Sərkisyan hakimiyyətini qoruyub saxlaya bilməyəcək

Spiker: “Ermənilər başlarını itiriblər və ağızlarının dediyini qulaqları eşitmir”

Milli Məclisin aprelin 29-da keçirilən iclasında millət vəkilləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması və dinc əhalinin atəşə məruz qalması məsələsini müzakirə ediblər. Əvvəlcə millət vəkili Zahid Oruc son 3 gündə cəbhə xəttində yaranmış vəziyyətlə bağlı danışıb. O, bildirib ki, bu ağırlıq təkcə Ali baş komandanın deyil, hər kəsin üzərinə düşür: "Bölgələrdə dinc insanları hədəfə çevirən Ermənistan 90 ci illərdəki kimi uğur qazanacağını düşünür. Ziyanı azaltmaq əvəzinə Sarkisyan öz xalqını qırğına vermiş olur. Sarkisyanı istefa verməyə çağırıram. 3 generalını işdən çıxarmaqla hesab edir ki, hakimiyyətini qoruyub saxlaya biləcək. Amma bu mümkün olmayacaq. Qarabağda yaşayanlar əlillər və işsiz qocalardır. Ön cəbhədə olan hərbçilər öz ailələrini oradan çıxarıblar. Onlar demoqrafik cəhətdən məhv olublar. Rusların kömək edəcəyini düşünürlər. Amma niyə ruslar Dağlıq Qarabağa görə ölməlidirlər?" Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, parlamentin dostluq qruplarının rəhbərləri tərəfindən bu kimi məsələlərlə bağlı məktublar yazılsın: "Həqiqətlər çatdırılmalı, bu sahədə aktiv olmalıyıq. Burada danışmaqdan çox tanıdığınız parlament üzvlərinə, deputatlara problemi çatdırmaq lazımdır. ABŞ senatorları məktub yazırlar və Azərbaycanı təcavüzkarlığı dayandırmağa çağırırlar. Ona görə də bilməyənləri qandırmaq, başa salmaq lazımdır. İndiki dövrdə burada danışmaqdan daha çox parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri xaricdə olan öz həmkarlarına məktub yazmalı və həqiqəti onlara çatdırmalıdır. Çoxları, nəinki Azərbaycanın harada olduğunu bilmir, heç problemdən də xəbərləri yoxdur. Ad çəkmək istəmirəm. Ancaq bu yaxınlarda Avropanın nümayəndələrinin qarşısına xəritə qoymuşuq. Onların heç Dağlıq Qarabağın işğal olunmasından da xəbərləri yoxdur. Bu istiqamətdə işimizi artırmalıyıq. Ermənilər yalan məlumatları beynəlxalq ictimaiyyətə yazıb göndərirlər. Biz də bu baxımdan məktubların sayını çoxaltmalıyıq. Ermənilər yalan informasiyaları doğru kimi yayırlar". Milli Məclis sədri əlavə edib ki, hazırda ermənilər başlarını itiriblər və ağızlarının dediyini qulaqları eşitmir. Biz bu istiqamətimizdə işlərimizi genişləndirməliyik". Spiker əlavə edib ki, bəzi saytlarımız var ki, onlar daha çox silahların növləri, onların hansı məsafədən atılması, yaxud necə idarə olunması ilə bağlı məlumatlar yazırlar: "Halbuki indiki şəraitdə cəbhəboyu ərazilərdə baş vermiş hadisələrlə bağlı həqiqətləri dünya ictimaiyyətinə daha dəqiq və dolğun çatdırmaq istiqamətində səyləri gücləndirmək lazımdır". Onun sözlərinə görə, parlamentdə deputatlar bu məsələlərdən danışan zaman da diqqətli olmalıdırlar. Deputat Fərəc Quliyev Azərbaycanın Dağlıq Qarabağdakı erməni əsilli azərbaycanlıları bağrına basıb saxladığını vurğulayıb: "Azərbaycan dəfələrlə bəyan edib ki, onların hüquqlarını qorumağa hazırdır. Razıyam ki, beynəlxalq təşkilatlara Azərbaycan həqiqətləri ilə bağlı məktublar göndərilməlidir. Mən partiya sədri olaraq bunu etməyə hazıram". Deputat Fəzail Ağamalı son 3 gündə cəbhə xəttində baş verən hadisələrə toxunub. O bildirib ki, Azərbaycan beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin çağırışlarına qoşularaq atəşkəsə əməl edir: "Amma Ermənistan aprel ayında ona verilən ağır cavabdan dərs almayaraq mülki əhaliyə atəş aşır. Onun bu addımı həmin rejimin tam mahiyyətini ortaya qoyur. Azərbaycan beynəlxalq konvensiyaya söykənərək ciddi addımlar atmalı, ultimatum verməli və əməl edilməsə son sözünü deməlidir. Dinc sakinlərə qarşı bu təxribatlar dayandırılmalıdır. Nəticə verməzsə, Azərbaycan öz sözünü deməlidir". Deputat Aydın Mirzəzadə deyib ki, Ermənistan prezidenti Serj Sarkisyan dünən Azərbaycanla sülh danışıqlara getmək üçün şərtlərini açıqlayıb: "Bu onun səfeh bəyanatıdır. İşğal edən ölkə özünün təhlükəsizliyini istəyir. Xocalı soyqırımının baiskarı olan Seyran Ohanyanı müdafiə naziri təyin edir. Hətta Hitler də belə bəyanat verə bilməzdi. Bunlar göstərir ki, onlar ciddi böhran içərisindədirlər". Milli Məclisin sədr müavini Bahar Muradova qeyd edib ki, Azərbaycan heç kimə sübut etməli deyil ki, bizim nəyə haqqımız var və ya yoxdur. Bunu ancaq beynəlxalq hüquq müəyyən edir. Ölkələrin həm vəzifələri, həm də öhdəlikləri var. Əlbəttə, hər bir dövlətin iqtidarının ilk öhdəliyi xalqın təhlükəsizliyini təmin etməkdir. Bu gün Azərbaycan öz vəzifələrini və öhdəliklərini çox gözəl bilir və zamanında bu addımları tarazlaşdırılmış şəkildə atır. Onun sözlərinə görə, təkcə ölkədə yox, eləcə də beynəlxalq aləmdə reallıqlar, münasibətlər, yanaşmalar dəyişməkdədir: "Bəzi hallarda onun ifadə, təzahür forması bizi qane etməsə də, şüurlarda, düşüncələrdə, yanaşmalarda bu dəyişikliyi hiss etməkdəyik. Bunu bizə iştirak etdiyimiz beynəlxalq təşkilatlarda insanlar deyir". Sədr müavini qeyd edib ki, xalqın özünə qayıtmış inamı, gücü əsas məsələdir: "Çünki belə olan halda qarşıya qoyulan hədəflərə asan çatılır. Cəbhədə baş verən son hadisələrdə bunu bariz şəkildə görmək olar. Bu, təbii ki, orduya, dövlətə olan inamdır". O, həmçinin vurğulayıb ki, Azərbaycandan beynəlxalq təşkilatlara edilən çağırışların ruhu fərqli olmalıdır: "Onlara deməliyik ki, siz, haqqın, ədalətin yanında olmalısınız. Biz bu gün dünyada əmin-amanlığın, sülhün ədalətli şəkildə təmin olunmasının tərəfdarıyıq. Təbii ki, bunun içərisində Azərbaycanın milli maraqları da var. Tərəfdarıyam ki, bu sahədə olan fəaliyyətimizi daha da genişləndirək. Bu məsələdə mətbuatın da üzərinə ciddi vəzifə düşür. Azərbaycan ordusu, onun hərbi sursatı və digər məlumatları yalnız Müdafiə Nazirliyinin rəsmi mövqeyinə istinadən vermək lazımdır. Əlbəttə, bizim hər birimizin ürəyindən keçir ki, təmas xəttinə gedək, onlarla görüşüb şəkil çəkdirək, hətta bayrağımızın dirəyindən yapışıb "selfie" çəkdirək. Bunları edə bilərik, etməliyik. Amma bəlkə də bu günün vəzifəsi deyil. Ona görə də təmas xəttində olan insanların xahişlərini sizlərə çatdırmaq istəyirəm ki, bizim gücümüz çatan işlərlə məşğul olaq".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31