“Biz ədalət istəyirik, amma bu, baş vermir”

Novruz Məmmədov: “Dağlıq Qarabağ probleminin təməlində geosiyasi ambisiyalar dayanır”

"Azərbaycan 25 illik müstəqillik dövründə dünyada sülhə töhfə vermək istəyib. Biz bunu idman, mədəniyyət və digər sahələrdə də etməyə çalışmışıq. Bu gün BMT ilə belə bir tədbirin keçirilməsi də ilk hadisə deyil, belə tədbirləri çox keçirmişik". Bunu Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində "Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması" mövzusunda keçirilən bölmə iclasında Prezident Administrasiyası rəhbərinin müavini, PA Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. N. Məmmədov bildirib ki, BMT İkinci Dünya müharibəsindən sonra dünyada sülhün bərqərar olunmasına kömək etmək üçün yaradılıb: "BMT öz missiyasını yerinə yetirə bilmədiyi üçün Türkiyə və İspaniya BMT-nin Sivilizasiyalar Alyansının yaradılması təşəbbüsü ilə çıxış edib və Alyans yaradılıb. Hətta biz kiminləsə BMT ilə bağlı danışanda deyirlər ki, bu təşkilatın kimə xidmət etdiyi məlumdur. Son vaxtlar yağışdan sonra göbələk kimi çoxlu sayda regional və beynəlxalq təşkilatlar yaranır. Kaş beynəlxalq hüquq nisbi də olsa tətbiq ediləydi, o zaman dünyada vəziyyət belə olmazdı. Beynəlxalq hüququn tətbiq edilməsi hər bir böyük dövlətin öz istədiyini etməsindən daha yaxşı olardı". N. Məmmədov Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılmaması ilə bağlı sualların ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransaya, eləcə də BMT-yə ünvanlanmalı olduğunu bildirib: "Amma BMT bir dəfə də olsun, Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirməyib, bu məsələni ATƏT-ə tapşırıb. ATƏT də bu məsələni 3 həmsədr dövlətə tapşırıb. O həmsədr dövlətlər isə dünyaya elan edirlər ki, bu məsələ barədə heç kim danışa bilməz. Ay yarım əvvəl Azərbaycan Avropa Şurası Parlament Assambleyasında münaqişə ilə bağlı bir məsələ qaldırılmışdı. Ancaq həmsədr dövlətlər bu məsələnin müzakirə edilməməsi ilə bağlı tapşırıq verdilər. Görürsünüz ki, 3 nəfərdən ibarət qrup AŞPA-ya göstəriş verdi, onlar da yerinə yetirdilər. Bizim ərazilərimiz olan Dağlıq Qarabağın ətrafındakı 7 rayona Ermənistanın heç bir iddiası ola bilməz, orada 760 min azərbaycanlı yaşayıb. Ancaq bununla bağlı nə BMT-də, nə də digər qurumlarda beynəlxalq hüququ yada salan yoxdur. Buna görə də bugünkü vəziyyət yaranıb. Bu gün dövlətlər deyirlər ki, başqa dövlət bunu edir, mən də edəcəyəm. Ümid edək ki, axırı yaxşı olacaq". N.Məmmədov əlavə edib ki, İŞİD, "Əl-Qaidə" kimi terror təşkilatlarının yaranma səbəbləri üzərində düşünülmlidir. Biz bunu yaxşı anlamasaq, heç bir uğur əldə edə bilmərik. N. Məmmədov SSRİ-nin süqutundan sonra baş verənlərə diqqət yetirməyi zəruri sayıb: "25 il ərzində nələr baş verdi? Münaqişə baş verən ölkələrin sayı dəfələrlə artıb. Çünki beynəlxalq münasibətlərdə ədalət mövcud deyil, geosiyasi ambisiyalar üstünlük təşkil edib. İŞİD məsələsinə müxtəlif prizmalardan yanaşırıq. Məsələn, hazırda 220 qız "Boko Haram" terror təşkilatı tərəfindən girov götürülüb, heç kim buna mövqe bildirmir, hərəkətə keçmir. Yalnız onu eşidirik ki, qızlar sağdır, ailələri ilə təmasdadır. Azərbaycana gəlincə, tutaq ki, Dağlıq Qarabağ mübahisəli bölgədir. Belə olmasa da, belə təsəvvür edək. Ancaq Dağlıq Qarabağın ətrafında 7 rayon işğal altındadır, bu barədə heç kim danışmır. Beynəlxalq hüquqa əməl edilməlidir. Deyirlər ki, Azərbaycan gedib Ermənistanla danışsın. Dağlıq Qarabağ probleminin təməlində geosiyasi ambisiyalar durur. Dağlıq Qarabağın ətrafında 7 rayon işğal altındadır, bu barədə heç kim danışmır. Artıq beynəlxalq hüquqa əməl edilməlidir". N.Məmmədov ATƏT-in Minsk Qrupunun fəaliyyətinə də toxunub: "Biz beynəlxalq hüquqa ədalət mənbəyi kimi baxırıq. ATƏT-in Minsk Qrupu, yəni vasitəçilər heç vaxt demir ki, münaqişə beynəlxalq hüquq əsasında həll olunmalıdır". Liviya ilə bağlı BMT qətnaməsinin dərhal icra olunduğunu xatırladan N. Məmmədov Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsindən heç kimin danışmadığını bildirib: "Beynəlxalq hüquqdan danışılmadığı üçün bir çox regionlarda və Azərbaycanda belə durum mövcuddur. Biz ədalət istəyirik, amma bu, baş vermir. Çünki aparıcı dövlətlər bunu istəmir". Ermənistanın danışıqlardan yayınması məsələsinə toxunan PA rəsmiqi qeyd edib ki, Ermənistan prezidenti Serj Sarkisyan danışıqlara getməməklə özünə və xalqına pislik edir: "Azərbaycan münaqişəni yalnız sülh və danışıqlar yolu ilə həll etmək istəyir: "20 ildən artıq müddətdə Azərbaycan bu yola sədaqətini göstərib. Ancaq münaqişənin həlli ilə bağlı irəliyə getmək üçün hər hansı imkan yarananda Ermənistan təxribata əl atır. Bu, 10-12 il əvvəl, 2009, 2014 və bu il aprel ayının əvvəlində olub. Ermənistan münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin marağını görüb, təxribata əl atdı, təxribatının cavabını da aldı. İki gün əvvəl isə Ermənistan prezidenti Serj Sarkisyan deyib ki, artıq danışıqlara getməyəcək. Ermənistan prezidenti danışıqlara getməməklə özünə və xalqına pislik edir. Biz torpaqlarımızı mütləq işğaldan azad edəcəyik. Beynəlxalq birliyin köməyi ilə buna nail olacağıq. Ermənistan rəhbərliyi öz xalqının gələcəyini düşünsün". N. Məmmədov Rusiya sülhməramlılarının bölgədə yerləşməsi ilə bağlı ortada konkret məsələ olmadığını da deyib.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31