Ali Baş Komandandan Silahlı Qüvvələrə dəstək mesajı
Prezident xalq və orduda bir daha əminlik yaratdı
2 May 2016 15:30 SiyasətAprelin ilk günlərində ermənilərin təmas xəttində yol verdikləri təxribat hərəkətlərindən sonra Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar cəmiyyətdə mövcud olan ruh yüksəkliyini bir qədər də qaldırmış oldu. Bunun ardınca Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin döyüşlərdə şücaət göstərərək şəhid olmuş hərbiçiləri fəxri adlarla təltif etməsi, yaralı əsgər və zabitlərə baş çəkərək onların vəziyyəti ilə tanış olması Azərbaycan əsgərində dövlətin, Ali Baş Komandanın onun arxasında dayandığını təsdiqlədi. İstər sadə vətəndaşlar, istərsə də Silahlı Qüvvələrin əsgər və zabit heyətində əminlik yarandı ki, onun dayağı Azərbaycan dövləti və onun prezidentidir. Elə prezident-xalq vəhdəti, birliyini təmin edən əsas məqamlar da bundan ibarətdir. Həftə sonu isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev düşmıənlə ön xəttə, cəbhəyanı rayonlara səfər etməklə bir daha dövlətin, onun prezidentinin vətəndaşın, əsgər və zabitinin yanında olduğu əminliyini yaratdı. Xəbərlərdən də aydın olduğu kimi mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar. Prezident İlham Əliyev hərbi hissənin qərargahı ilə tanış olub. Sonra Ali Baş Komandan hərbi hissənin şəxsi heyəti ilə görüşüb.
Prezident İlham Əliyev təmas xəttində baş verən son hadisələrdən danışaraq deyib ki, həmişə Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır. Bu ilin əvvəlində də Ermənistana beynəlxalq təzyiqlərin artması ilə əlaqədar danışıqlarda müəyyən irəliləyiş hiss olunduğu bir vaxtda işğalçı dövlətin aprelin ilk günlərindən yenidən atəşkəsi pozduğunu və ordumuz tərəfindən layiqli cavab aldığını deyən dövlət başçısı aprelin 5-də Azərbaycan tərəfinin sülhpərvərlik nümayiş etdirərək atəşkəsə razılıq verməsinə baxmayaraq, aprelin 27-dən 28-nə keçən gecə yenidən təmas xəttinə yaxın yaşayış məntəqələrimizin atəşə tutulduğunu söyləyib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq. Hazırda təmas xəttində üstünlüyün tamamilə Azərbaycan tərəfində olduğunu və döyüş mövqelərimizin daha da möhkəmləndiyini deyən Prezident İlham Əliyev dövlətimizin ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlərin özünü doğrultduğunu vurğulayıb. Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində zərər çəkmiş Tərtər şəhərinin Fikrət Əmirov küçəsində dağılmış evlərə baxıb, cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndinə gediblər. Onlar artilleriya zərbəsi nəticəsində dağılmış evlərə baxış keçiriblər. Səfər zamanı dövlət başçısı və onun xanımı Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndində də olublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımının cəbhə xəttinə səfəri təkcə düşmənlə üz-üzə dayanan yerli sakinlər deyil, ümumilikdə bütün ölkə vətəndaşları tərəfindən rəğbətlə qarşılanıb. Azərbaycan vətəndaşı bir daha əmin olub ki, dövlət başçısı onun arxasında dayanıb və dövlət hər zaman ona dəstəyini verəcək. Bu həm də Azərbaycan Silahlı Qüvvələri üçün dayaq, dəstək mesajıdır. Yəni Ali Baş Komandan hər zaman Silahlı Qüvvələrin yanındadır.
Dövlət başçısının düşmənlə cəmi 200 metrlik bir məsafəyə qədər getməsi həmçinin cənab Prezidentin cəsarəti, şücaətinin təsdiqidir. Yəni Ali Baş Komandan bununla bir daha sübut edir ki, o, istənilən təhlükə, riskdən çəkinmir. Təbii ki, işğalçı ölkənin prezidentindən fərqli olaraq. Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl Ermənistan prezidenti Serj Sərkisyan acı məğlubiyyətlə üzləşən erməni birləşmələrində ruh yüksəkliyi yaratmaq məqsədilə işğal altında olan Azərbaycan ərazilərinə səfər etmişdi. Lakin Sərkisyan səfərini yalnız separatçıların lideri ilə Xankəndində görüşmək və təmas xəttindən kilometrlərlə uzaqlıqdakı postlara baş çəkməklə işini bitmiş hesab etmişdi. Elə bu səbəbdəndir ki, işğalçı ölkə prezidentinin ordusunda ruh yüksəkliyi yaratmaq görüntüsü ilə atdığı addım heç bir müsbət
effekt vermədi. Əksinə son günlərin məlumatları onu deməyə əsas verir ki, Ermənistanda fərarilik halları getdikcə artır.
Ali Baş Komandanın düşmənlə 200 metr məsafəyə qədər getməsi eyni zamanda ordumuzun əsgər və zabitləri üçün də bir örnəkdir. Bu gün ön xəttə, düşmənlə 200 metr mıəsafədə Ali Baş Komandanını yanında görən əsgərdə yaranan ruh yüksəkliyi, əminlik sabah onun işğal altında olan ərazilərimizi geri qaytaracağına heç bir şübhə yaratmır. Həmçinin bu gün çətin gündə prezidentini yanında görən vətəndaş, sakin sabah yenidən müharibə başlayanda erməni kimi qaçmaq barədə deyil, döyüşüb, vuruşmaq, öz yurd-yuvasını müdafiə etmək barədə düşünəcək.
Süleyman