Düşmən ölkənin müdafiə sistemi tamamilə iflasa uğrayıb

Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq etməyə çağırıb. "OLAYLAR"-ın xəbərinə görə,  Azər Verdiyev aprelin 1-dən erməni tərəfinin təxribatları nəticəsində ciddi şəkildə toqquşma baş verdiyini və düşmən tərəfin əsasən mülki obyektləri hədəfə aldığını deyib: "Azərbaycanın qüdrətli ordusu düşmən hərbi qüvvələrini demək olar ki, tamamilə sıradan çıxardı. Məhz bunun nəticəsidir ki, Sarkisyan generalları biri-birinin ardınca istefaya göndərir. Düşmən ölkənin müdafiə sistemi tamamilə iflasa uğrayıb, əhali arasında ciddi şəkildə narazılıqlar yaranıb. Onsuz da Ermənistan iqtisadi və siyasi cəhətdən tamamilə iflas durumdadır. Hərbi sahədə isə ordumuz düşmənə yerini göstərdi. Lakin Prezident İlham Əliyev də ən yüksək kürsülərdən də qeyd edib ki, Azərbaycan sülhpərvər dövlətdir və münaqişəni danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Görünür hərbi oyunlarla xalqının başına torba tikən Sarkisyan hakimiyyəti şərəfsiz əməllərindən əl çəkən deyil. Belə olmasaydı aprelin 26-dan yenidən təxribatlara əl atmazdı. Ən maraqlısı isə budur ki, hərbi əməliyyatlar Bakının beynəlxalq tədbirə ev sahibliyi etdiyi vaxtlarda başlayır". Azər Verdiyev deyib ki, , bu günlər ərzində beynəlxalq təşkilatlar, o cümlədən də bilavasitə münaqişənin həlli ilə məşğul olan ATƏT Minsk qrupu, bu quruma daxil olan dövlətlər Ermənistan silahlı birləşmələrinin işğal altında olan Azərbaycan ərazilərindən yaşayış məntəqələrini ağır silahlarla intensiv şəkildə atəşə tutmasına və bunun nəticəsində dinc sakinlərin həlak olmasına heç bir münasibət bildirməyiblər: "Azərbaycan 25 il önəki gücdə deyil. Bizim güclü ordumuz var. Ən sevindirici məqam ondan ibarətdir ki, ölkədə hər kəs bir cəbhədə birləşib. Qoca, cavan, qadın, hətta əlillər belə cəbhə bölgəsinə getmək istəyirlər. Ali Baş komandan əmr etsin yetər. Hər birimizi bu ölkənin əsgəriyik. Hər birimiz öz qanımız bahasına olsa belə torpaqlarımızı azad etməyə hazırıq. Müdafiə naziri tərəfindən tapşırıq verilib. Bütün qoşunlara əmr verilib ki, düşmənə qarşı cavab zərbəsi açılsın. Və vurulan atəş ancaq onların hərbi obyektlərinə və yaşayış məntəqələrində gizlətdikləri hərbi nöqtələr vurulmalıdır. Ermənilər başa düşməlidirlər ki, Sarkisyan rejimi onları cəhənnəm alovuna salacaq"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31