ADP: “Ermənistan beynəlxalq məhkəməyə verilsin”
2 May 2016 16:28 SiyasətADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər müzakirə olunub. Toplantı iştirakçılari son günlər erməni silahlı qüvvələrinin elan olunmuş atəşkəs rejimini ardıcıl olaraq pozması, mülki vətəndaşların ölümü, çoxsaylı yaşayış evlərinin dağıdılması ilə nəticələnən hərbi hücumların davam etməsi ilə bağlı məsələyə münasibət bildirib. Dinc əhaliyə qarşı hücumların hətta müharibə dövründə belə beynəlxalq cinayət olduğuna diqqət çəkən partiya yetkililəri hakimiyyəti, təcavüzkar Ermənistanı bu cinayət əməllərinə görə beynəlxalq məhkəməyə verməyə və dünya dövlətlərini bu məsələdə Azərbaycanla həmrəy olması üçün ciddi addımlar atmağa çağırıb. İdarə Heyəti bir neçə Avropa Parlamenti yetkilisinin Azərbaycanın yurisdiksiyasına daxil olan Dağlıq Qarabağa qeyri qanuni səfər etməsini beynəlxalq hüquq normalarına zidd olduğöunu bildirib və separatçı rejimin güclənməsinə xidmət edən bu cür hərəkətlərin bölgədə sülhün və əmin-amanlığın pozulmasına yol açdığını diqqətə çatdırıb.