Ermənistan mülki əhalini hədəf seçir
İşğalçı ölkənin vandalizm əməlləri davam edir
29 Aprel 2016 14:59 SiyasətErmənistan yenə də öz ənənəsinə sadiq qalaraq insanlıq əleyhinə cinayətlərini, işğalçılıq, təcavüzkar, eyni zamanda hiyləgər siyasətini davam etdirir. 1-5 aprel tarixlərində həyata keçirdiyi təxribat zamanı sarsıdıcı zərbələr alıb ağır itkilərlə üzləşən işğalçı ölkə yenə də öz məkrli oyununu davam etdirir. Aprelin 4-ü tarixində öz ağası sayılan Rusiyanı prosesə cəlb etməklə Azərbaycandan atəşkəs rejiminin tətbiq olunması xahişində bulunmasına baxmayaraq, düşmən yalvarışla istədiyi atəşkəsə özü əməl etmir. Son günlərdə isə erməni vandallarının təxribat hərəkətləri daha da artıb.
Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, təkcə aprelin 29-da erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 116 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Berkaber və Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Quşçu Ayrım kəndlərində, Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 122 dəfə atəş zərbəsi endirib. Ümumilikdə isə yaşadığımız həftə ərzində ermənilər 596 dəfə atəşkəs rejimini pozublar. Maraqlısı odur ki, ermənilər atəşkəsin pozulması halları zamanı Azərbaycan Silahlı Qüvvələrinin mövqelərindən daha çox mülki əhalinin yaşadığı ərazilərə, kənd və qəsəbələrə, rayon mərkəzlərinə atəş açırlar. İşğalçı ölkə bütün beynəlxalq konvensiya və sənədləri pozaraq iriçaplı silahlar, toplar və "Qrad" qurğuları ilə bir qayda olaraq yaşayış məntəqələrini hədəf seçirlər. Sərhədyanı rayonların ərazisində qeydə alınan faktlar da onu deməyə əsas verir ki, erməni vandalları 1-5 aprel əməliyyatlarında üzləşdiklərin irkiləri qisasını dinc sakinləri qətlə yetirməklə almaq istəyir. Bu da erməni terroru, vandalizmini açıq şəkildə ortaya qoymuş olur. Ümumiyyətlə, Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, o cümlədən Azərbaycan hərbi qulluqçularına qarşı qeyri-insanı davranışı beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, 1954-cü il Hərbi münaqişələr dövründə mədəni mülkiyyətin qorunmasına dair Haaqa Konvensiyası və onun protokollarına ziddiyət təşkil edir. Ermənilər yol verdiyi cinayətlər onu deməyə əsas verir ki, bu həmçinin mülki və siyasi hüquqlara dair beynəlxalq pakt, İqtisadi, sosial və mədəni hüquqlara dair beynəlxalq pakt, İşgəncə və digər zorakılıqların, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və yaxud cəzalara qarşı Konvensiya, bütün növ ayrı-seçkiliyin aradan qaldırılması haqqında Konvensiya, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Məlumat üçün qeyd edək ki, ermənilərin aprel ayı ərzində Azərbaycan ərazilərini müxtəlif növ iriçaplı silahlardan atəşə məruz qoyması nəticəsində daha çox Ağdam, Tərtər və Ağcabədi rayonunun sakinləri ziyan görüb. Artıq ermənilərin son iki gün ərzində cəbhəboyu ərazilərdə atəşkəsi pozması nəticəsində Ağdam rayonunda zərər dəyən evlərin ümumi sayı məlum olub. Ağdam Rayon Fövqəladə Hallar Komissiyasının yaydılğı məlumatda rayonda son iki gün ərzində ümumilikdə 76 evə ziyan dəydiyi əksini tapıb. Araşdırmalar nəticəsində məlum olub ki, həmin evlərdən 14-ü tam yarasız vəziyyətə düşüb, 1 ev yanıb, həmçinin 2 mağaza da dağılıb. Bundan başqa vətəndaşa məxsus 1 maşın, 1 baş at, 13 baş iribuynuzlu mal-qara tələf alınıb, 19 baş heyvan isə yaralanıb.
Tərtər rayonuna da aprel ayı ərzində ermənilər tərəfindən top və digər ağır texnikalardan zərbələr endirilib. Ağdam rayonunda olduğu kimi Tərtər rayonunda da əsas etibarilə mülki şəxslər, kənd və qəsəbələr düşmənin zərbəsinə məruz qalıb. Araşdırmalar nəticəsində məlum oldu ki, qarşı tərəfin atəşkəsi pozması və mülki əhalini atəşə tutması nəticəsində Tərtər rayonunda ümumilikdə 58 evə ziyan dəyib. İcra Hakimiyyətinin ictimai, siyasi və humanitar məsələlər üzrə müdir müavini Elvin Umudov bildirib ki, bundan başqa şəhər 6 saylı məktəbi və Hacıqərvənd kənd orta məktəbi də yararsız hala düşüb. Xoşbəxtlikdən mülki əhali arasında xəsarət alanlar olmayıb. İşıq və qazın verilişi tam şəkildə bərpa edilib". Ümumilikdə, isə aprel ayı ərzində ermənilərin atəşkəs rejimini ciddi şəkildə pozması, mülki obyektləri, yaşayış məntəqələrini atəşə tutması nəticəsində Tərtərdə 17 nəfər həlak olub. Son iki sutka ərzində isə erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutması nəticəsində Ağdam rayonunun dinc sakinlərindən 2 nəfər dünyasını dəyişib, 7 nəfər isə yaralanıb. Ermənilər əsasən Ağdamın Əfətli, Çəmənli, Qaradağlı, Zəngişalı kəndlərini intensiv artilleriya atəşinə məruz qoyublar. Nəticədə Çəmənli kənd sakini olan 1 dinc sakin ölüb.
Ağcabədi rayonu da son günlər ərzində düşmənin iriçaplı silahlarına tuş gəlib. Rayon İcra Hakimiyyətinin yaydığı məlumatda bildirilib ki, erməni silahlı birləşmələri aprelin 27-dən 28-ə keçən gecə Ağcabədi rayonunun yaşayış məntəqələrini də güclü artilleriya atəşinə tutub. Rayonun cəbhəyanı kəndlərinə 100-ə yaxın mərmi atılıb. Təkcə Qaraxanlı kəndinə 50 mərmi düşüb. Kənddəki evlərdən biri tamamilə yanıb, 2 evin dam örtüyünə, 19 evə, yardımçı binalara, orta məktəbin binasına ziyan dəyib. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib. Ermənilərin bir qayda olaraq mülki şəxsləri, kənd və qəsəbələri atəşə məruz qoymasını əyani şəkildə sübuta yetirmək və bu faltı beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə Xarici İşlər Nazirliyi xarici ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələrinin cəbhə xəttinə səfərini təşkil edib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və bir sıra yerli media qurumlarının nümayəndələrinin də müşayəti ilə xarici KİV nümayəndələri erməni zərbələrinə məruz qalan insanlarla görüşüb, mülki obyektlərin necə dağıdıldığının şahidi olublar. Ümumilikdə 45 media nümayəndəsi Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin müşayiəti ilə əvvəlcə Bərdə rayonunda olublar. Jurnalistlər öncə Bərdə Diaqnostika Mərkəzində ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki vətəndaşlara baş çəkiblər. Oradan isə media nümayəndələri Ağdam və Ağcabədi rayonlarına gediblər. Jurnalistlər orada ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində dağıdılan, yanan evlərə baxış keçiriblər. Cəbhə bölgəsində yola düşən xarici media nümayəndələri arasında BBC, "Reuters", "Bloomberg", "France-Presse", "RİA Novosti", "Anadolu", TRT, İHA, "Cihan", "Rossiya 24" kanalının əməkdaşları, israilli media eksperti Arye Qut və s. var. Moldovanın keçmiş ombudsmanı Aurelia Qriqoriu da heyətdə təmsil olunub.
Bu arada Xarici İşlər Nazirliyinin bu günlərdə yaydığı bəyanatda son günlər təmas xəttində baş verən erməni təxribatı və düşmənin mülki obyektləri atəşə tutması qəti şəkildə pislənilib və beynəlxalq ictimaiyyətin bu məsələyə ciddi diqqət yetirməsi tələb olunub. Bəyanatda qeyd edilib ki, davamlı şəkildə atəşkəsin pozulması, azərbaycanlı mülki əhalinin həlak olması və yaralanması ilə nəticələnən Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xətti boyunca və hər iki dövlətin sərhəddində yerləşən Azərbaycan şəhərləri və kəndlərinə hücumlar son dövrlər daha intensiv və zorakı xarakter alıb. Azərbaycan Respublikası bu xüsusda öz qəti etirazını və ciddi narahatçılığını dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb və dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneədir. Azərbaycan Respublikası onu da dəfələrlə bəyan edib ki, onun ərazilərinin hərbi işğalı həll yolu deyildir və heç zaman Ermənistanın arzu etdiyi siyasi nəticələrlə yekunlaşmayacaqdır. Bəyanatdan aydın olur ki, Ermənistanın hücumları və sonrakı həmlələri nəticəsində qoşunların təmas xətti boyunca 34 şəhər və kənd atəşə məruz qalıb, uşaqlar da daxil olmaqla xeyli sayda mülki Azərbaycan əhalisi öldürülüb və yaralanıb. Özəl və ictimai mülkiyyətə ciddi ziyan dəyib. Beləliklə, 314-ü fərdi yaşayış evi olmaqla 353 mülki bina, 3 məktəb, 3 uşaq bağçası, 1 mədəniyyət mərkəzi və digər iaşə obyektləri dağıdılıb və ya ciddi ziyan dəyib. Bundan başqa, 357 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, 30 transformator, eləcə də su anbarları, qaz boruları, yollar və digər mülkiyyətə ciddi ziyan vurulub.
Süleyman