Azərbaycan prezidenti bir neçə xarici qonağı qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Qətər baş nazirinin müavini Əhməd bin Abdullah Əl Mahmudu qəbul edib. Məlumata görə, dövlət başçısı Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin ölkəmizə rəsmi səfərini, həmçinin bu yaxınlarda İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti çərçivəsində keçirdikləri görüşləri və aparılan müzakirələri məmnunluqla xatırlayıb. Paytaxtımızda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Qətərin göstərdiyi diqqəti yüksək qiymətləndirən prezident İlham Əliyev bunu ölkələrimiz arasında dostluq münasibətlərinin göstəricisi kimi dəyərləndirdi, Forumda iştirakına görə Ə. Əl Mahmuda təşəkkürünü bildirib. Qətər baş nazirinin müavini Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu zamanı göstərilən diqqətə və qonaqpərvərliyə görə prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. O, ölkəmizin inkişafının, Bakının gözəlliyinin və paytaxtda planlı şəkildə həyata keçirilən abadlığın, eyni zamanda, insanların yüksək əhval-ruhiyyəsinin onda dərin təəssürat yaratdığını vurğulayıb, bu münasibətlə dövlət başçısına təbriklərini çatdırıb.

Azərbaycan prezidenti bu gün İran prezidentinin müavini, mədəni irs, əl işləri və turizm təşkilatının sədri Məsud Soltanifəri də qəbul edib. Dövlət başçısı İranın BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda yüksək səviyyədə təmsil olunmasından məmnun olduğunu deyib və bunu dostluğumuzun növbəti göstəricisi kimi qiymətləndirib. Son vaxtlar İranın yüksək vəzifəli şəxslərinin ölkəmizə səfər etdiklərini vurğulayan prezident İlham Əliyev İran prezidenti Həsən Ruhani ilə bu yaxınlarda İstanbuldakı görüşünü də məmnunluqla xatırlayaraq bildirib ki, bütün bunlar ölkələrimiz arasında münasibətlərin nə qədər yüksək səviyyədə olmasını göstərir. Dövlət başçısı ikitərəfli əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

M. Soltanifər isə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib. Hələ Gilan valisi vəzifəsində çalışdığı vaxt bir neçə dəfə Bakıda, Gəncədə və Azərbaycanın digər yerlərində olduğunu deyən iranlı qonaq budəfəki səfəri zamanı son vaxtlar ölkəmizdə gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib və bütün sahələrdə əldə olunan nailiyyətlər münasibətilə dövlət başçısını təbrik edib.

Azərbaycan prezidentinin daha bir görüşü Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri Adel bin Zaid Əl Toraifi ilə olub. O, kral Salman bin Əbdüləziz Əl Səudun tapşırığı ilə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etməsindən məmnun olduğunu deyib.

Prezident İlham Əliyev isə Səudiyyə Ərəbistanına bir il bundan əvvəlki rəsmi səfərini və səfər zamanı kral Salman bin Əbdüləziz Əl Səudun ona və nümayəndə heyətinə göstərdiyi qonaqpərvərliyi məmnunluqla xatırladığını bildirib. Dövlət başçısı bu səfəri iki dost ölkə arasında güclü əlaqələrin göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev Azərbaycanla Səudiyyə Ərəbistanının yaxın dost və tərəfdaş ölkələr olduqlarını və bir-birlərini daim dəstəklədiklərini vurğulayıb. Dövlət başçısı Səudiyyə Ərəbistanı Krallığının BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda bu səviyyədə iştirakını tədbirə verilən önəmin və ölkəmizlə dostluq əlaqələrinin göstəricisi kimi qiymətləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31