BMT Təhlükəsizlik Şurasının iclası çağırılmalıdır

"Azərbaycan cəbhədə son günlər baş verən hadisələrlə bağlı Ermənistana ciddi nota verməli, ATƏT-in Minsk Qrupunun susqunluğuna qəti şəkildə etiraz etməlidir". Belə bir açıqlama ilə çıxış edən Təkamül Partiyasının sədri Teyyub Qənioğlu "OLAYLAR"-a deyib ki, Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini aramsız atəşə tutduğunu əsas gətirərək Azərbaycan BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb etməlidir: "Rəsmi Bakı eyni zamanda, Ermənistanın sülh danışıqlarından imtina etdiyini əsas gətirərək torpaqlarımızın hərb yolu ilə işğaldan azad etmək əzmini bir daha qəti şəkildə bəyan etməli, sözdən real hərəkətə keçməlidir". Partiya sədri deyib ki, aprelin əvvəlində 4 günlük müharibədən sonra tərəflər arasında atəşkəsin bərpa olunması ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, Ermənistan silahlı birləşmələri nəinki Azərbaycan Ordusunun mövqelərini, eləcə də öz mənfur xislətlərinə uyğun olaraq, qoşunların təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrini iriçaplı silahlardan, toplardan intensiv şəkildə atəşə tutmaqda davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31