Ermənistan beynəlxalq konvesiyaları ayaq altına atır

Erməni tərəfi ictimai iaşə obyektlərini və məktəbləri də atəşə tutur

Ermənistan silahlı qüvvələri müharibə qanunlarını pozaraq vandalizm aktı törətməkdə davam edir. Bütün beynəlxalq konvesiyaları ayaq altına atan erməni quldurları dinc əhalini, eləcə də yaşayış məntəqələrini hədəfə almaqdan belə çəkinmir. Aprelin əvvəlində ciddi məğlubiyyətə məruz qalan işğalçı ordu azğınlaşaraq qisas yanğısı ilə yaşayır. İnsana, insanlığa nifrət hissini gizlədə bilməyən ermənilər qocaları, uşaqları gülləboran edirlər. Tərəflər arasında atəşkəs elan edilməsinə baxmayaraq erməni silahlı birləşmələri Azərbaycanın cəbhəyanı rayonlarının dinc sakinlərini atəşə tuturlar. Bu atəşlər nəticəsində Ağdam və Tərtər rayonlarının mülki əhalisi arasında ölən və yaralananlar var. Cəbhə rayonlarında yaranan vəziyyəti gözü ilə görmək üçün xarici və yerli media təmsilçiləri Ağdam rayonunun Çəmənli kəndində olublar. Media nümayəndələri erməni silahlı bölmələrinin artilleriya atəşləri nəticəsində həlak olan mülki şəxslərin yaxınları ilə görüşüblər. Həlak olanların yaxınları baş verənlərin mülki əhaliyə qarşı törədilən cinayət olduğunu deyiblər. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə deyib ki, bütün bunlar Ermənistanın hərbi-kriminal rəhbərliyinin törətdiyi cinayət əməlləridir: "Bu cinayətlərə hüquqi qiymət veriləcək". Daha sonra media nümayəndələri ermənilərin atəşi nəticəsində xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Çəmənli kənd sakinləri - Şəbnəm Səyyaf qızı Qaraşova, Adil Mustu oğlu Məmmədov və Elnur Polu oğlu Məmmədova baş çəkiblər. Həkimlər onların üçünün də qəlpə yaraları aldığını, vəziyyətlərinin stabil olduğunu deyiblər. Qeyd edək ki, bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkədə akkreditasiyadan keçmiş xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələri (ümumilikdə 45 media nümayəndəsi) XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin müşayiəti ilə cəbhə bölgəsinə gediblər. Media təmsilçiləri öncə Bərdə rayonunda olub, Bərdə Diaqnostika Mərkəzində müalicə olunan, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki vətəndaşlara baş çəkiblər. Cəbhə bölgəsində yola düşən xarici media nümayəndələri arasında BBC, "Reuters", "Bloomberg", "France-Presse", "RİA Novosti", "Anadolu", TRT, İHA, "Cihan", "Rossiya 24" kanalının əməkdaşları, israilli media eksperti Arye Qut və s. var. Moldovanın keçmiş ombudsmanı Aurelia Qriqoriu da heyətdə təmsil olunub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev son günlər cəbhə xəttində baş verən hadisələrə münasibət bildirərkən deyib ki, Ermənistan Respublikası hümanitar hüququ pozaraq Azərbaycanın mülki əhalisinə qarşı cinayət törədib: "Ermənistan hümanitar hüququ pozaraq son günlər dinc sakinlərə qarşı cinayət əməlləri törədib. Buna görə də Ermənistan Respublikasl və onun rəhbərliyi buna görə bilavasitə məsuliyyət daşıyır". Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlara hazır olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bildirib ki, rəsmi Yerevanın bəyanatları ziddiyyətli, məntiqsiz və biri digərini inkar edən xarakterdədir. Ermənistan prezidenti danışıqlardan imtina etdiyini, xarici işlər naziri isə guya ölkəsinin münaqişənin sülh yolu ilə həllinə hazır olduğunu bildirir: "Bu iki fikir bir-birinə tamamilə ziddir. Bunların arasında məntiq tapmaq da çox çətindir. Belə bir təəssürat yaranır ki, Ermənistanın hakim dairələrində ziddiyyətli mövqelər var. Ermənistanın xarici işlər naziri də öz prezidentinin dediklərini inkar edir. Bunlar da əslində Yerevan rejiminin təşviş və çaşqınlıq içərisində olmasının göstəricisidir. Bu bir daha ona dəlalət edir ki, Ermənistanın əsl məqsədi beynəlxalq ictimaiyyəti aldatmaq və hər bir vəchlə işğal və təcavüzü davam etdirməkdir. Qoşunların təmas xəttində Ermənistanın həyata keçirdiyi təxribatçı əməllər də əslində Ermənistanın əsl simasını göstərir. Bu təxribatçı əməllərin hədəfi məhz mülki Azərbaycan əhalisidir". "Ermənilər Azərbaycan kəndlərini mütəmadi atəşə tutur". Bunu isə jurnalistlərə açıqlamasında aprelin 27-dən 28-ə keçən gecə Ağdam rayonunun Qaradağlı kəndində ağır yaralanan kənd sakini Elgiz Qarayev deyib. O bildirib ki, düşmən Azərbaycanın təmas xəttində yerləşən kəndlərini hədəfə alıb: "Kəndimiz ermənilər tərəfindən qəfil atəşə tutmağa başladı, Erməni tərəfi Azərbaycan tərəfindəki mülki şəxsləri qrad, top, minaatan və raketlərdən atəşə tutub. Mülki əhalini və evləri mütəmadi atəşə tuturlar. Erməni tərəfi atəşkəsə heç vaxt riayət etmir. Biz mülki şəxslər ermənilərin hədəfinə çevrilmişik. Buna son qoyulmalıdır". Xatırladaq ki, aprelin 27-dən 28-ə keçən gecə Ağdamda ermənilərin kəndləri artilleriya atəşinə tutması nəticəsində yaralanan 6 nəfər mülki şəxsdən 3-ü Bərdə Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib. Bu barədə mərkəzin həkim cərrahı Eldar Əhmədov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, yaralılardan 2-si Çəmənli, biri Qaradağlı sakinidir: "Yaralılar mərmi partlaması nəticəsində qəlpə yaraları, kəllə-beyin və baş beyin travması alıblar. Xəstələrdən 1-inin vəziyyəti orta-ağır stabil, o birilər kafidir. Xəstələrdə qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi və bədənin müxtəlif yerlərində sıyrılmış yaralar müşahidə edilir". Azərbaycan Ordusuna gücü çata bilməyən erməni hərbi birləşmələri dinc əhaliyə silah tətbiq edirlər. Bunu jurnalistlərə açıqlamasında aprelin 27-dən 28-nə keçən gecə ermənilərin Ağdam rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində həlak olan Hüseynov Əli Müseyib oğlu və Mustafayev Famil Əli oğlunun qohumu Əhməd Əhmədov deyib. O, bildirib ki, həlak olan dinc sakinlərin hər ikisi eyni mərminin partlaması nəticəsində həyatlarını itirib: "Yaxınlıqlarına mərmi düşüb və onlar həlak olublar. Ermənilər mülki əhalini hədəf seçiblər, silahsız əhaliyə silah tətbiq edir. Ermənilərin cürəti çatmır ki, bizim ordu ilə qarşılaşsın. Ona görə də mülki əhalini hədəf seçirlər. Əgər Qarabağla bağlı danışıqlar belə fəsadlarla davam edəcəksə, biz bu danışıqlara yox deyirik. Əgər həqiqiətən danışıqlar gedirsə, bu cür hadisələr olmamalıdır. Biz hər birimiz Ali Baş Komandanın əmr verəcəyi təqdirdə döyüşə getməyə hazılrıq. Heç vaxt öz torpaqlıarımızı tərk etməyəcəyik. Son vaxtlar ermnənilər həddindən artıq azğınlaşıblar". Tərtərin icra başçısı Müstəqim Məmmədov isə deyib ki, ötən gecə atışma olmayıb. Hazırda Tərtərdə sakitlikdir və vətəndaşlar gündəlik təsərrüfat işləri ilə məşğul olurlar. İcra başçısı qeyd edib ki, erməni təxribatı nəticəsində tamamilə dağılan və zərər dəyən evlərlə bağlı məlumatlar hazırlanıb Dövlət Komissiyasına təqdim edilir. M.Məmmədovun sözlərinə görə, Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən ziyan dəyən evlər təmir edilir. "Aprel ayının 2-dən 5-dək olan müddətdə ziyan çəkən evlərin bərpası yekunlaşmaq üzrədir. Tamamilə dağılan evlərlə bağlı əlavə sərəncam gözlənilir". İcra başçısı, həmçinin vurğulayıb ki, sıradan çıxan işıq və qaz xətləri tam bərpa olunub. Göründüyü kimi Azərbaycanın dinc əhalisi Ermənistanın təcavüzündən əziyyət çəkir. Gördüyünüz kimi, mülki insanlar yaralanıb, həlak olanlarımız da var. Qeyd edək ki, erməni tərəfi ictimai iaşə obyektlərini və məktəbləri də atəşə tutur. Bu isə o deməkdir ki, Ermənistan beynəlxalq konvesiyaları ayaq altına atır.


Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31