Jan-Fransua Mansel: Azərbaycan bütün dünya üçün tolerantlıq nümunəsidir

Azərbaycan tolerantlıq sahəsində bütün dünya üçün nümunədir. Bunu Trend-ə Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel deyib. Onun sözlərinə görə, təəssüf ki, hazırda dünyanın müxtəlif bölgələrində millətlərarası, etniklərarası və dinlərarası münaqişələr mövcuddur: "BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun bu günlərdə Bakıda keçirilməsi böyük əhəmiyyətə malikdir. İndiki şəraitdə belə miqyaslı tədbirin məhz Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyətin Bakını tolerantlıq mərkəzi hesab etməsinin parlaq nümunəsidir. Mən müxtəlif millət və dinə mənsub insanların əsrlər boyu birgə dinc yaşadığı ikinci belə ölkə tanımıram". J.F.Mansel qeyd edib ki, Bakının Sivilizasiyalar Alyansının növbəti Qlobal Forumunun keçirilməsi yeri qismində seçilməsi artıq ölkənin bütün dünyada nüfuzunun tanınmasından xəbər verir. BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu 25-27 aprel tarixində Bakıda keçirilib. Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti J.F.Mansel hesab edir ki, Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Onun başçılıq etdiyi Assosiasiyanın məqsədi məhz bundan ibarətdir. O bildirib: "Bizim bütün səylərimiz Fransada Azərbaycanın təbliğinə istiqamətlənib və biz bu istiqamətdə hələ daha çox iş görməliyik: "Azərbaycan və Fransa arasında oxşarlıqlar çoxdur: hər iki ölkə öz müstəqilliyinin qədrini bilir. Azərbaycan bütün dünyada tolerantlığı və sülhsevərliyi ilə məşhur olan özünəməxsus ölkədir. Müasir dünyada bu keyfiyyətlər xüsusi əhəmiyyətə malikdir". J.F.Mansel diqqətə çatdırıb ki, Assosiasiya Fransa ictimaiyyətini Azərbaycan həqiqətləri ilə tanış etmək üçün geniş fəaliyyət göstərir, hər iki ölkənin siyasətçilərinin və ictimai xadimlərinin iştirakı ilə mütəmadi olaraq beynəlxalq konfranslar, kollokviumlar keçirir, Fransa cəmiyyətini ölkənin ictimai-siyasi həyatı, xarici siyasətinin prioritetləri ilə tanış edir". Assosiasiya rəhbərinin sözlərinə görə, sözsüz ki, bu görüşlərin əsas mövzusu Azərbaycanın üzləşdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun nəticələridir. J.F.Mansel bildirib ki, Assosiasiya Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın siyasətinə təsir etmək vəzifəsini qarşıya qoyub ki, onun həlli yolu beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq düzgün və ədalətli tapılsın: "Assosiasiya bundan sonra da Fransa ictimaiyyətinin diqqətini bu problemə cəlb etmək üçün səy göstərəcək". Deputat deyib: "Mən Fransa ictimaiyyətinin Azərbaycan haqqında geniş məlumatlandırılması üzrə missiyamıza göstərdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya xüsusi minnətdarlığımı bildirmək istərdim. Azərbaycan zəngin ənənələri olan ölkədir və mənim həmyerlilərim onun mədəniyyətinə və tarixinə böyük maraq göstərirlər. İstər muğam, caz, etnik musiqi və s. olsun, Azərbaycan musiqisi istənilən fransızın ürəyini riqqətə gətirir. Bu yaxınlarda Assosiasiyanın dəvəti üzrə Fransada tamaşaçıların böyük heyranlığına səbəb olan rəqs qrupunun çıxışı təşkil edildi. Assosiasiya, həmçinin Fransanın üç şəhərində Novruz bayramı ilə əlaqədar tədbir keçirdi. Bununla da fransızları Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti ilə tanış etməyə çalışırıq". J.F.Mansel, həmçinin artıq iki ildir Heydər Əliyev Fondu ilə birgə reallaşdırılan "Azərbaycan şəhərciyi" layihəsi haqqında fikirlərini bildirib: "Şəhərciyin təşkil edilməsində əsas məqsəd ondan ibarətdir ki, Azərbaycanı xaricdə, xüsusilə Fransada və ölkənin paytaxtında daha yaxşı tanısınlar. Şəhərcik bütün fəaliyyəti ərzində Azərbaycanın mədəniyyətini, tarixini, incəsənətini, musiqisini, mətbəxini, ənənələrini, keçmiş və bu gününü əks etdirən məkana çevrilir. Paris sakinləri və turistlər Azərbaycan barədə tam məlumat alırlar". Onun sözlərinə görə, "Azərbaycan şəhərciyi" layihəsinin reallaşdırılması artıq ənənəyə çevrilib. 2014-cü ildə ilk belə şəhərcik Parisin 6-cı rayonunda yerləşən San Sülpis meydanında yaradılıb ki, bu da ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Ötən il belə şəhərcik qapılarını Parisin 1-ci rayonunda, Luvr qarşısındakı məşhur Pale-Royal meydanında açıb. O diqqətə çatdırıb ki, Heydər Əliyev Fondunun dəstəyilə reallaşdırılan bütün bu layihələrin məqsədi xalqlarımızı birləşdirmək, dost münasibətlərini möhkəmləndirmək, Azərbaycan barədə həqiqətləri ictimaiyyətə çatdırmaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31