"Lissabon sammitinin yekun sənədində məhz Heydər Əliyevin tələb etdiyi prinsip öz əksini tapdı" - Ulu öndərin diplomatik məharəti
3 Dekabr 2018 18:34 Siyasət"Bu sənəddə Azərbaycanın ərazi bötövlüyünün təmin olunmasından, qaçqın və məcburi köçkünlərimizin öz doğma yurdlarına qaytarılması məsələlərindən söhbət gedirdi"
"1996-ci ilin 2-3 dekabr tarixlərində ATƏT-in Lissabon sammitində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair çox vacib bir sənəd qəbul edildi".
Bunu millət vəkili Elman Nəsirov söyləyib.
Parlamentarinin sözlərinə görə, bu sənədin qəbul edilməsi ulu öndər Heydər Əliyevin çox böyük diplomatik səyləri nəticəsində baş verib:
" ATƏT- bu və ya digər qətnamələrin qəbulunda konsensus prinsipi ilə hərəkət edir. Bu prinsiplərə görə, dövlətlərdən biri "yox" deyərsə, o sənəd heç bir halda qəbul edilmir. O zaman ulu öndər Heydər Əliyev çox böyük qətiyyət nümayiş etdirdi və ciddi cəhdlə bütün diplomatik mexanizmlərdən istifadə edərək o sənədin qəbul olunmasına nail oldu. Məsələ ondadır ki, yekun sənədin 20-ci maddəsi ilə bağlı çox ciddi fikir ayrılıqları vardı. Ermənistan "veto" hüququndan istifadə edərək çalışırdı ki, münaqişənin tənzimlənməsi ilə bağlı sənəddə Azərbaycanın ərazi bütövlüyünün təminatı məsələsi öz əksini tapmasın. Bu halda ümumilli lider Heydər Əliyev bildirdi ki, Azərbaycan heç bir halda Dağlıq Qarabağ məsələsində güzəştə getməyəcək.
Azərbaycanın dəyişməz, qətiyyətli mövqeyi var. Belə olan halda ATƏT-in o vaxtkı sədri kompromis variant təklif etdi. Bu variant yekun sənədlərə əlavə bəyanatında öz əksini tapdı. Lissabon sammitinin yekun sənədinə əlavədə isə məhz Heydər Əliyevin təkidlə tələb etdiyi prinsip öz əksini tapdı. Bu sənəddə Azərbaycanın ərazi bötövlüyünün təmin olunmasından, qaçqın və məcburi köçkünlərimizin öz doğma yurdlarına qaytarılması məsələlərindən söhbət gedirdi. Bir daha qeyd edirəm ki, bu uğura birbaşa ümumilli lider Heydər Əliyevin müstəsna fəaliyyəti və diplomatik məharəti sayəsində nail olundu".
E.Nəsirov onu da əlavə edib ki, Azərbaycan hazırkı Prezident cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq bu sahədə ciddi nalilyyətlərə imza atıb:
"İlk növbədə münaqişənin tənzimlənməsi ilə bağlı Azərbaycanın diplomatik üstünlüyü təmin edilib. Aprel hadisələri sübut etdi ki, Azərbnyacanın hərbi üstünlüyü də tam təmin edilib. Hazırda Ermənistandakı parlament seçkilərinin nəticələrini gözləyirik və təbii ki, 2019-cu ildən başlayaraq münaqişənin həlli prosesində yüksək səviyyəli danışıqların aparılması ehtimalı böyükdür. Azərbaycan dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, biz substantif-məzmunu üzrə danışıqların tərəfdarıyıq.
Danışıq üçün danışığa getmək niyyətimiz yoxdur. Bu dəyişilməz mövqedir və münaqişə yalnız Azərbnaycanın ərazi bütövlüyünün bərpası çərçivəsində həllini tapmalıdır. Bu, ali baş komandanın qətiyyətli mövqeyidir. Ona görə də biz 2019-cu ildə münaqişənin tənzimlənməsi prosesində yeni addımların şahidi olacağıq. Hər halda Azərbaycan hər gün güclənməkdədir. Ermənistanda isə hər gün ciddi siyasi, iqtisadi böhran dərinləşməkdədir".
Qeyd edək ki, 1996-cı il dekabrın 3-də ATƏT-in Lissabon sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə bəyanat qəbul olunub. Sammitin yekun sənədində münaqişənin nizamlanmasının üç prinsipini əks etdirən bənd yer alıb: "Azərbaycanın ərazi bütövlüyü bərpa edilir, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilir, bölgənin hər iki icmasının təhlükəsizliyi təmin olunur". Ermənistan konsensus prinsipindən sui-istifadə edərək həmin maddəyə razılıq verməyib. Ümummilli lider Heydər Əliyev cavab addımı olaraq bütövlükdə sammitin yekun sənədinə veto qoyacağını bildirib. Nəticədə kritik vəziyyətdən çıxış yolu kimi həmin müddəalar ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi bəyanatı şəklində qəbul edilib.
sherg.az