Ermənistan geri çəkilir... və Azərbaycanı danışıqlara sövq edir
28 Aprel 2016 11:44 SiyasətBir neçə gün öncə Ermənistan prezidenti Serj Sarkisyan "Bloomberg" agentliyinə müsahibəsində açıq-aşkar bəyan etdi ki, onun ölkəsi danışıqlardan imtina edir və indiki şəraitdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmır. "Təhlükəsizliyə zəmanət verilmədən Ermənistan sülh danışıqlarına qayıtmayacaq, çünki indi vəziyyət tamamilə fərqlidir", - o belə demişdi. Ermənistan prezidentinin bu bəyanatı beynəlxalq aləmdə geniş rezonans doğurmuşdu. Lakin beynəlxalq qurumların qınağına tuş gələn Yerevan öz sözlərindən imtina etmək və yenə də hər şeydə Azərbaycanı günahlandırmaq yolunu tutdu. Bu gün parlamentdəki hökumət saatında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan vəziyyətdən çıxmaq xatirinə bildirib ki, danışıqlar prosesinin pozulmasında günahkar Azərbaycandır. "Azərbaycan danışıqlar prosesinə qayıtmağa məcbur olacaq. Elə bir münaqişə, yaxud müharibə yoxdur ki, sonunda həll tapmaq üçün danışıqlar masasına oturulmasın", - Ermənistan XİN başçısı belə deyib. Son günlərdə Azərbaycan prezidentinin və xarici işlər nazirinin Bakının danışıqlar prosesinə tərəfdar olduğunu dəfələrlə bildirmələrini nəzərə alsaq, Nalbandyanın bəyanatı məntiqdən uzaq görünür. Danışıqlar prosesindən imtina barədə yeganə bəyanat məhz Serj Sarkisyana aiddir. Lakin Nalbandyanın bəyanatı ona işarədir ki, beynəlxalq təşkilatların təzyiqi nəticəsində Yerevan mövqeyindən geri çəkilir və danışıqlar masasına qayıtmağa məcburdur.