Azərbaycanda demokratik seçki mühiti mövcuddur
Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə bağlı bir sıra prosedurlar başa çatıb. Belə ki, prezident seçkilərində seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti başa çatıb.
6 Aprel 2018 13:22 SiyasətPrezident seçkisi demokratik islahatların davamlı olduğunu təsdiq edəcək
Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə bağlı bir sıra prosedurlar başa çatıb. Belə ki, prezident seçkilərində seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti başa çatıb. Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, ərizələr seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək təqdim edilməlidir. Bundan əlavə yaşayış məntəqələrindən kənarda müstəsna hallarda seçki məntəqələrinin yaradılması da səsvermə gününə azı 5 gün qalanadək başa çatmalıdır. Həmçinin seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi proseduru da həmin müddətdə başa çatmalıdır. Rəsmi məlumata görə, artıq sadalanan prosedurlar seçki qanunvericiliyinə uyğun həyata keçirilib. Maraqqlıdır sadalanan faktlar ölkədə seçkilərin demokratik keçirilməsi üçün münbit şərait yaradırmı?
Millət vəkili, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov deyib ki, Azərbaycanda seçkiöncəsi mühit Seçki Məcəlləsinin tələblərinə uyğundur. Milli Məclisin deputatı prezidentliyə namizədlərə təbliğat-təşviqat kampaniyası aparmaq üçün bütün şəraitin yaradıldığını bildirib: "Namizədlər xüsusi ayrılmış yerlərdə seçicilərlə görüşə və öz platformalarını sərbəst şəkildə onlara çatdıra bilir, eləcə də mediada öz fikirlərini azad şəkildə ifadə edirlər. İndiyə qədər Seçki Məcəlləsinin tələblərinin pozulması halları baş verməyib. Namizədlərin heç bir şikayətinin olmaması da müşahidələrimdə haqlı olduğumu göstərir. Ölkədə demokratik seçki mühiti mövcuddur". Milli Məclisin deputatı Azərbaycanın müsbət seçki təcrübəsinin olduğunu vurğulayaraq deyib: "Azərbaycanın seçki qanunvericiliyi dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisədə demokratikliyi ilə seçilir. Misal üçün, ABŞ-ın seçki qanunvericiliyi Azərbaycanın seçki qanunvericiliyi ilə müqayisədə geridə qalır. Çünki ABŞ-da seçki sistemi iki pillədən ibarətdir, yəni seçici birbaşa namizədi seçmir. Azərbaycanda isə seçici birbaşa öz namizədinə səs verir. Azərbaycanın inkişaf etmiş seçki təcrübəsi var. Mən üçüncü dəfədir Milli Məclisə seçilirəm. İlk dəfə seçiləndə mövcud olan seçki qanunvericiliyində indiyə qədər demokratik dəyişikliklər edilib. Azərbaycan demokratikləşmə istiqamətində zəfər yolu keçib. Bu baxımdan, 11 aprel prezident seçkilərinin uğurla keçəcəyinə şübhə etmirəm. Seçicilərin fəallığının yüksək olması da təqdirəlayiq haldır". Konstitusiya Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev deyib ki, Azərbaycanda seçki qanunvericiliyi normaları bütövlükdə seçkinin demokratik və şəffaf keçirilməsinə imkan verir. O, bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanın beynəlxalq normalara uyğun olan Seçki Məcəlləsinə müsbət rəy verib: "Ümumilikdə Azərbaycanın əldə etdiyi təcrübə seçkinin demokratik və şəffaf keçiriləcəyinə zəmin yaradır. Azərbaycanda seçkinin texniki baxımından təşkili yüksək səviyyədədir. 1000-dən artıq veb-kameranın quraşdırılması da buna nümunədir. Ümumilikdə seçkilərin texniki təşkili onun demokratik və şəffaf keçirilməsi üçün ən mühüm amildir. Seçki prosesində indiyə qədər heç bir problem, yaxud maneələr qeydə alınmayıb". Ə.Nuriyev Azərbaycanın seçki təcrübəsinin bir çox ölkəni üstələdiyinə diqqət çəkib: "Şəffaflığın təmin olunması üçün veb-kameralar quraşdırılır, "Exit-poll"ar keçirilir, ictimaiyyət mütəmadi olaraq informasiya ilə təmin olunur, seminarlar, maarifləndirmə kursları təşkil olunur. Həmçinin yerli və beynəlxalq müşahidəçilərin seçki prosesini izləməsi üçün lazımi şərait yaradılır. Bu, hətta Avropanın bir çox ölkəsində yoxdur. Bəzi ölkələrdə seçkiləri icra hakimiyyətinin bir orqanı həyata keçirir. Misal üçün, Almaniyada seçkiləri Daxili İşlər Nazirliyi təşkil edir. Azərbaycanda isə seçkiləri Mərkəzi Seçki Komissyası keçirir. Bu, seçkinin demokratikliyi baxımından vacib amildir. Bəzi ölkələrdə isə müşahidəçilərin sayında məhdudiyyətlər mövcuddur. Azərbaycanda keçirilən istənilən seçki həm yerli, həm də beynəlxalq müşahidəçilərin üzünə açıqdır. Bu faktların siyahısını uzatmaq da olar. Bütün bunlar Azərbaycanın demokratik seçki təcrübəsinin nümunələridir". İnsan Hüquqları üzrə Beynəlxalq İşçi Qrupunun Azərbaycan təmsilçisi, hüquq müdafiəçisi Səadət Bənənyarlı qeyd edib ki, Azərbaycanda seçkiöncəsi mühit demokratik prinsiplərə uyğundur. Hüquq müdafiəçisi prezidentliyə namizədlərə bərabərhüquqlu rəqabət mühitinin yaradıldığına diqqət çəkib: "Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası aparması üçün yüksək şərait yaradılıb. Debatların təşkil olunması, namizədlərin öz platformalarını seçicilərə çatdıra bilməsi, seçicilərlə görüş üçün xüsusi yerlərin yaradılması demokratik seçki mühitinin olduğunun sübutudur".
Seçkiöncəsi mühitin kifayət qədər normal olduğunu deyən hüquq müdafiəçisi əlavə edib ki, 11 aprel prezident seçkilərinə hazırlıq prosesi qanun çərçivəsində həyata keçirilir. Hər bir seçicinin öz seçmini sərbəst şəkildə ifadə etməsi üçün şərait var. Xatırladaq ki, beynəlxalq ekspertlərin birmənalı rəyinə əsasən, Azərbaycanda mövcud olan Seçki Məcəlləsi seçkilər sahəsində bütün qanunvericilik normalarını özündə əks etdirir və Avropa standartlarına uyğun tərtib olunub. Sənəd ölkədə prezident, parlament və bələdiyyə seçkilərinin, həmçinin referendumun keçirilmə qaydalarını müəyyənləşdirir. Seçki Məcəlləsi eyni zamanda Mərkəzi Seçki Komissiyasının, eləcə də dairə və məntəqə seçki komissiyalarının təsisi və fəaliyyəti prinsiplərini də özündə əks etdirir. Əvvəlki qanunlarla müqayisədə hazırda qüvvədə olan Seçki Məcəlləsi şəffaf və demokratik seçkilərin keçirilməsi üçün daha möhkəm hüquqi bazisin yaradılması, namizədlərin qeydiyyatı, seçkilərə hazırlıq və seçki komissiyalarının formalaşdırılması, fəaliyyətinin təşkili prinsip və mexanizmlərinin təkmilləşdirilməsinə imkan yaradır. Xatırladaq ki, hələ 2003-cü il oktyabrın 15-də azad, demokratik və şəffaf şəraitdə keçirilmiş prezident seçkiləri Seçki Məcəlləsinin mütərəqqi və təkmil sənəd olduğunu bir daha təsdiqləyib. Hazırda da Azərbaycan Respublikası prezidentliyinə bütün namizədlərə öz seçki kampaniyalarını qanunamüvafiq şəkildə aparmaq üçün lazımi mühit və bərabər imkanlar yaradılıb. Odur ki, qətiyyətlə demək olar ki, 11 apreldə Azərbaycanda keçiriləcək prezident seçkiləri xalqın demokratik seçiminin dönməzliyini və ölkədə demokratik islahatların davamlılığına sadiqliyini bir daha sübut edəcək ki, bununla da demokratik cəmiyyət quruculuğunda daha bir mühüm irəliləyişə nail olunacaq.
Zəka