"Lissabon sammitində qəbul edilən qərar ulu öndərin prinsipiallığı nəticəsində mümkün olub" - Deputat

"Lissabon Sammiti beynəlxalq təşkilatların Azərbaycanla bağlı bu yöndə qəbul edəcəyi bir çox qərarlar üçün bünövrə rolunu oynadı".

Bunu  millət vəkili Millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, sammitdə qəbul edilən məlum qərar sadəcə olaraq hadisələrin axarı ilə meydana gəlməyib. Konkret olaraq o zamanki Prezident Heydər Əliyevin qətiyyəti və prinsipiallığı nəticəsində mümkün olub: 

"Ulu Öndər Azərbaycanla bağlı qərarın verilməyəcəyi təqdirdə yekun bəyannaməyə imza atmayacağını söylədi. Ümummilli liderin arqumentləri digər ölkələri də inandırdı. Sonradan dəfələrlə həm beynəlxalq vasitəçilər, həm münaqişənin həlli ilə bağlı məşğul olan ekspertlər Lissabon sammitinin məlum qərarına etinasız yanaşmağa cəhd etdilər. Lakin Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ATƏT-in Minsk qrupunun həmsədrləri institunu yaratmaq və məsələnin həllini dünyanın üç aparıcı dövlətin məsuliyyətinə çevirmək mümkün oldu. Azərbaycanın 2000-ci ildə Avropa Şurasına qəbul olunması, sosial xartiyanın imzalanması və sonradan atılan bir çox mühüm addımlar Azərbaycanın beynəlxalq mühitdə ciddi və müsbət reytinqini formalaşdırdı. Qətiyyətlə demək olar ki, Azərbaycanın Dağlıq Qarabağla bağlı beynəlxalq aləmdə qazandığı uğurların başlanğıcı məhz 1996-cı ilin dekabrında baş tutmuş Lissabon sammiti idi".

Qeyd edək ki, 1996-cı il dekabrın 3-də ATƏT-in Lissabon sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə bəyanat qəbul olunub. Sammitin yekun sənədində münaqişənin nizamlanmasının üç prinsipini əks etdirən bənd yer alıb: "Azərbaycanın ərazi bütövlüyü bərpa edilir, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilir, bölgənin hər iki icmasının təhlükəsizliyi təmin olunur". Ermənistan konsensus prinsipindən sui-istifadə edərək həmin maddəyə razılıq verməyib. Ümummilli lider Heydər Əliyev cavab addımı olaraq bütövlükdə sammitin yekun sənədinə veto qoyacağını bildirib. Nəticədə kritik vəziyyətdən çıxış yolu kimi həmin müddəalar ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi bəyanatı şəklində qəbul edilib.

sherg.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31