“BMT heç nəyə yaramırsa, niyə saxlayırıq?”
PA rəsmisi: “Kimin pulu varsa, BMT vasitəsilə nə istəyir, edəcək”
27 Aprel 2016 13:19 SiyasətBakıda baş tutan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu öz işini davam etdirir. Aprelin 27-də Forum çərçivəsində "Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması" mövzusunda bölmə iclası keçirilib. İclasda çıxış edən Prezident Administrasiyası rəhbərinin müavini, Azərbaycan Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov BMT-ni sərt tənqid edib: "BMT heç nəyə yaramırsa, niyə saxlayırıq?" deyən N. Məmmədovun fikrincə, kimin pulu varsa, BMT vasitəsilə nə istəyir, edəcək: "Əslində, edirlər də. SSRİ dağılıb, yerində Qərb üçün nə qalıb?! Azərbaycan 25 il ərzində Qərblə sədaqətlə əməkdaşlıq edib və edir, Asiya dövlətləri isə 5-6 il əməkdaşlıqdan sonra kənara çəkildi. Biz bir-birimizə etimad, inamın olmasını istəyirik". Türkiyənin Avropa İttifaqı üzrə keçmiş naziri Egemen Bağış bildirib ki, münaqişələrin həlli üçün yeganə qurum BMT-dir: "Ancaq Ermənistan kimi dövlətlər BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur. Amma digər hallarda və regionlarda BMT-nin reaksiyası çox cəld ola bilər, hətta bəzən hərəkətə keçdikdən sonra da qərarın qəbul edilə bilər. BMT-də islahatlar aparılmalıdır. Beş dövlətin sövdələşməsi fərqli durum, müxtəlif qrup dövlətlərdə mənfi hisslər yaradıb. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyətin fikri tam riyakarlıqdır. Azərbaycan inkişaf edən firavan bir ölkədir, azərbaycanlıların həyat şəraiti getdikcə yaxşılaşır. 30 il əvvəl ilə müqayisədə Bakı inkişaf etmiş Avropa şəhəridir. Ancaq Ermənistan münaqişədən əziyyət çəkir, əhalisi 4 milyondan 2 milyona qədər azalıb. Çünki bu ölkədə yoxsulluqdur. Bu səbəbdən Ermənistana Azərbaycanla münaqişədə sülh əldə edilməsi lazımdır. Ermənistanın milli maraqları diaspor tərəfindən tapdanır. Diaspor üzvləri Avropada, ABŞ-da firavan həyat yaşayır. Erməni baxçalarının birində şer öyrədirlər, deyirlər ki, it olaram, türk olmaram. Bu, nifrətin təbliğidir". Şimali İrlandiya Milli Assambleyasının keçmiş spikeri Lord Alderdice isə BMT-nin pula, orduya, polis qüvvələrinə malik olmadığını qeyd edib: "BMT sadəcə masadır. Dövlətlər oturub qərar qəbul edirlər. Beynəlxalq hüquq yox, sadəcə, müəyən qaydalar var. Ümid edirik ki, insanlar bu qaydaları tətbiq edəcəklər. Başa düşməliyik ki, hüquq bizi bir araya gətirmir. Bütün müqəddəs kitablarda ölümə qarşı çıxılır, ona görə də biz ədalətli münasibətlər qurmalıyıq". "Dağlıq Qarabağ məsələsi göstərir ki, BMT reallıqlarla işləyə bilmir. Daha ədalətli beynəlxalq sistem qurulmalıdır". /Bunu isə Azərbaycan ərazilərinin işğalına, Dağlıq Qarabağ probleminin həllinə, azərbaycanlı qadın və uşaqların əsirlikdə saxlanılmasına, Ermənistanın son günlər danışıqlardan imtina etməsinə dünya birliyinin nə üçün reaksiya verməməsi ilə bağlı sualı cavablandırarkən "Jordan Times" jurnalının baş redaktoru Samir Barhoum söyləyib. S. Barhoum münaqişələrin həlli məsələlərində İŞİD kimi terror qruplaşmalarla deyil, dövlətlərlə dialoq aparılmasının tərəfdarı olduğunu söyləyib. Sülh və Mühafizə üzrə Brazzavil Fondunun sədri Jan-Yves Olliver isə münaqişə tərəflərinin başqa dövlətləri, beynəlxalq təşkilatları öz tərəflərinə çəkməyə çalışdığını, münaqişənin digər tərəfini pisləməyə nail olmaq istədiyini bildirib: "Ancaq biz deyə bilmərik ki, bir tərəf tam haqlı, digər tərəf isə tam haqsızdır. Hər iki tərəfin haqlı və haqsız məqamları ola bilər. Biz qəbul etməliyik ki, qarşı tərəf bizim kimi düşünmür".
Forum öz işini "Bakı prosesi: Qlobal mədəniyyətlərarası dialoq üçün yeni çağırışlara cavab" adlı panel müzakirəsi ilə davam etdirib. Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, "Bakı prosesi" diplomatik termin olaraq artıq dünya səviyyəsində qəbul olunub: "Bakı prosesi müvəqqəti baxış deyil. Azərbaycanda hər 8-ci vətəndaş məcburi köçkün statusu alıb. Böyük çağırış və problemlərə məruz qalıb. Lakin artıq bu, keçib və tarixə çevrilib. Biz bunu bölüşməyə hazırıq. Azərbaycan mədəniyyətinin yeni vizyonunu artıq dünyaya nümayiş etdirmişik. Biz Azərbaycan məsuliyyəti ilə fəxr edirik. Düşünürük ki, bu hisslər dünya ilə paylaşılmalıdır və bu, mədəniyyətlərarası dialoqun bir hissəsidir. Əlimizdən gələni etməliyik ki, mədəniyyət təşviq olunsun". BMT Sivilizasiya Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl Naser isə bildirib ki, 2008-ci ildən başlayan "Bakı prosesi" konstruktuv məhsuldarlıq, tolerantlıq, qarşılıqlı anlaşmanın təşviqi baxımından böyük prosesidir: "BMT Sivilizasiya Alyansı bu cür təşəbbüsləri dəstəkləyir. Azərbaycan multikulturalizmi dövlət siyasətinə çevirib. Biz multikulturalizmi öz cəmiyyətlərimizdə tətbiq etməliyik". İSESCO-nun baş katibi Əbdüləziz əl Tüveycri isə deyib ki, insanları bir araya gətirməklə, problemlər çözülə bilər: "Bundan sonra qarşılıqlı anlaşma əsasında münasibətlərimizi qura bilərək. Biz bir bəşəriyyətin övladlarıyıq. İrq və din bizə baryer yaratmamalıdır, əksinə aramızda körpü rolunu oynamalıdır. Mən İSESCO-nun bu prosesə dəstəyini bir daha ifadə etmək istəyirəm". Panelin digər iştirakçısı "Global Compas" təsisçisi və baş icraçı direktoru Kristof Bas isə hər zaman insanlarla danışmağa, ünsiyyətə meylli olmağın vacibliyini vurğulayıb: "İnsanlar buna bir qədər çəkinərək yanaşırlar. Biz insanlar arasında olan anlaşmanı təbliğ etmək istəyiriksə, lider və rəhbərlik tərəfdən ismarış olmalıdır. Burada vətəndaş cəmiyyəti və iş adamlarının da aktivliyi olmalıdır". Öz növbəsində UNESCO-nun Mədəniyyətlərarası dialoq departamentinin direktoru Belinda Peris "Bakı prosesi" ilə bağlı bəzi təkliflər verib: "Bu forumda dünyada nə baş verdiyi barədə danışırdıq. Zorakılıqlar baş verir, terror hadisələr törədilir. Bunlar qorxu yaradır və biz bu fenomenlərə qarşı mübarizə aparmalıyıq. Eyni zamanda keyfiyyətli təhsil, iqtisadi problemlər, şəxsi ləyaqətə hörmət məsələlərini həll etməliyik. Bütün bunlar bir-biri ilə bağlıdır. "Bakı prosesi" qlobal və uğurlu platformadır, uğurla fəaliyyət göstərir və yeni imkanlar təqdim edir".
Alim