Əməkdaşlıq və dialoqu təşviq edən platforma

“Bakı Prosesi” dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışı təşviq edən xoşməramlı çağırışdır

"Bakı Prosesi" dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışı təşviq edən xoşməramlı çağırışdır

Müasir dünyaya bir sıra nümunələr əxz edən Azərbaycan müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair genişmiqyaslı tədbirlər keçirilməsi üçün ənənəvi məkana çevrilib. Etiraf edilməlidir ki, bunun  həm coğrafi, həm tarixi, həm də mədəni əsasları mövcuddur. Nəzərə almaq lazımdır ki, tarix boyu  Azərbaycanda müxtəlif xalqlar, dinlərin nümayəndələri  bir ailə kimi yaşayıblar, hazırda da birgəyaşayış ənənələrini dünyaya nümayiş etdirməkdədirlər. Prezident İlham Əliyevin dediyi kimi, ölkədə milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir: "Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir". Ancaq dünyada baş verən dini, etnik qarşıdurmalar Azərbaycan modelinin təbliğinə zərurət yaradır. Məhz bu kimi amillər nəzərə alınaraq Azərbaycan tərəfindən "Bakı Prosesi" təşəbbüsü irəli sürülüb. Xatırladaq ki, "Bakı Prosesi" Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülüb. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır. Beləliklə, 2008-ci ilin 2-3 dekabr tarixində təşkil olunan Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 islam ölkəsi dəvət edilib. İslam dövlətlərinin iştirakı ilə mədəniyyət nazirlərinin konfransı yeni bir formata transformasiya olunub. Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda "Mədəniyyətlərarası dialoqunun təşviqinə dair "Bakı Bəyannaməsi" qəbul edilib. "Bakı Bəyannaməsi" ilə sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı Prosesi"nin və bu prosesin inkişafına hədəflənmiş "Sənətçilər dialoq naminə" layihəsinin əsası qoyulub. "Bakı Prosesi"nin davamlılığını təmin etmək məqsədilə 2009-cu il 13-15 oktyabr tarixində Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI Konfransında Azərbaycanın təşəbbüsü ilə 10-dan çox Avropa dövləti də iştirak edib. Konfrans çərçivəsində iştirak edən Avropa Şurasına üzv dövlətlər ilə İslam Konfransı Təşkilatına üzv dövlətlər arasında mədəniyyətlərarası dialoqa dair birgə kommunike qəbul edilib.

Müxtəlif mədəniyyətlərin və qitələrin qovşağında yerləşən Azərbaycanın həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi "Bakı prosesi" çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və ona qonşu regionların hüdudları çərçivəsindən çıxarıb, daha qlobal səviyyəyə yüksəltməyə imkan verdi. Bu mənada "Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi"nin davamı olaraq, Prezident İlham Əliyevin dəstəyi ilə 2011-ci ilin aprelində Bakıda "Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu"nun (World Forum for Intercultural Dialogue) keçirilməsi təşəbbüsü irəli sürüldü. 2011-ci ilin 7-9 aprel tarixində Bakıda YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESKO-nun tərəfdaşlığı ilə 1-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunub. Foruma dünyanın 102 ölkəsindən rəsmi nümayəndə, 10-dan çox beynəlxalq qurumdan rəhbər şəxsi, 20 ölkədən nazir, eləcə də məşhur media qurumlarının nümayəndələri qatılıblar. Tədbirdə ümumilikdə dünyanın bütün qitələrindən 500-ə yaxın xarici ölkə təmsilçisi iştirak edib.

Prezident İlham Əliyev xarici tərəfdaşların və tədbir iştirakçılarının müraciətləri, ölkəmizin bu sahədə davamlı fəaliyyətinin təmin edilməsi məqsədilə Forumun hər iki ildə bir dəfə keçirilməsi ilə bağlı 2011-ci il mayın 27-də Fərman imzalayıb. Fərmana uyğun olaraq, ölkə başçısının himayəsi və iştirakı ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" şüarı altında 2013-cü ilin mayında Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Forumun əsas tərəfdaşları qismində yenə də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar iştirak ediblər.

"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu"nun ölkəmizdə təşkili İslam və Avropa mədəniyyətini özündə ehtiva edən Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ olunması, ölkəmizin nüfuzunun yüksəldilməsi və beynəlxalq proseslərdə əhəmiyyətinin artmasına, eləcə də Azərbaycanın qitələrarası və sivilizasiyalararası əməkdaşlıq məsələlərində çox mühüm dövlət kimi qəbul olunmasına, həmçinin, ölkəmizin dünya mədəniyyətinə inteqrasiyasına xidmət edir.

Qətiyyətlə demək olar ki, "Bakı Prosesi" ölkə başçısının dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışlı, əməkdaşlıq və dialoqu təşviq edən platforma və layihələri birləşdirən qlobal xoşməramlı çağırışıdır. "Bakı Prosesi" XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. Bu da onu deməyə əsas verir ki, dünyada etimadsızlıq mühitinin formalaşdığı bir zamanda Azərbaycan dünya üçün tolerantlıq nümunəsi verir, multikulturalizmi bir həyat normasına çevirir. Müxtəlif din və mədəniyyətlərin daşıyıcıları Azərbaycanda sabit şəraitdə, qarşılıqlı anlaşma əsasında, bir-birinə hörmət etməklə fəaliyyət göstərir. Bu, müxtəlif mədəniyyətlərin qovuşmasının deyil, toqquşmasının arzusunda olanlar üçün unikal bir çağırışdır.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31