. Dağlıq Qarabağa heç bir status verməyəcəyik. Necə digər Azərbaycan ərazilərində yaşayanlar kimi ermənilər də orada yaşayıb Azərbaycanın mərkəzi hakimiyyətinə tabe olacaqlar. Olmaq istəməyənə Gorus-İrəvan yolu açıqdır. Bütün xalq ayağa qalxıb düşmənə,.satqınlara yerlərini göstərməlidir.Bu "Rusiya planı" baş tutarsa bizim Qafqazda sonumuz gələcək. Göründüyü kimi  Azərbaycanın iki böyük rayonu, Laçın, Kəlbəcər kimi qeyrət papağı da Dağlıq Qarabağ adlandırdığımız tarixi ərazilərimizlə birlikdə ermənilərə "ərmağan" edilir,  Xalqın iradəsindən kənar heç bir Qarabağ razılaşmasına yol verilməyəcək. Dağliq Qarabağ məsələsi BMT-nin iştirakı ilə beynəlxalq hüquq müstəvisində həllini tapacaq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31