BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun ölkəmizdə keçirilməsi Azərbaycana olan etimad və inamın göstəricisidir

Bakıda BMT sivilizasiyalar alyansının 7-ci qlobal forumu öz işinə başlayıb. Bu beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycana olan etimad və inamın göstəricisidir. Forumda dünyanın ayrı-ayrı ölkələrinin liderlərinin, rəhbər şəxslərinin iştirakı forumun əhəmiyyətindən xəbər verən  ən başlıca əlamətdir. Forum çərçivəsində təhsil, idman, mədəniyyət və digər sahələr barədə aparılacaq diskussiyalar dünyanın gələcək inkişafı baxımından yeni səmərəli dialoq mühitinin yaradılmasına xidmət edəcəkdir. Bu forum Azərbaycanın dünyada nə qədər önəmli bir dövlətə çevrildiyini əyani şəkildə isbat edəcək. BMT kimi nüfuzlu beynəlxalq təşkilatın Azərbaycanla olan bu əməkdaşlığı gələcəkdə bütün sahələrdə mədəni yaxınlaşmaya səbəb olacaq.
Ölkəmizin günü-gündən artan siyasi və iqtisadi reputasiyası, regional mərkəzə çevrilməsi prosesi aydın məsələdir ki, forumdan sonra daha da intensivləşəcək. Forum çərçivəsində Bakıya gəlmiş qonaqlar Azərbaycan həqiqətləri, ölkəmizin necə sürətlə inkişaf etdiyinin şahidi olacaqlar. Son illər ərzində Azərbaycanın bir sıra beynəlxalq əhəmiyyətli mötəbər tədbirə ev sahibliyi etməsi bu forum üçün də, mühüm təcrübə oldu. Ümumiyyətlə, ölkəmizin son illər ərzində dünyada gedən mədəni və sülhsevər siyasətin əsas mərkəzlərindən biri olmaqla dünya insanının qardaşlaşdığı, heç bir insanın özünü yad hiss etmədiyi, dünya dinlərinin mədəniyyətlərinin qovuşduğu bir mərkəzə çevrilməsi hər kəsə aydındır. Bütün dünyada dini, irqi, milli, mədəni zəmində ayrıseçkiliyin olduğu bir məqamda dünya insanı sülh axtarışındadır. Sülhü tapmaq, onu qorumaq üçün hər kəs səy göstərir.  Amma, əfsuslar olsun ki, dünyada daha da genişlənməkdə olan münaqişə ocaqları daimi sülhə əngəl yaradan əsas səbəblər sırasındadır. Bu baxımdan forumda sadalanan məsələlər ətrafında fikir mübadiləsinin aparılması sözügedən istiqamətdə müsbət irəliləyişin olmasına səbəb ola bilər.

Əli Pənahov

YAP Gənclər Birliyinin sədr müavini, ofis rəhbəri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31