Rusiya hökuməti Ermənistan rəhbərliyindən narazıdır
3 Dekabr 2018 15:43 SiyasətVladimir Yevseyev: "Azərbaycanın hərbi gücü Ermənistandan daha üstündür"
Azərbaycan Ordusunun günü-gündən artan hərbi potensialı və qüdrəti Ermənistan tərəfinə məlumdur. Hətta o dərəcə məlumdur ki, Ermənistanın sabiq müdafiə naziri Vigen Sərkisyan xalqına müraciət edərək bildirib ki, "Qarabağdakı qardaşlarımızı və ordu rəhbərliyini seçkiqabağı mübarizəni bir anlıq unutmağa çağırıram. O, 12 gün sonra bitəcək və biz rəqibimizlə, onun çox güclü 100 minlik ordusu ilə üz-üzə qalacağıq".
"Burada Ermənistanın sabiq müdafiə naziri açıq-aydın Azərbaycan Ordusunun hərbi potensialından və gücündən bəhs edir. Bununla yanaşı İrəvanda Rusiya və Ermənistanın siyasi dairələrinin nümayəndələrinin iştirakı ilə keçirilən yeni yaradılmış "Lazarev klubu"nun ilk iclasında MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyevin çıxışı zamanı Azərbaycan Ordusunun hərbi potensial və qüdrəti baxımdan Ermənistan ordusundan nə dərəcə üstün olduğuna dair önəmli məqamlara toxunub. O, çıxışı zamanı Azərbaycanın hərbi gücünün istər kəmiyyət, istərsə də keyfiyyət baxımından Ermənistandan daha üstün olduğunu qeyd edib". Bu fikirləri Olaylar.az-a politoloq Ehtiram Aşırlı deyib.
V.Yevseyev məhz Rusiyanın Ermənistana verdiyi "İskəndər" əməliyyat-taktiki raket komplekslərinin bu ölkəni Azərbaycanın təhdidlərindən qoruduğunu xüsusilə diqqətə çatdırıb.
Politoloq qeyd edib ki, V.Yevseyevin belə bir fikirlə çıxış etməsinin arxasında duran bir neçə əhəmiyyətli səbəblər var: "Təbii ki, biz Yevseyevin belə bir fikirlə çıxış etməsini Rusiya hökumətinin Ermənistan rəhbərliyi ilə bağlı yaranmış narazılıqdan irəli gəldiyini ifadə edə bilərik. Çünki son zamanlar Ermənistanda Rusiya əleyhinə geniş təbliğatlar aparılır ki, bu da Moskvanı və orada yaşayan erməni lobbisini narahat etməyə bilməz. Xüsusilə bir məqamı diqqətinizə çatdırmaq istərdim ki, ABŞ-ın Los Anceles şəhərində keçirilən "Hayastan" ümumerməni fondunun illik telemarafonu zamanı Rusiyada yaşayan erməni lobbisi tərəfindən heç bir maliyyə yardımı dəstəyi göstərilmədi. Bir sözlə, V.Yevseyev öz çıxışıyla Rusiyanın təsir dairəsindən ayrılıb Qərbə meyl etmək istəyən hazırkı Ermənistan rəhbərliyinə xatırlatmağa çalışdı ki, bugünə qədər sizi Azərbaycan Ordusunun gücündən və təhdidlərindən qoruyan Rusiya idi, lakin siz Qərbə doğru getməyə davam etmək istəyirsizsə o zaman öz ölkənizin məhv olmasını izləyəcəksiniz".