Azərbaycanın regional və beynəlxalq sabitliyə yönəlik təşəbbüsləri

Artıq bir neçə ildir ki, Azərbaycan regional və qlobal əhəmiyyətli məsələlərin müzakirə edildiyi bir məkana çevrilib. Hər il Bakıda müxtəlif sahələri əhatə edən forum və toplantıların keçirilməsi fonunda bunu aydın görmək mümkündür. Xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, Azərbaycanın irəli sürdüyü təşəbbüslər regional və beynəlxalq sülhə, qarşılıqlı anlaşmaya öz töhfəsini verir.

və VI Qlobal Bakı Forumu bu təşəbbüslərdən biri kimi

Artıq bir neçə ildir ki, Azərbaycan regional və qlobal əhəmiyyətli məsələlərin müzakirə edildiyi bir məkana çevrilib. Hər il Bakıda müxtəlif sahələri əhatə edən forum və toplantıların keçirilməsi fonunda bunu aydın görmək mümkündür. Xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, Azərbaycanın irəli sürdüyü təşəbbüslər regional və beynəlxalq sülhə, qarşılıqlı anlaşmaya öz töhfəsini verir. Humanitar, dinlərarası, mədəniyyətlərarası forum və toplantılar bir tərəfdən ölkəmizin regional sülhə və təhlükəsizliyə verdiyi töhfəni ortaya qoyursa, digər tərəfdən ölkəmizin həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında mühüm vasitə rolunu oynayır. Elə bu günlərdə Bakıda keçirilən VI Qlobal Forum da məhz bu məqsədlərə xidmət edirdi. Məlumat üçün qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutan VI Qlobal Bakı Forumunda Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak ediblər. Budəfəki forum daha çox regional münaqişələr, bu münaqişələr fonunda ayrı-ayrı ölkələr və coğrafiyalarda baş verən proseslər, onun mənfi fəsadları, eləcə də ondan çıxış yolları əsas müzakirə mövzusu olub. Bu mənada forumun panel iclaslarından birinin "Meydana çıxan yeni güclər" mövzusuna həsr olunması da təsadüfi deyildi. Etiraf etmək lazımdır ki, qlobal mənada yeni güclərin rolu, onların dünyanın super gücləri ilə münasibətləri, regionlardakı hadisələrə təsirləri günün vacib mövzularındandır. Ancaq bütün halda indiki situasiyada meydanda hansı güclərin olmasından asılı olmayaq onlar ilk növbədə əsas səylərini sabitliyin saxlanmasına yönəltməlidirlər. Necə ki, Azərbaycan günümüzdə regionda sülh və sabitliyin bərqərar olması, onun davamlı xarakter alması istiqamətində səylərinin durmadan davam etdirir. Baxmayaraq Azərbaycan ərazilərinin 20 faizi hələ də erməni işğalı altındadır və mənfur düşmən ərazilərimizi azad etmək niyyətində deyil, ancaq buna rəğmən rəsmi Bakı Dağlıq Qarabağ probleminin sülh, diplomatik yolla həllinə tərəfdardır və bu istiqamətdə təşəbbüslərini davam etdirir. Məhz bu mövqeyinə görə ölkəmiz Cənubi Qafqaz regonunda sabitlik tərəfdaşı olan bir dövlət kimi dəyərləndirirlir və Azərbaycanın regional sabitliyə verdiyi töhfə yüksək qiymətləndirilir.

***

Dağlıq Qarabağ problemindən söz düşmüşkən onu qeyd edə bilərik ki, VI Qlobal Bakı Forumu Dağlıq Qarabağ probleminin bir daha dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın mövqeyinin beynəlxalq aləmdə formalaşdırılması və təbliğ edilməsi baxımından da əhəmiyyətli toplantılardan hesab edilər bilər. Qeyd etdiyimiz kimi forumda indiki və keçmiş dövlət başçıları, baş nazirlər, nazirlər, ayrı-ayrı beynəlxalq təşkilatların təmsilçiləri daxil olmaqla 500-dən artıq nümayəndə iştirak edirdi ki, bu da öz-özlüyündə həmin saydan iki dəfə artıq insana ölkəmizin həqiqətlərinin, Dağlıq Qarabağ probleminin çatdırılması demək idi. Düzdür, bundan əvvəl keçirilən forum və toplantılar vasitəsilə Dağlıq Qarabağ problemi, ermənilərin Azərbaycan ərazilərinə təcavüzü barədə müntəzəm olaraq məlumat verilib, həmin tədbirlərin iştirakçıları problem barədə kifayət qədər məlumatlandırılıb. Ancaq ötən dövrdə münaqişə ətrafında gedən proseslər, onun hazırkı durumu, aparılan danışıqlar prosesinə yaradılan əngəllər barədə iştirakçıların məlumatlandırılması olduqca əhəmiyyətli idi. Elə bu zərurətin göstəricisi idi ki, VI Qlobal Bakı Forumunun panel iclaslarından biri məhz regional münaqişələr kontekstində Dağlıq Qarabağ probleminə həsr olunub.

"Çoxluqlar azlıqlara qarşı" mövzusunda keçirilən iclasda separatçı siyasətin məqsəd və nəticələri, etnik rəqabət, əraziyə yönəlmiş hakimiyyət siyasəti, səmərəli və müasir idarəetmə qaydalarına meydan oxuyan şiddətli güc mübadiləsi, qlobal siyasətdə hərtərəfli və ədalətli idarəetmə yolları, beynəlxalq ictimaiyyət tərəfindən təsdiq olunmaq üçün hansı dərslər öyrənilməlidir kimi mövzularda müzakirələr aparılıb. Latviyanın sabiq Prezidenti Valdis Zatlers bildirib ki, etimadsızlıq, müharibələr, münaqişələr, miqrant, qaçqın problemlərinin, ümumiyyətlə, dünyanı narahat edən məsələlərin həlli hazırkı dövrdə çox vacibdir. Bu məsələlərin həlli vasitələri daha geniş miqyasda müzakirə olunmalı, yollar tapılmalıdır. Biz öhdəmizə düşən hər bir məsələyə münasibət bildirməli, səylərimizi gücləndirməliyik.

Bu birmənalıdır ki, dünyada baş verən müharibələr, münaqişələr ciddi problemlər yaradır, insanlar həyatlarını itirirlər, yaşadıqları yerləri tərk etmək məcburiyyətində qalırlar. Bu cür mənfi halların olmaması üçün birgə addımların atılması vacibdir. Və bu baxımdan Bakıda keçirilən bu kimi müzakirələr olduqca əhəmiyyət kəsb edir. Eyni zamanda həmin toplantılar Dağlıq Qarabağ problemini də bir daha dünyanım diqqət mərkəzinə gətirir. Təsadüfi deyil ki, Bolqarıstanın keçmiş prezidenti Rosen Plevneliyev münaqişələrdən danışarkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunub. O qeyd edib ki, Azərbaycanın tam hüququ var ki, ölkəsinin ərazisinin 100 faizinə nəzarət etsin, amma təəssüflər olsun ki, hazırda yalnız 80 faizinə nəzarət edə bilir. Buna bütün dünya diqqət yetirməli, münasibət bildirməlidir. BMT və digər beynəlxalq təşkilatlar iradə nümayiş etdirməlidirlər. Əsas məsələ dayanıqlı sülh yaratmaqdır. Bunun üçünsə birgə səy göstərmək lazımdır. Bir sıra ölkələrdə müsəlmanlara qarşı ayrı-seçkilik var. Bu, düzgün deyil. Müsəlmanlara qarşı münasibət dəyişməlidir. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov panel iclasında "Millətlərin öz müqəddəratını təyinetmə və ərazi bütövlüyü prinsipləri: Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları beynəlxalq hüquq kontekstində" mövzusunda məruzə ilə çıxış edərək deyib ki, hazırda dünyada etnik separatizmin güclənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən əsas amillərdəndir. Azərbaycan Respublikası da iki yüz ildən çoxdur ki, ermənilərin etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalaraq onun doğurduğu qanlı faciələrdən və müharibədən əziyyət çəkir. Azərbaycana qarşı etnik soyqırımı siyasətinin bünövrəsi XIX əsrin əvvəllərində bəzi xarici geosiyasi qüvvələrin təsiri və dəstəyi ilə başqa dövlətlərin ərazisində yaşayan ermənilərin Azərbaycana köçürülməsi nəticəsində qoyulub. Ermənilərin azərbaycanlılara qarşı zaman-zaman genişmiqyaslı qanlı aksiyalar həyata keçirdiyini, dinc əhalini kütləvi qırğınlara məruz qoyduğunu vurğulayan Əli Həsənov xatırladıb ki, indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bununla kifayətlənməyən ermənilər Azərbaycanın qədim yaşayış məskəni olan Dağlıq Qarabağla bağlı ərazi iddiaları irəli sürməkdə davam edirlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, Xocalı soyqırımının qanlı nəticələri barədə məlumat verən Prezidentin köməkçisi deyib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan 20 ildən artıqdır ki, Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxlayır.

Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnamə və 7 bəyanat qəbul etdiyini diqqətə çatdıran Əli Həsənov deyib ki, bu sənədlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğalı olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması tələbi qoyulub. Lakin işğalçı dövlət BMT-nin və digər beynəlxalq qurumların tələblərini hələ də yerinə yetirmir. Ona görə ki, BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını təsdiqləsələr də, bu halı birmənalı formada pisləməkdən və beynəlxalq təsir mexanizmləri vasitəsilə işğalçı dövləti onların tələblərini yerinə yetirməyə məcbur etməkdən çəkinirlər. Bu isə münaqişənin uzanmasına səbəb olur. Əli Həsənov diqqətə çatdırıb ki, beynəlxalq hüquq baxımından milli azlıqların öz müqəddəratlarını təyin etməsi başqa dövlətlərin ərazi bütövlüyünü pozmaq və müstəqillik almaq formasında reallaşa bilməz. Çünki müstəqil dövlətin ərazisində neçə-neçə milli azlıqlar yaşayır və onlar belə bir hüquqa malik deyillər. Xalqların öz müqəddəratını təyinetmə ideyası beynəlxalq hüququn ərazi bütövlüyü prinsipini pozmağı və bu prinsiplə ziddiyyət təşkil etməyi inkar edir. Digər tərəfdən hər bir xalqa öz müqəddəratını istədiyi qədər təyinetmə hüququ verilərsə, müasir dünyada etnik separatizm qarşısıalınmaz prosesə çevrilər və əksər ölkələrdə saysız-hesabsız etnik münaqişələr, müharibələr baş verər. Hətta bu gün ikili standartlar siyasəti aparan polietnik dövlətlərin özləri belə dəhşətli etnik separatizm dalğasına məruz qala bilər.

Bir dövlətin beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlətin yaradılması və bu məqsədə nail olmaq üçün milli, etnik zəmində parçalanmaya əl atılması yolverilməzdir. Ermənilərin etnik separatizmə bəraət qazandırmaları üçün öz müqəddəratını təyinetmə prinsipini bəhanə gətirməsi BMT-nin Nizamnaməsində və ATƏT-in Helsinki Yekun Aktında əksini tapmış prinsiplərə ziddir. Nəzərə alınmalıdır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər ölkəmizdəki milli azlıqlardan biridir və onların ərazi iddiaları irəli sürməsi beynəlxalq hüququn normalarına uyğun deyil. Bu məsələdə Azərbaycanın mövqeyi ondan ibarətdir ki, azərbaycanlılar Dağlıq Qarabağa, öz əzəli torpaqlarına geri dönməli, ermənilər isə onlarla birlikdə həmin ərazidə yaşamalıdırlar. Prezidentin köməkçisi çıxışının sonunda deyib ki, Azərbaycan dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdar edərək, təsirli tədbirlər görməyə və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır: "Hesab edirik ki, təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəlmiş səyləri nəticəsiz qalacaq, etnik münaqişələrin miqyası getdikcə daha da genişlənəcək. Bu da bəşəriyyətin arzu etdiyi dinc dünya nizamı üçün son dərəcə təhlükəli olacaq".

Göründüyü kimi Azərbaycan bu və ya digər beynəlxalq əhəmiyyətli forumlar, müzakirələrə evsahibliyi etməklə həm beynəlxalq və regional sabitliyə öz töhfəsini verir, həm də üzləşdiyi problemləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmağa nail olur. Həm də bu cür tədbirlər ölkəmizdəki tolerantlıq, dini dözümlülük, mədəniyyətimiz, adət-ənənələrimiz, fikir, söz azadlığı, plüralizmin mövcudluğu barədə beynəlxalq aləmdə bir daha aydın təsəvvür yaradır.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31