Minsk Qrupunun fəaliyyəti səmərəsizdir
Elşən Musayev: “BMT də öz qətnamələrinə sahib çıxa bilmir” Beynəlxalq birliyin, ATƏT-in Minsk qrupunun “səylərinə”, keçirilən danışıqlar və görüşlərə baxmayaraq Dağlıq Qarabağ problemini hələ də həll etmək qeyri-mümkün olaraq qalır. İşğalçı Ermənistanın bir qayda olaraq nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe isə hər ötən gün regionda müharibə riskini artırır.
29 Noyabr 2016 15:20 SiyasətElşən Musayev: "BMT də öz qətnamələrinə sahib çıxa bilmir"
Beynəlxalq birliyin, ATƏT-in Minsk qrupunun "səylərinə", keçirilən danışıqlar və görüşlərə baxmayaraq Dağlıq Qarabağ problemini hələ də həll etmək qeyri-mümkün olaraq qalır. İşğalçı Ermənistanın bir qayda olaraq nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe isə hər ötən gün regionda müharibə riskini artırır. Elə millət vəkili Elşən Musayev də bu qənaətdədir. O, bildirib ki, Qarabağ mövzusu dünyanı deyil, Azərbaycanı narahat edən mövzudur və çox təəssüf ki, demokratiyadan, insan haqlarından, beynəlxalq hüququn ana prinsiplərindən danışan beynəlxalq təşkilatlar bu problemin çözümündə bizlərə yetərincə dəstək olmurlar: "Bu məsələdə heç maraqlı da deyillər. Niyə? Çünki, qlobal dünyada ikili standartlar mövcuddur və beş tirəli oyunlar gedir. O təşkilatların bəziləri isə hətta lobbi əsirləridir. Nə mövqelərində, nə də icraatlarında gözlənilən qətiyyət yoxdur. ATƏT-in Minsk Qrupunun fəaliyyəti də səmərəsizdir. BMT də öz qətnamələrinə sahib çıxa bilmir. Avropa Şurası da şablon ritorikadan o yana keçmir. Belə olduğunda isə məsələnin həlli uzanır. Hərgah, Azərbaycan tərəfi dünyaya bütün vasitələrlə əyani şəkildə sübut edib ki, haqlı olan tərəf bizik. İşğalçı, qəsbkar isə Ermənistan. Əgər ədalət anlayışı bəşəriyyət üçün hələ də keçərlidirsə, prioritetdirsə, o zaman torpaqlarımız qeyd-şərtsiz qayıtmalıdır. Yəni Qarabağın işğalçı qüvvələrdən azad edilməsindən gözəl ədalət ola bilməz. Yox əgər bu məntiqin tərsi olacaqsa, diplomatik həll variantları tükünəcəksə, o zaman hərbi yola əl atmaqdan başqa çarə qalmayacaq". Millət vəkili onu da qeyd edib ki,
ATƏT-in Minsk Qrupunun fəaliyyəti fəaliyyətsizliyə bərabər bir şeydir: "Çünki bu Qrupda təmsil olunan dövlətlərin özləri ortalığa yekdil mövqe qoya bilmirlər. Ortalıqda xristian faktorundan tutmuş, digər siyasi maraqlara qədər bir çox səbəb toplusu var. Əsl səbəb isə özlərini kiminsə yanında pis etməmək istəyidir. Ona görə də problemin həllini uzada bildikləri qədər uzadırlar. Sadəcə məsələ burasındadır ki, Azərbaycan tərəfinin aprel döyüşlərindəki uğurları ATƏT-in də diqqətindən yan keçməyib və sanki bütün beynəlxalq təşkilatlar kimi onlar da qəflət yuxusundan ayılıblar. Üstəlik, mövzunun həlli ilə bağlı gecikdiklərinin fərqinə varıblar. Ona görə də təyinatı barışdırıcı və vasitəçi missiya həyata keçirmək olan Minsk qrupu aprel döyüşlərindən sonra nəzərə çarpacaq qədər aktivləşib. Amma yenə də şablon şəkildə. Çünki, real iş görmək əzmində olan təsisat separat - işğalçı hakimiyyətlə dialoqa, hansısa danışıqlara getməz. Ya da Ceyms Uorlik kimi protokol xarakterli bəyənatlar verməz. Mövzu sərt şəkildə qabardılmalı, Ermənistana qarşı ardıcıl sanksiyalar tətbiq olunmalıdır. Bütün bunlar edilmədiyi sürəcdə yekuna, sülhə varmaq çətin olacaq". Elşən Musayev onu da qeyd edib ki, coğrafi mövqeyimiz hər zaman ətrafda gedən siyasi və iqtisadi təlatümlərə şahidlik məcburiyyəti yaradıb: "Yəni, Liderimiz və xalqın iradəsi sayəsində bir çox təhlükələri adlasaq da, məlum prosesləri görməzdən keçə bilməmişik. Yəqin hər kəs razılaşar ki, bölgədə Azərbaycan adlı dövlət olmasaydı vəziyyət daha kritik rəng alardı. Ələlxüsus da vasitəçilik və təhlükəsizlik baxımından ölkəmizin oynadığı rol danılmazdır. Məsələn, elə ən yaxın tarixə ekskurs edək: Rusiya ilə Türkiyə arasında ciddi diplomatik gənginlik yaşandığında Azərbaycan məsələyə əl qoymasaydı, durum hansı hala, hansı mərhələyə qədər irəliləyərdi, bunu təsəvvür etmək belə çətindir. Ya da olsun İran və Amerika, Rusiya - Gürcüstan, Rusiya- Avropa İttifaqı kritikası. Hamısının həllində və ya ən azından bu kritikaların yumşalmasında dövlətimizin rolu var. Məsələ burasındadır ki, Azərbaycan qonşu, sərhəd dövlətlərin marağını əsla və əsla güdaza verməyib. Əksinə, hər zaman o maraqları qoruyub. Bir tək Ermənistan istisnası ilə. Onun da səbəbi aydındır. Hətta beynəlxalq layihələrin (neft-qaz) məqsəd fabulasında belə iqtisadiyyatla bərabər siyasi stimullaşdırma mexanizmi qabarıq şəkildə görünür. O anlamda ki, dövlətlərin ümumi təhlükəsizlik marağı olsun və bölgədə sabitlik pozulmasın. Bu səbəbdən Azərbaycan regionun lideridir. Həmin liderliyə isə ölkəmiz düzgün yürüdülən siyasətlə yüksəlib".
Məhəmməd