Azərbaycanın gənclər siyasəti dünyaya nümunə kimi göstərildi
27 Aprel 2016 13:24 SiyasətBütün cəmiyyətlərdə gənclərə verilən qiymət gənc nəslin özünə əminlik yaradır. Azərbaycan dövləti gənclərin cəmiyyətin bütün sferalarında fəaliyyətlərini təmin etmək üçün hər cür şərait yaradıb. Bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində "Sülhsevər və inklüziv cəmiyyətlərin formalaşdırılmasında gənclərin iştirakı: Nəsillər və sahələr arasında tərəfdaşlıq əlaqələrinin həlledici rolu" mövzusunda keçirilən paneldə səsləndirib. Millət vəkili bildirib ki, statistik göstəricilərə görə, Azərbaycan əhalisinin 28 faizini gənclər təşkil edir: "Gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakını təmin etmək məqsədilə dövlət gənclər siyasəti hazırlanıb və bu, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir. Gənclər siyasətinin əsas istiqamətləri öz əksini "Gənclər siyasəti haqqında" Qanunda tapır ki, burada da gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, onların sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluğunun təmin edilməsi, gənclər təşkilatlarına, həmçinin gənc ailələrə dövlət yardımı nəzərdə tutulub. Ölkəmizdə 1997-ci ildən etibarən Gənclər Günü qeyd edilir. Bu da gənclərin həyatında mühüm, əlamətdar hadisədir. Bir sözlə, Azərbaycan hökuməti daima gənclərin yanındadır, onların problemlərinin həlli üçün çalışır, cəmiyyətə inteqrasiyası üçün əlindən gələni edir. Prezident İlham Əliyevin bu yöndə sərəncamları, fərmanları hər bir gənc tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir". F. Muradov əlavə edib ki, erməni qəsbkarları 20 ildən artıqdır ki, Azərbaycanın ərazi bütövlüyünü pozub və sülhün bərqarar olunmasına mane olur: "Biz çalışırıq ki, öz haqq səsimizi dünya ölkələrində eşitdirək və torpaqlarımızın azad olunması üçün dünya birliyinin dəstəyini qazanaq. Belə olan təqdirdə beynəlxalq layihələrdə iştirakımızı daha da gücləndirmiş olarıq". Komitə sədri onu da qeyd edib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə artıq uzun illərdir ki, Azərbaycanda sivilzasiyalararası dialoq sahəsində mühüm tədbirlər həyata keçirilir. Fondun dünyaya həmçinin Azərbaycanın multikulturalizm modelinin təbliği istiqamətində də verdiyi töfhələr böyükdür. Bu mühüm Qlobal Forumun Azərbaycanda keçirilməsi də buna əyani sübutdur.