Rusiyadakı erməni lobbisi Azərbaycana qarşı aktivləşib
Məqsəd Moskva ilə Bakı arasında ziddiyyət yaratmaqdır
3 Dekabr 2018 14:00 SiyasətMəqsəd Moskva ilə Bakı arasında ziddiyyət yaratmaqdır
Rusiya ilə Birləşmiş Ştatlar, Qərb arasında gedən regional savaş, ayrı-ayrı bölgələrə nəzarət etmək uğrunda aparılan mübarizə Cənubi Qafqaz regionuna da sirayət etməkdədir. İstər Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun bir müddət əvvəl Cənubi Qafqaza səfəri və regionun 3 ölkəsində keçirdiyi görüşlər, istər Kremlin regionda hərəkətliliyinin artması, istərsə də Gürcüstanda keçirilən son prezident seçkilərinin nəticələri bütün bunların fonunda baş verir. Ancaq hazırkı situasiyada daha çox Rusiyanın regionda aktiv rol oynadığı özünü büruzə verməkdədir. Çünki mövcud situasiyada şimal qonşumuzun region dövlətlərinə təsir imkanları daha genişdir və Rusiya da öz növbəsində bu təsir imkanlarından yetərincə istifadə edir. Maraqlısı odur ki, şimal qonşumuz öz növbəsində Azərbaycana qarşı da müəyyən zaman kəsiyində bu təsir imkanlarından istifadə edir. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, son aylar Rusiyanın Azərbaycana qarşı şübhəli hərəkətlərinin şahidi olmaqdayıq. Onun sözlərinə görə, Moskvanın bu siyasəti, birbaşa Ermənistana dəstək fonunda həyata keçirilir: "Baxmayaraq ki, Yerevanda yeni inqilab hökuməti Rusiyaya qarşı əks siyasət aparır. Məntiqlə düşündükdə, əslində Kreml Ermənistana qarşı müəyyən ölçülər götürməlidir. Amma, əksinə olaraq ölkəmiz əleyhinə açıq erməni təxribatına şərait yaradır. İnanmaq istərdik ki, bu, birbaşa Kremldə ən yüksək səviyyədə qəbul olunan qərar deyil. Amma hadisələrin inkişafı göstərir ki, bəzi məqamlarda Kreml də erməni lobbisinin müəyyən təsirlərinə məruz qalır. Rusiyada Kremlə yaxın dairələr Azərbaycanın əleyhinə və dövlət maraqlarımıza qarşı bəyanatlar irəli sürürlər. Bu iki ölkə arasınds qonşuluq əlaqələrinə və ikitərəfli müqavilələrə ziddidir. Birinci, Birləşmiş Ştatların Ermənistandakı keçmiş səfiri Milliz ötən ay Yerevanda işğal olunmuş ərazilərin qaytarılması barədə çıxışı Moskvada birmənalı qarşılanmadı. Rusiyadan Xarici İşlər Nazirliyi səviyyəsində buna etiraz edildi. İkinci, Qarabağdakı separatçıların sözdə lideri Bako Saakyan Moskvaya gedir, ölkəmiz əleyhinə mesajlar verir, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bunu qeyri-rəsmi səfər adlandırır, Azərbaycanın siyasi etirazını əsassız olduğunu qeyd edir. Üçüncü, ölkəmizin təhlükəsizliyini birbaşa təhdid edən açıqlama Yerevanda ötən gün "Lazarev klubunun" ilk iclasında Rusiya prezidenti Vladimir Putinin yaxın adamı kimi tanınan Vladimir Yevseyev tərəfindən səslənir və o, Azərbaycana dərs vermək üçün, "Bakını "İsgəndər" raketləri ilə vurmağı təklif edir. Göründüyü kimi, Azərbaycan və Rusiya prezidentlərinin sentyabr ayında görüşündə 21 sənədin imzalanması, "beş illik yol xəritəsinin" qəbul olunması, Rusiyada erməni libbisini hərəkətə gətirib, ölkəmiz əleyhinə Rusiyanın Xarici İşlər Nazirliyi səviyyəsində sabotajlar həyata keçirir. Hazırda Rusiya Xarici İşlər Nazirliyinin rəsmiləri Ermənistanın Azərbaycana qarşı işğalçı və informasiya siyasətinin ruporuna çevrilib".
Politoloq deyib ki, Qərbin Rusiyaya qarşı siyasətinin kəskinləşdiyi bir dönəmdə, həmçinin öz forpostu və satalleti olan Ermənistanın Moskvaya qarşı açıq şəkildə demarşları fonunda rəsmi Bakının Moskva ilə əlaqələri yüksək səviyyəyə qaldırmaq siyasətini Kreml dəhlizlərində görməzlikdən gəlirlər: "Hər vəchlə Azərbaycanın milli maraqlarına qarşı Ermınistana dəstək verirlər. Belə olan təqdirdə rəsmi Bakı, Rusiya ilə əlaqələri yenidən nəzərdən keçirməli, avrointeqrasiya kursunu davam etdirməli, Avropa İttifaqı ilə hərtərəfli saziş müqaviləsini bağlamalıdır. Biz görürük ki, Rusiya ilə nə qədər yaxınlaşma siyasəti aparsaq da, Moskva ölkəmizə qarşı öz ambissiyalarından çəkinmir. Hətta Azərbaycanı öz orbiti çərçivəsinə heç bir maraqlarımızı nəzərə almadan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmağa dəvət edir. Bir məsələni qeyd edim ki, Moskvanın əsas istəklərindən biri Azərbaycanın Xəzər dənizində neft-qaz yataqlarını işlənməsini Qərb şirkətləti ilə deyil, Rusiya şirkətləri ilə həyata keçirmək istəyidir. Zamanla buna nail olmağa çalışır. Göründüyü kimi şimal qonşumuzdan ölkəmizə təhdid riskiləri aktual olaraq qalmaqdadır".
Süleyman