Ermənilər öz qazdıqları quyuya düşürlər

Aprelin 25-də Ermənistanın paytaxtı İrəvanda avtobusun partlaması xəbəri yayıldı.  Cəbhədə vəziyyət gərgin olduğu zaman, Serj Sərkisyan "Bloomberg" agentliyinə verdiyi məlum açıqlamanın ardınca bu cür hadisənin baş verməsi, ortada erməni təxribatının olmasını istisna etmir. Tamamilə mümkündür ki, Ermənistan tərəfi bunu planlı şəkildə həyata keçirərək, cəbhədə vəziyyətin gərgin olduğu dönəmdə bunu guya Azərbaycan tərəfinin etdiyini beynəlxalq aləmə bəyan etsin. Onu da qeyd edək ki, 1990-cı ilin əvvəllərində Qarabağda vəziyyətin gərgin olduğu zamanlarda ermənilər Bakıda da terror hadisələri törədərək, müxtəlif təxribatlara əl atırdılar. Yaxın keçmişə nəzər salsaq, görərik ki, Qarabağ münaqişəsi başlanandan ermənilər ölkə ərazisində çoxlu sayda  terror hadisələri törədiblər. Onların törətdikləri teraktlar əsasən əhalinin daha çox istifadə etdiyi sərnişin avtobusu, qatar, metro və hava nəqliyyatında olub. Onlardan bəzilərini yada salaq:  16 sentyabr 1989-cu il - Tbilisi-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılıb, 5 nəfər həlak olub, 25 nəfər yaralanıb. Bu hadisədən 1 ildən də az vaxt keçdikdən sonra  13 fevral 1990-cı il Yevlax-Laçın avtomagistralının 105-ci kilometrində Şuşa-Bakı marşrutu ilə hərəkət edən avtobus partladılıb. Hadisə nəticəsində 13 nəfər azərbaycanlı yaralanıb. Həmin ilin 11 iyul 1990-cı il tarixində Tərtərdən Kəlbəcərə sərnişin aparan avtobus və xalq təsərrüfatı malları daşıyan maşın karvanına qarşı ermənilər tərəfindən terror aksiyası keçirilmiş,  nəticədə 1 qadın, 7 kişi qətlə yetirilib, 23 nəfər isə ağır yaralanmışdı. İstintaq zamanı müəyyən edilmişdi ki, terror aksiyasını Ayriyan Arkadi, Abramoviç və Babayan Samvel Andronikoviç törədiblər. Onlar həmçinin 1990-cı il dekabrın 15-də Əsgəran rayonunun Cəmilli və Kosalar kəndi arasında 3 nəfər azərbaycanlı kəndlini qətlə yetiriblər. Hər 2 cinayətkar həbs olunub, 1992-ci il iyunun 19-da ölüm hökmünə məhkum ediliblər. Siyahını daha da uzatmaq olar. 20 noyabr 1991-ci il Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən "Mi-8" tipli vertolyot vurulub. Nəticədə Xankəndiyə sülhməramlı missiya ilə səfər edən 22 nəfər yüksək çinli dövlət məmuru dünyasını dəyişib. 28 yanvar 1992-ci il Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülki vertolyot erməni terrorçuları tərəfindən vurulub, əksəriyyəti qadın və uşaq olan 41 nəfər sərnişin və 3 ekipaj üzvü həlak olub. 19 mart 1994-cü il Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında elektrik qatarında törədilmiş terror aktı nəticəsində 14 nəfər həlak olub, 49 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdı. İstintaq tədbirləri zamanı müəyyən edilib ki, terror aksiyası Ermənistan XXO rəhbərliyi ilə separatçı Sadval Ləzgi Xalq Hərəkatı təşkilatının üzvləri tərəfindən həyata keçirilib.  3 iyul 1994-cü il Bakı Metropoliteninin "28 May" - "Gənclik" stansiyaları arasında elektrik qatarında törədilən partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Statistik rəqəmlərə görə, indiyədək ermənilər tərəfindən mülki şəxslərə və hərbçilərə qarşı 338 terror aktı törədilib. Bu zaman həlak olanların sayı 881 nəfər, yaralananların sayı isə 1239 nəfər olub.

Milli.Az bildirir ki, Ermənistanda baş verən son partlayışla bağlı musavat.com-a  danışan deputat Zahid Oruc bildirdi ki, İrəvanda avtobusun partlamasının süni hadisə olduğunu, yoxsa orada hansısa hərbi sursat partladıldığını təyin etmək çox çətindir: "Çünki hazırkı dövrdə belə hadisənin lokal  maraqdan, adi kriminal cinayət kimi qələmə verilməsi  doğru olmazdı. İkincisi, bunun cəbhədəki vəziyyətlə birbaşa bağlı olduğunu düşünmürəm. Lakin şübhə etmirəm ki, Ermənistanda hakimiyyət və xalq arasında münasibətlər gərginləşdikcə və 4 günlük müharibənin təsirləri daha ağrılı bir fazaya keçdikcə mümkündür ki, ölkədə vəziyyət nəzarətdən çıxsın. Belə olan təqdirdə Sərkisyan əleyhdarları hər cür vasitəyə əl ata bilərlər. Ter-Petrosyan və Sərkisyanın görüşündən sonra Köçəryan dərhal kəskin bəyanat vermişdi ki, onun belə bir həmrəylik addımına  ehtiyacı yoxdur. Qısa müddət sonra Köçəryanın evinə qranat atıldı və guya hakimiyyət bu hadisənin izinə düşmək istədi. Deməli ki, Ermənistanda nəzarətdən kənar olan xeyli silah və sursat var. Eyni zamanda siyasi vasitələrlə Sərkisyanı devirə bilməyənlər müxtəlif kriminal hadisələrə əl atacaqlar. Bu hadisə fonunda  Ermənistanın nə Türkiyənin, nə də Azərbaycanın içərisinə qədər  sızmaq və diversiyanı İrəvanda aparmaq kimi iddialarına heç bir əsas verilməyib. Ermənistan maksimum istəyərdi ki, atəşkəs Qazaxdan, Gədəbəydən, yaxud da Naxçıvan tərəfdən pozulsun ki, Nikolay Bordyujaya real faktlar göstərsinlər ki, Azərbaycan İrəvanın təhlükəsizliyini, oradakı vətəndaşların həyatını təhdid edir". Z. Oruca görə, baş verən hadisə özünün səviyyəsindən çıxır: "Bu hadisənin terakt, yoxsa başqa bir səbəbdən baş verməsini söyləmək çətin olsa da, görünən bir şey var. Hadisə artıq dərəcədə siyasi rəng almağa başlayır. Hiss olunan budur ki, artıq hazırkı  hakimiyyətin əleyhdarları Sərkisyanın duruma nəzarət edə bilmədiyini, hərbi siyasi qüvvələrlə xalqın maraqlarında ciddi toqquşmaların olduğunu göstərirlər. Buna görə də ehtimal edirəm ki, hadisələr bundan sonra daha ciddi silahlı qarşıdurma şəklini alacaq. Yəni ermənilərin  içərisində elə qüvvələr tapılacaq ki, Qarabağ məsələsi İrəvanda həll olunur deyərək silah götürsünlər və Sərkisyanın üzərinə getsinlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31