Azərbaycanın geosiyasi əhəmiyyəti artır
Azərbaycan Respublikası beynəlxalq təşkilatların işində fəal iştirak edərək milli maraqlarını qlobal siyasətdə müdafiə etməklə üzləşdiyi təhlükəsizlik problemlərinə tərəfdaş dövlətlərin diqqətini cəlb edir. Müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda balanslaşdırılımş xarici siyasət xətti yürüdən rəsmi Bakı bütün beynəlxalq və regional məsələlərə münasibətdə beynəlxalq norma və prinsiplərə əsaslanaraq ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir.
31 Yanvar 2018 15:41 SiyasətBeynəlxalq təşkilatlar ölkəmizə regionun lider dövləti kimi yanaşırlar
Azərbaycan Respublikası beynəlxalq təşkilatların işində fəal iştirak edərək milli maraqlarını qlobal siyasətdə müdafiə etməklə üzləşdiyi təhlükəsizlik problemlərinə tərəfdaş dövlətlərin diqqətini cəlb edir. Müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda balanslaşdırılımş xarici siyasət xətti yürüdən rəsmi Bakı bütün beynəlxalq və regional məsələlərə münasibətdə beynəlxalq norma və prinsiplərə əsaslanaraq ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Azərbaycanın belə əməkdaşlığın inkişafına böyük önəm verdiyi nüfuzlu təşkilatlardan biri də Avropa İttifaqıdır (Aİ). Xatırladaq ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlıq çərçivəsində müztəlif layihələr həyata keçirir. Belə layihələrdən biri "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) potensialının gücləndirilməsinə dəstək" adlı tvinning layihəsidir ki, artıq sözgüedəl lahihə başa çatmaq üzrədir. Təsadüfi deyil ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, Avropa İttifaqı və Azərbaycan əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur: "Biz yeni saziş üzərində işləyirik və bu saziş bizim gələcək əməkdaşlığın əsasını təşkil edəcək". Layihənin Aİ və Ombudsman Aparatı arasında həyata keçirilən ilk layihə olmadığını söyləyən K. Yankauskas bildirib ki, Aİ layihənin həyata keçirilməsinə 1,3 milyon avro vəsait ayırıb: "Ümid edirəm ki, bu layihənin sayəsində ombudsman ofisi daha geniş potensiala malik olacaq. Layihə çərçivəsində uşaqlar, əlilliyi olan insanlar, yaşlı insanlara dair strategiyalar, informasiyanın idarə olunmasına dair müasir sistem planı hazırlanıb". Səfir deyib ki, demokratiya, qanunun aliliyi, insan hüquqlarının müdafiəsi Avropa İttifaqının sadiq olduğu dəyərlərdir: "Ümid edirəm ki, bu dəyərlər Azərbaycan və Aİ arasında imzalanacaq yeni sənəddə öz əksini tapacaq və həmin amillər də ombudsman, eləcə də digər institutların işində əsas dəyərə çevriləcək". Maraqlıdır, Aİ ilə Azərbaycan arasında əməkdaşlıq hansı səviyyədədir və ölkəmiz bu təşkilatla hansı sahədə əməkdaşlıq edir?
Əvvala qeyd edək ki, Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməkdir. Avropa İttifaqı tərəfindən irəli sürülmüş Vahid Avropa Birliyi formulu Azərbaycan üçün çox önəmlidir. Bu model region dövlətlərlə nüfuzlu qurum arasında əməkdaşlığın ən müxtəlif istiqamətlərdə möhkəmləndirilməsinə yönəlib. Təşkilatla 1993-cü ildə əsası qoyulmuş diplomatik münasibətlər qarşılıqlı maraqlar əsasında yüksələn xətlə inkişaf etməkdədir. Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Rəsmi Bakı Avropa İttifaqı ilə bir sıra hüquqi sazişlər imzalamaqla azad bazar iqtisadiyyatının tam bərqərar olması, insan hüquqlarına və milli azlıqların hüquqlarına riayət edilməsi məsələlərinə dair təşkilata nəzarət-yoxlama səlahiyyətləri vermiş, əvəzində qurumdan ölkəmizə qarşı hər hansı diskriminasiya xarakterli qərarın qəbul olunmayacağına təminat alıb. 1996-cı ildə Azərbaycan və Avropa İttifaqı arasında "Tərəfdaşlıq və əməkdaşlıq haqqında" sazişin imzalanması ikitərəfli münasibətlərin hüquqi bazasının formalaşdırılması baxımından vacib əhəmiyyət daşıyıb. Saziş çərçivəsində Avropa Birliyinin Azərbaycanda bazar münasibətlərinin inkişaf etdirilməsi məqsədilə bəzi struktur islahatlarının aparılmasına, özəlləşdirmə proqramına, infrastruktur layihələrinin reallaşmasına maddi və texniki yardımları nəzərdə tutulub. Təkcə bu proqram çərçivəsində birlik Azərbaycana 100 milyon avrodan çox vəsait ayırıb. Həmin sazişin bəzi maddələri Azərbaycan Respublikasının Milli Məclisi ilə Avropa Parlamenti arasında əməkdaşlığı nəzərdə tutur və ötən müddətdə bu sahədə də uğurlu işlər görülüb. Tərəflər Parlament Əməkdaşlığı Komitəsinin yaradılması və fəaliyyət mexanizmləri barədə də razılığa gəliblər. Qeyd edək ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin təyin olunması və Cənubi Qafqaz ölkələri ilə yeni qonşuluq proqramı təşkilatın regiona ciddi maraq göstərdiyini bir daha təsdiqləyir. Avropa İttifaqı Azərbaycana regionun lider dövləti kimi yanaşır və respublikamızda həyata keçirilən iqtisadi-siyasi və hüquqi islahatları yüksək qiymətləndirir. Cənubi Qafqaz və Orta Asiya regionunun iqtisadi yüksəlişi bilavasitə Azərbaycanla bağlı olduğundan təşkilata üzv dövlətlər ölkənin geosiyasi əhəmiyyətini və rolunu düzgün dəyərləndirməyə çalışırlar. Təsadüfi deyil ki, Avropa İttifaqının 2004-cü ildən həyata keçirdiyi "Yeni qonşuluq siyasəti" proqramının aparıcı qollarından birini də məhz respublikamızla birgə iqtisadi layihələrin reallaşdırılması təşkil edir. Proqramın uğurla icra olunması üçün Avropa İttifaqı tərəfindən 225 milyon avro məbləğində vəsait ayrılıb. Azərbaycan bu proqram çərçivəsində Avropa İttifaqı ilə iqtisadi, siyasi, hüquqi və inzibati islahatları həyata keçirmək imkanı qazanır, bu məqsədlə təşkilatın texniki-maliyyə dəstəyini alır. Ölkəmiz "Yeni qonşuluq siyasəti" proqramı çərçivəsində təşkilatdan onun daxili bazarlarına çıxış kvotası, işçi, əmtəə, xidmət, investisiya-kapital resurslarının sərbəst dövriyyə imkanını əldə edir. Bundan əlavə, yeni proqram çərçivəsində əməkdaşlıq Azərbaycana Avropa ölkələri ilə qarşılıqlı iqtisadi əlaqələrin qurulması, güzəştli ticarət və kredit rejiminin yaradılması, əmək, bazar münasibətləri və miqrasiya, narkobiznes və mütəşəkkil cinayətkarlıqla mübarizə, investisiyaların təşviqi, yeni maliyyə mənbələrinin cəlb edilməsi imkanlarını genişləndirir. 2004-cü ilin mayında imzalanmış "Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında" saziş ikitərəfli əlaqələrin daha da dərinləşməsi, ölkəmizin iqtisadi cəhətdən inkişaf etmiş Avropa məkanına inteqrasiyasının sürətlənməsi, regional əhəmiyyətli müştərək layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Əvvəllər Azərbaycanla üç Qafqaz respublikasından biri kimi əlaqələr quran Avropa İttifaqı bu sazişlə ikitərəfli əməkdaşlığın gücləndirilməsi niyyətini ortaya qoyub. Bundan başqa, 2006-cı il 14 noyabr tarixdə Avropanın "Yeni qonşuluq siyasəti üzrə fəaliyyət planı" təsdiq edilib, ölkələrin ərazi bütövlüyü ilə bağlı prinsiplər dəstəklənib. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edir. Avropa İttifaqı 2007-2013-cü illəri əhatə edən yeni qonşuluq siyasəti üzrə fəaliyyət planı üçün büdcəsindən 11 milyard 181 milyon avro dəyərində vəsait ayırıb. Bu vəsait Avropa İttifaqının qonşu dövlətlərlə qarşılıqlı əməkdaşlığı möhkəmlətmək üçün milli və beynəlxalq proqramların həyata keçirilməsinə sərf edilib. Sənəddə Avropa qonşuluq siyasətinin əsas istiqamətləri - iqtisadi inteqrasiya, mütəmadi siyasi və mədəni əlaqələr, eləcə də sərhəd əməkdaşlığı nəzərdə tutulub. Avropa qonşuluq siyasəti ölkələrin Avropaya iqtisadi inteqrasiyasını təmin edən proqramdır. Hazırda da Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələsi uğurla davam etdirilir.
Nurlan