Azərbaycanı dünyaya yaxından tanıdan fürsət
BMT Sivilizasiyalar Alyansının Vll Qlobal Forumu bütün parametrləri üzrə ölkəmizə yalnız müsbət dividentlər gətirəcək
27 Aprel 2016 13:05 SiyasətAzərbaycan yenə də dünyanın diqqət mərkəzindədir. Hər zaman ilklərə imza atan, beynəlxalq əhəmiyyətli toplantılar, forum və konqreslər keçirən, mədəni-kütləvi tədbirlərin əsas təşkilatçısı olan ölkəmiz bu günlərdə BMT Sivilizasiyalar Alyansının Vll Qlobal Forumuna evsahibliyi edir. Məlumat üçün qeyd edək ki, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq, əməkdaşlıq və davamlı inkişafın təşviqi, milli, dini və irqi ayrı-seçkiliyin, dünyada sülh və təhlükəsizliyi təhdid edən neqativ halların aradan qaldırılması, habelə ümumbəşəri əhəmiyyət kəsb edən aktual məsələlərin müzakirə olunduğu, mühüm problemlərin həllinə dəstək məqsədi daşıyan qlobal platformadır. Aprelin 27-dək davam edəcək forum "İnkluziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" şüarı altında baş tutur. Forum çərçivəsində ekstermizmə və terrora qarşı mübarizə, qlobal miqrasiya, qlobal vətəndaşılıq, nifrət nitqinin yayılmaması, təhsil, din, idman, gənclərin rolu, Bakı prosesi, inkluziv cəmiyyətlərin qurulması, multikulturalizm və digər məsələlər müzakirə ediləcək.
Birmənalı olaraq qeyd edə bilərik ki, BMT Sivilizasiyalar Alyansının Vll Qlobal Forumunun Azərbaycanda keçirilməsinin bir neçə parametrlər üzrə ölkəmizə xeyri, faydası olacaq. Əvvəlcə onu qeyd etmək lazımdır ki, belə bir tədbirin Azərbaycanda keçirilməsi bu il ölkəmizdə elan olunan "Multikulturalizm İli"nə bir töhfədir. Bu həm də öz-özlyündə Azərbaycanın multikultural dəyərələrə sadiqliyi, burada müxtəlif mədəniyyətlərin cəmləşdiyinin dünyaya bir daha yaxından tanıdılmasıdır. İki gün ərzində Azərbaycanda olan onlarla ölkənin dövlət və hökumət rəsmiləri, ictimai təşkilat nümayəndələri, beynəlxalq qurumların təmsilçiləri Azərbaycandakı multikulturalizmlə yaxından tanış olacaq, burada müxtəlif mədəniyyətlərin formalaşdığının, birgə yaşayışın yüksək səviyyədə təmin olunduğunun əyani şahidinə çevriləcəklər. BMT Sivilizasiyalar Alyansının Vll Qlobal Forumu bir daha onu sübita yetirəcək ki, Azərbaycan öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, milli və ümumbəşəri dəyərlərin, milli və dini müxtəlifliyin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, ayrı-ayrı istiqamətlərdə müşahidə olunan problemlərin həllinə dəyərli töhfələr verir və bundan sonra da verəcək.
BMT Sivilizasiyalar Alyansının Vll Qlobal Forumu həmçinin Azərbaycanın etibarlı tərəfdaş, dünya siyasətində xüsusi yeri və rolu olan, regionun lider dövlət funksiyasını yerinə yetirən bir ölkə imicini də formalaşdıracaq. Ümumiyyətlə, BMT Sivilizasiyalar Alyansının Vll Qlobal Forumunun Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünyanın ən nüfuzlu ali qurumunun, dünya ölkələrinin Azərbaycana olan hörmətinin, etimadının, ölkəmizin dünya siyasətində, beynəlxalq münasibətlər sistemində yerinə və roluna, habelə multikultural dəyərlərin təşviqi və sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun inkişafına töhfələrinə verilən qiymətin real ifadəsidir. Qeyd etmək lazımdır ki, Azərbaycan bundan əvvəl də qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi etməklə bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınmağa başlamışdı. Keçən il baş tutan I Avropa Oyunları, ondan əvvəl keçirilən "Evrovision" musiqi yarışması, müntəzəm olaraq təşkil edilən Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu və bu kimi tədbirləri buna misal göstərmək olar. Gələcək illərdə isə Azərbaycan IV İslam Həmrəylik Oyunları, Dünya Şahmat çempionatı kimi mötəbər tədbirlərə evsahibliyi edəcək.
BMT Sivilizasiyalar Alyansının Vll Qlobal Forumunun Bakıda keçirilməsinin digər üstün cəhəti təbliğat məsələləri ilə bağlıdır. Məlumdur ki, iki gün ərzində forumu yerli media ilə yanaşı onlarla xarici televiziya kanalı, kütləvi informasiya vasitəsi də işıqlandıracaq. Bu o deməkdir ki, iki gün ərzində bütün dünya məhz Azərbaycandan danışacaq. Azərbaycanın harada yerləşməsi, hansı regiona daxil olmasını bilməyən xarici ölkə vətəndaşları KİV-lərin, beynəlxalq medianın vasitəsilə ölkəmiz barədə ətraflı məlumatlanacaqlar. Heç şübhəsiz ki, xarici media yalnız forumun gedişini işıqlandırmaqla işini bitmiş hesab etməyəcək. Azərbaycanda olduğu müddətdə xarici kütləvi informasiya vasitələri ölkəmizin tarixi mədəni abidələri, dini və milli tolerantlığı barədə də ətraflı məlumatlandırılacaq ki, bu da dövlətimizin təbliğatı baxımından önəmli sayıla bilər
S.İsmayılbəyli