"Ermənistanda səslənən bəyanatların hamısı yalandır"
3 Dekabr 2018 15:11 Siyasət"Ermənistan rəhbərliyi, o cümlədən bu ölkənin müxalifət partiyaları Qarabağ məsələsindən daim alver predmeti kimi istifadə edib. Məhz bu məsələ ilə bağlı səsləndirilən ittihamlar bunu açıq-aşkar şəkildə sübut edir". Bu fikirləri politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, hazırda Ermənistanda səslənən bəyanatların hamısı yalandır: "Çünki heç kəs Qarabağı Azərbaycana vermək niyyətində deyil. Nə Serj Sarkisyanın belə bir fikri olub, nə də Nikol Paşinyan hazırda bu barədə düşünür. Sadəcə olaraq, Sarkisyanın tərəfdarları bu gün belə bir fikir səsləndirirlər ki, guya Paşinyan Qarabağı satmaq istəyir. Eyni zamanda, Paşinyan da öz növbəsində, qarşı tərəfi məhz bu yöndə ittiham edir. Əslində isə bunu söyləməyə heç bir əsas yoxdur".
Politoloq söyləyib ki, düzdür, danışıqlar prosesində, xüsusilə də Vyana və Sank-Peterburqda rəsmi Bakı açıq şəkildə Ermənistanın qarşısına məsələ qoyaraq bəyan etmişdi ki, əgər siz aprel hadisələrinin təkrarlanmasını istəmirsinizsə, o zaman işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması barədə predmetli şəkildə düşünməlisiniz: "Bunun Minsk qrupu çərçivəsində rəsmiləşdirməyin mümkünlüyü da qeyd olunurdu".
Lakin Ermənistanın tamam başqa istiqamət götürdüyünü deyən İ. Vəlizadə qeyd edib ki, rəsmi İrəvan Qarabağ məsələsi ilə bağlı yalan məlumat verməklə ictimaiyyəti çaşdırmağa çalışır: "İrəvan Azərbaycan ərazilərinin qismən də olsa, bizə qaytarılmasını rəsmiləşdirmək yox, müxtəlif mövzuları ortaya atmaqla və beləliklə də bu məsələdən tədricən uzaqlaşmaq dəst-xətti görütüblər. Qeyd edim ki, vəziyyət məhz bu istiqamətdə gedirdi. Bir daha nəzərinizə çatdırım ki, Ermənistan rəhbərliyi heç vaxt Azərbaycan ərazilərini geri qaytarmaq fikrində olmayıb. Sadəcə, tərəflər bu cür yalanlar danışaraq Ermənistan daxilində ictimaiyyəti çaşdırmağa, siyasi divident əldə etməyə çalışır".
SİA