Təmas xəttində prezidentlə görüşən sakindən AÇIQLAMA VIDEO
2 May 2016 10:44 SiyasətAzərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın cəbhəyanı kəndlərə səfər edərək yerli sakinlərlə görüşməsi onları ruhlandırıb.
anspress bildirir ki, prezident və xanımının evində olduğu sakinlərdən biri - Elmira Səfərova öz təəssüratlarını ANS-lə bölüşüb.
"Cənab prezident xanmı ilə birlikdə bu gün gəldi və bizim bu qəzalı vəziyyətdə olan evimizə baxdı. Ürək-dirək verdi və hər şeyin yaxşı olacağını dedi, çox sağolsun. Onun qayğısı sayəsində belə hesab edirəm ki, hər şey yaxşı olacaq. Mən də ona ailəmizin adından öz minnətdarlığımı bildirdim. Çox sağolsun ki, bu uzaq yolu o cəbhə bölgəsinə gəlib və bizim bu günkü günümüzdə bizim dərdimizə şərik olub", - deyə yerli sakin Elmira Səfərova bildirib.
Ötən gün Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar. Ölkə başçısı əvvəl Tərtər rayonundakı "N" saylı hərbi hissədə olub. Müdafiə naziri Zakir Həsənov hərbi hissənin qərargahı ilə tanış olan ali baş komandan İlham Əliyevə təmas xəttindəki son vəziyyət barədə məlumat verib.
Prezident İlham Əliyev təmas xəttində baş verən son hadisələrdən danışaraq dedi ki, həmişə Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır.
Daha sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində zərər çəkmiş yerlərdəki dağılmış evlərə baxdılar.
Sakinlərlə söhbət zamanı prezident İlham Əliyev dəymiş ziyanın tezliklə aradan qaldırılacağını bildirdi.
Sakinlər prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, onlar ali baş komandana və qüdrətli Azərbaycan Ordusuna arxalanaraq düşmənlə üz-üzə mövqedə yaşayırlar.