Minsk-Bakı strateji tərəfdaşlığı yeni mərhələdə
Azərbaycan-Belarus əlaqələrinin yaxınlığı Ermənistanın narahatlığını artırır Son illərdə Azərbaycanla daha sıx münasibətlər quran, müxtəlif sahələrdə ölkəmizlə əlaqələri inkişaf etdirən postsovet respublikalarından biri də Belarusdur. Etiraf etmək lazımdır ki, son on il ərzində Bakı-Minsk münasibətləri xeyli dərəcədə inkişaf edib. Müəyyən zaman kəsiyində baş tutan qarşılıqlı rəsmi səfərlər ölkələr arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verib.
29 Noyabr 2016 14:06 SiyasətAzərbaycan-Belarus əlaqələrinin yaxınlığı Ermənistanın narahatlığını artırır
Son illərdə Azərbaycanla daha sıx münasibətlər quran, müxtəlif sahələrdə ölkəmizlə əlaqələri inkişaf etdirən postsovet respublikalarından biri də Belarusdur. Etiraf etmək lazımdır ki, son on il ərzində Bakı-Minsk münasibətləri xeyli dərəcədə inkişaf edib. Müəyyən zaman kəsiyində baş tutan qarşılıqlı rəsmi səfərlər ölkələr arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verib.
Ötən gün Azərbaycana səfərə gələn Belarus prezidenti Aleksandr Lukaşenko bu səfəri ilə Bakı-Minsk münasibətlərində yeni bir mərhələnin başlanğıcını qoymuş oldu. Təsadüfi deyil ki, elə belaruslu həmkarı ilə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də eyni fikiri səsləndirib. Dövlət başçısı bildirib ki, Belarus prezidentinin Azərbaycana səfəri ölkələrimiz arasında münasibətlərin inkişafı və möhkəmləndirilməsi istiqamətində mühüm hadisədir. Azərbaycan Prezidenti qeyd edib ki, Belarus tərəfinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tutduğu mövqeyə görə çox minnətdarıq: "Belarus həmişə qanunun aliliyinin, beynəlxalq hüququn və beynəlxalq təşkilatların qərar və qətnamələrinin yerinə yetirilməsinin tərəfdarıdır. Biz qətiyyətlə əməkdaşlıq potensialının gücləndirilməsi niyyətindəyik. Biz beynəlxalq qurumlarda bir-birimizi fəal dəstəkləyirik. Bizim ölkələrimiz arasında qarşılıqlı dəstək artıq reallıqdır və sanki avtomatik rejimdə həyata keçirilir. Bizim ya Belarusun, ya da Azərbaycanın üzv olmadığı təşkilatlarda həmişə bir-birimizi dəstəkləməyimiz, söz deməyimiz xüsusilə dəyərlidir. Bu, xüsusilə əhəmiyyətlidir. Çünki əgər sən hər hansı təşkilatın üzvüsənsə, iclaslarında iştirak edirsənsə, həmişə yalana, böhtana, ədalətsizliyə cavab verə bilərsən. Lakin Belarus Azərbaycanın iştirak etmədiyi bəzi təşkilatların üzvüdür, həmçinin biz Belarusun iştirak etmədiyi bəzi təşkilatların üzvüyük. Ancaq bilirik ki, əgər bu qurumlar çərçivəsində ölkələrimizə qarşı əsassız hücum cəhdləri olarsa, biz həmişə öz prinsipial mövqeyimizi bildirəcəyik. Bu, çox dəyərlidir. Düşünürəm ki, burada iştirak edənlər mənim nə barədə danışdığımı bilirlər. Biz əməkdaşlığın bu səviyyəsini qiymətləndiririk. Bizim aramızda qarşılıqlı hörmətə, rəğbətə, əməkdaşlığa və dəstəyə əsaslanan nadir münasibətlər yaranıb. Bugünkü danışıqlar və fikir mübadilələri bir daha bizim münasibətlərin əsas dəyərini sübut etdi".
Belaruz Prezident Aleksandr Lukaşenko isə deyib ki, Belarus-Azərbaycan münasibətlərinin yaranmasından 20 ildən çox keçir. Belə münasibətlər qurmaq asan məsələ deyil: "Buna görə biz onları qiymətləndiririk, onları qorumalıyıq. Bizim münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Bizim kimi münasibətləri olan dövlətlər çox deyil". Lukaşenko da qeyd edib ki, Bakıda keçirdiyi görüş bizim əməkdaşlığımızın yeni konkret istiqamətlərini müəyyənləşdirməyə imkan verdi. Qeyd edək ki, Aleksandr Lukaşenkonun səfəri çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən sazişlər, eləcə də Azərbaycan və Belarus Prezidentinin Birgə Bəyanatı imzalanıb.
Bəs görəsən ekspertlərin Belarus prezidentinin Azərbaycana səfərindən gözləntiləri nədən ibarətdir?
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə səfəri çərçivəsində imzalanan siyasi-iqtisadi əməkdaşlıq sahəsində müqavilələr, iki ölkə arasında iki tərəfliəlaqələri daha da möhkəmləndirəcək. Onun sözlərinə görə, Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və növbəti ildən sədrlik postunu öz üzərinə götürəcək: "Ermənistanla KTMT -da müttəfiq olan Belarusun Azərbaycanla hərbi əlaqlərinin inkişafı, Ermənistanın narahatlığını artırmaqdadır. Çünki Azərbaycan Belarusda istehsal olunan raket sistemlərinin alınmasında maraqlıdır. Rusiyanın Ermənistana verdiyi "İsgəndər-M"raketlərinin, Belarusun istehsal etdiyi "Polozen" raket sistemi ilə cüzi fərqi var. Belarus "İsgəndər" raketlərinin TTK-sı ilə öz milli raketlərini istehsal etməkdədir . Azərbaycanın belə bir raketlərə sahib olması gündəmdədir. Hətta Belarusdan bu, raket sistemlərinin alınması danışıqlar predmeti olub. Həmçinin Belarusla birgə bu, raketlərin istehsalı məsələsinə də toxunulub. Yaxın zamanlarda birgə istehsal barədə razılıq da əldə olunacaq". Politoloq bildirib ki, Azərbaycana daima isti münasibət sərgiləyən Aleksandr Lukaşenkonun Azərbaycanın istəklərinə yox deməyəcəyi təbiidir: "Belarus da Azərbaycanla hərbi əməkdaşlıqda maraqlıdır və indiki maliyyə çətinliyində Belarusun silah bazarında Azərbaycan kimi silah alışına milyonlar xərcləyən bir dövlətlə əlaqləri iqtisadi baxımından sərfəlidir. Həm də bu, iki ölkənin strateji tərəfdaşllığıdır. Azərbaycan Belarus istehsalı "Polonez" raketlərini bir müddətdən sonra hərbi təlimlərə çıxartmaqla, Ermənistanın "İsgəndər" raketlərinə mesajı olacaq. Həmçinin Azərbaycan bununla KTMT çərçivəsində,Ermənistanın müttəfiqini neytrallaşdırır".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Belarus prezidenti Aleksandr Lukaşenkoya yeni bazarlar lazımdır: "Fikrimcə, Belarus prezidentinin Azərbaycana gəlişi bununla bağlıdır. Digər tərəfdən Belarusla Azərbaycan arasında ortaq müəssisələrin yaradılması aktual mövzulardan biridir. Məsələn, Belarusun ağartı məhsulları keyfiyyətlidir. Mikayıl Müşfiqin heykəlinin yaxınlğında Belarus məhsulları satan dükan var. Necə nəfər tanıyıram ki, ağartı və digər ərzaq məhsullarını həmin yerdən alır. Qiymət də münasibdir". Politoloq onu da deyib ki, Lukaşenko Rusiyadan narazıdır.
Baxmayaraq ki, iki dövlət müttəfiq sayılırlar və Avrasiya İqtisadi Birliyi adında ortaq bazarları var: "Ancaq Minsk narazıdır. Lukaşenko haqlı olaraq deyir ki, bu necə müttəfiqlik və ortaq bazardır ki, Belarus məhsullarını Rusiya bazarına buraxmırlar. Lukaşenko ona eyham vurur ki, Rusiya Belarusun yeyinti məhsullarının yüksək keyfiyyətindən və aşağı qiymətindən çəkinir. Belarus mallarını Avropaya da çıxış imkanları yoxdur. Ona görə də Lukaşenko məcbur qalıb kiçik bazarlar axtarışına çıxıb".
Süleyman