Vyana görüşündən gözləntilər nədir?

Həmsədrlər münaqişəni uzatmağa çalışırlar

4 günlük aprel döyüşlərindən sonra Azərbaycan və Ermənistan prezidentləri ilk dəfə bir araya gəldi. Avstriyanın paytaxtı Vyanada baş tutan görüşə ümidlər böyük olsa da, lakin nəticə etibarilə Vyanada problemin həlli ilə bağlı müsbət addımn atılmadı. Ancaq bütün halda aprel hadisələrindən sonra tərəflərin danışıqlar masası ətrafında görüşməsi müsbət qiymələndirildi. Bəs görəsən bundan sonrakı müddətdə gözləntilər nədən ibarətdir?

Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevin sözlərinə grə, Vyana danışıqlarında olan gedişatdan bu nəticəyə gəlmək olar ki, həmsədrlər xüsusilə də, Rusiya problemi 1994-1995-ci illərdə formalaşmış vəziyyətə qaytarmaqla münaqişənin həllini uzatmağa çalışırlar: "Hansı ki , bu Ermənistanı və Rusiyanı qane edir. Keçən ay Rusiya baş naziri Medvedyevin problemi 40-50 illik dondurma təklifini də unutmamalıyıq. Eyni zamanda Vyana danışıqlarının nəticələrinə dair açıqlamalarda tərəflərin gələcəkdə qarşılıqlı güzəştlərə getməklə bağlı razılığa gələcəklərinə ümid edildiyi bildirildi. Göründüyü kimi bu da demək olar ki heç nə vəd etmir. Ermənistan güzəştə getməyə hazır deyil, .Azərbaycan isə problemin sülh danışıqları adı altında illərlə uzadılmasını istəmir. Proses bu cür davam edəcəksə hərbi yolla məsələnin həlli qaçılmaz olacaqⅦ. AMİP rəsmisi deyir ki, Azərbaycan prosesin irəliləməsini məhz Rusiyadan tələb etməlidir: "Çünki Rusiya danışıqlar prosesinin uğurlu olacağına zəmanət verəndən sonra Azərbaycan aprel hadisələrində atəşkəsə razılıq verdi. Hesab edirəm ki,. Azərbaycan sülh danışıqlarında maraqlı olduğunu, bu istaqəmətdə bütün növ danışıqlara hazır olmasını bildirməklə bərabər ədalətli olaraq hərbi ritorikasından da əl çəkməməlidir. Çünki, prosesin hərbi müstəviyə keçəməsi ehtimalı hər zaman qalır".

Millət vəkili Sahib Alıyevin sözlərinə görə, Vyana görüşündən dərhal sonra Rusiya prezidenti Vladimir Putinin ölkəsinin Təhlükəsizlik Şurasının toplantısını keçirərək orada Dağlıq Qarabağ məsələsindən danışmasından hiss olunur ki, Azərbaycanın erməni tapdağı altındakı torpaqlarının boşaldılacağı gün elə də uzaqda deyil: "Sadəcə, öncə neçə rayonun boşaldılacağı, statusla bağlı referendumun nə zaman və hansı şərtlər çərçivsində keçiriləcəyi kimi məsələlərdə hələ tam razılıq əldə olunmayıb. Ancaq prosesə hansı rayonların boşaldılmasından başlanacağını təxmin etmək mümkündür". Millət vəkilinin qənaətincə, Vyanadakı Dağlıq Qarabağ danışıqları başa çatar-çatmaz Sergey Lavrovla Cavad Zərif arasında keçirilən qapalı görüş ondan xəbər veriir ki, bu Azərbaycanın İranla həmsərhəd rayonları ola bilər: " Bütün bu sadaladıqlarım olmasaydı belə, səfir Kasprşikin atəşkəsin pozulmasının monitorinqinə dair missiyanın genişləndirilməsi, insidentlərin araşdırılması mexanizmiylə bağlı müəyyən razılıqların əldə edilməsi faktı o deməkdir ki, işğalçı ordunun torpaqlarımızdan çıxarılması prosesinə strart verilir. Əgər bununla bağlı əminlik olmasaydı, yuxarıda sadaladığım iki məsələdə hər hansı bir razılıq mümkünsüz idi. Hər halda mən belə düşünürəm. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Calaloğlu isə Vyana görüşünün nəticələri və Qarabağda referendum keçiriləcəyi barədə xəbərlərə aydınlıq gətirərkən deyib ki, Dağlıq Qarabağ həm tarixi, həm də beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsi, suveren ərazisidir: "Əgər Azərbaycanın bu bölgəsində yaşayan azsaylı erməni əhalisinə görə Dağlıq Qarabağın gələcək statusunu müəyyən edəcək referendum keçirilməsi qərarlaşdırılıcaqsa, bu təkcə Azərbaycan xalqının və dövlətinin əleyhinə olmayacaq. Belə ki, qəbul ediləcək referendum qərarı beynəlxalq hüquq presedenti kimi bütün dünyada tətbiq edilməli olacaq və bu zaman bu gün ölkəmizə xalqımızın maraqlarının ziddinə qərar qəbul etməkdə təzyiq edən beynəlxalq güclər: Rusiya, Fransa və ABŞ-da da oxşar ərazi problemlərinin həllində istifadə olunacaqdır. Belə ki, Rusiyada Çeçenistan, İnquşetiya, Tatarıstan, Başqordstan, Dağıstan və s. Fransada Korsika, ABŞ-da Texas kimi müstəqil olmaq istəyən ərazilər üçün referendum presedent olacaq və eyni düşüncə ilə müstəqil olmağa daha çox haqqı çatan bu ərazilərə də bu dövlətlər referendum haqqını tanımalıdırlar". ADP sədri deyib ki, təklif olunan referendumun Dağlıq Qarabağın Azərbaycandan qopardılmasına xidmət edəcəyk, münaqişənin həllinə heç bir yardımı olmayacaq: "Münaqişənin real həlli üçün Ermənistan qoşunları Azərbaycanın işğal etdiyi bütün ərazilərdən çıxarılmalı, Azərbaycan isə Dağlıq Qarabağda yaşayan, separatist hərəkətlərdən imtina edən vətəndaşlarına hüquq təminatı verməlidir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31