Millət vəkili: "Vll Qlobal Forumun ölkəmizdə keçirilməsi əhəmiyyətli hadisədir"
27 Aprel 2016 15:22 Siyasət"İnkluziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" şüarı altında BMT Sivilizasiyalar Alyansının Vll Qlobal Forumunun ölkəmizdə keçirilməsi çox mühüm və çox əhəmiyyətli hadisədir". Bunu millət vəkili Eldəniz Səlimov deyib. Əlavə edib ki, Forum Azərbaycanın bir daha dünyaya açılması, yəni, ölkəmizin sürətli inkişafının, əldə etdiyi böyük uğurların nümayişi, tanıtımı deməkdir: "Forumun keçirilməsi ilə bağlı hələ bir il öncə, 2015-ci ilin iyul ayının 24-də ölkə Prezidenti İlham Əliyev tərəfindən müvafiq sərəncam imzalanıb və həmin sərəncamla Forumun Təşkilat Komitəsi yaradılıb. Qeyd edim ki, Azərbaycan bu günə kimi bu Forum da daxil olmaqla, dünya əhəmiyyətli bir sıra forumlara, tədbirlərə uğurla evsahibliyi edib. Azərbaycan belə demək mümkünsə, dünyanın nüfuzlu beynəlxalq tədbirlərinin, forumlarının keçirilmə ünvanına, mərkəzinə, məkanına çevrilib. Bu, hər birimizin sevincidir, qürur və fəxr mənbəyidir. Əgər Azərbaycan özünün yüksək inkişaf səviyyəsinə nail olmasaydı, tolerantlığın modelinə çevrilməsəydi, heç şübhəsiz ki, bu cür beynəlxalq əhəmiyyətli nüfuzlu tədbirlərin ölkəmizdə keçirilməsi də mümkün olmazdı. Ancaq məhz Azərbaycanın yüksək, dinamik inkişafı, dini və mili tolerantlıq məkanı olması sayəsində ölkəmizdə hər il nüfuzlu beynəlxalq forumlar, tədbirlər keçirilir və bütün dünyaya yaxşı mənada səs salır. Hesab edirəm ki, bu Forum da məhz belə olacaq, Azərbaycan bu tədbirə də uğurla evsahibliyi edəcək. Təbii ki, həmişəki kimi, bundan da dostlarımız sevinəcək, düşmənlərimiz isə məyus olacaq, fiaskoya uğrayacaqlar".