Siyasət yalnız intriqalardan ibarət olmamalıdır
Tural Abbaslı: “Xalqla işləmək və onların səsinə, sözünə və siyasi sifarişinə qulaq vermək gərəkdir”
26 Aprel 2016 13:12 SiyasətMüsavat Partiyasında başqan dəyişikliyindən sonra bu partiyanı tərk edənlər sırasında xeyli sayda gənclər də oldu. Partiyanın keçmiş Divan üzvü Tural Abbaslının liderliyi ilə qısa zamanda AĞ Blok adlı qurumda birləşən sabiq müsavatçılar hazırda yeni partiya təsis etmək istiqamətində fəaliyyətlərini davam etdirirlər. AĞ Partiya kimi fəaliyyət göstərəcək yeni siyasi qüvvənin təşkilatlanması, qarşısına qoyduğu məqsəd və vəzifələrlə bağlı Müsavat Partiyasının keçmiş Divan üzvü, AĞ Partiyanın təşəbbüskarlarından olan Tural Abbaslı ilə söhbətləşdik.
-Tural bəy, AĞ Blokun partiya kimi təsis qurultayının keçirilməsi nə vaxta nəzərdə tutulub və bu quruıtay ölkənin siyasi həyatına hansı yenilik gətirəcək?
-AĞ Partiyanın Qurultayını ilkin planlamamıza görə mayın 29-da keçirmək niyyətindəyik. Bu istiqamətdə hazırlıqlarımız davam edir. Buraya Qurultayın texniki, hüquqi və siyasi məsələlərdə hazırlığı daxildir. Əgər dediyimiz tarixə qədər bu hazırlıqları bitirsək qurultayımız həmin tarixdə keçiriləcək. Hazırlıq işləri o vaxta qədər başa çatmsa o halda qurultayımız iyunun ilk ongünlüyündə keçiriləcək. Sualın ikinci hissəsinə gəılincə isə, hələlik indidən AĞ Partiyanın ölkənin siyasi həyatına hansı yenilikləri gətirəcəyini demək olmaz. Bunu zaman və bizim fəaliyyətimiz göstərəcək. Həm də siyasi aləmə nəsə yenilik gətirməyə iddialı olmaqdan daha çox xalqın və seçicilərin etimadını qazanmağa çalışmaq lazımdır. Siyasət yalnız intriqalardan ibarət olmamalıdır, xalqla işləmək və onların səsinə, sözünə və siyasi sifarişinə qulaq vermək gərəkdir. Bu daha vacibdir.
-Fəaliyyətiniz AĞ Partiya adı altında davam edəcək, yoxsa ad məsələsində hansısa dəyişikliklər mümkündür?
-Quracağımız partiyanın adını həm AĞ Blokun siyasi davamı kimi, həm də Türkiyə AK Partiyasının siyasi kursunu bəyəndiyimiz üçün yəqin ki, elə AĞ Partiya qoyacağıq.Ancaq bu o demək deyil ki, digər təkliflər olacaqsa nəzərə alınmayacaq. Qurultayda hər bir qurultay nümayəndəsinin təklif vermək hüququ var. Hər təklif də demokratik səs vermə ilə dəyərləndiriləcək.
-Mətbuata açıqlamanızda hakim partiyanı da qurultaya dəvət edəcəyinizi bildirmişdiniz. Bu o anlamı verirmi ki, sizin partiya müxalifət olmaqla yanaşı hakimiyyətlə də əməkdaşlıq edə bilər?
-Əvvala onu qeyd edim ki, mən və ətrafım hər zaman hakimiyyətə müxalifətdə olmuşuq və 15 ildən artıqdır ki, bu yöndə fəal mübarizəyə davam edirik. Biz yenə də hakimiyyətə müxalif mövqedə olacağıq. Mən dəfələrlə bildirmişəm və bir daha qeyd edirəm ki, AĞ Partiya qurulacaqsa o, müxalifət partiyası kimi fəaliyyət göstərəcək. Qurultaya kimin dəvət olunması isə hər hansı bir siyasi qurumun siyasi xəttini bəlirləmir. Belə məsələlər sırf siyasi protokol və siyasi etiket qaydasıdır.
-Ümumiyyətlə, hakimiyyətlə əməkdaşlığınız hansı məsələlərdə mümkündür?
-Biz partiya olaraq Azərbaycanda fəaliyyət göstərən, hədəf və məqsədləri bizimkilərlə eyni olan bütün siyasi partiya və quruluşlarla əməkdaşlıq etmək niyyətindəyik. Hakim partiya ilə isə ancaq Qarabağ, dövlətçilik maraqları və bu kimi digər ümumimilli məsələlərdə əməkdaşlıq edə bilərik.
-Belə qənaətə gəlmək olar ki, partiyanız konstruktiv müxalifət kimi fəaliyyət göstərəcək. Ancaq bəzi müxalifət partiyaları konstruktiv fəaliyyəti məqbul saymır. Belə ki, zamanında ADP, VİP konstruktiv mövqe sərgiləyəndə onlara qarşı AXCP və Müsavat tərəfindən təpkilər, hücumlar oldu. Siz də belə təpkiləri gözləyirsinizmi?
-Ümumiyyətlə biz siyasi rəqabəti və siyasi mübarizəni şəxsi düşmənçilik zəmininə endirməyin tərəfdarı deyilik. Biz Azərbaycandakı siyasi münasibətlərin, yəni iqtidar müxalifət münasibətlərinin ən azı Türkiyədəki kimi olmasının tərəfdarıyıq. Oradakı siyasilər bir-birilərini kəskin tənqid etsələr də, bir-birlərinin şəxsi, ağır və ya xoş günlərində həmrəylik nümayiş etdirirlər.
-Belə bir fəaliyyət göstərmək bir qədərə çətin olmayacaq?
-Bizim fəaliyyətə hansısa partiyaların bizə hücumlarının təsiri olacağına inanmıram. Biz partiyalararası intriqaların yox, real mübarizənin tərəfdarıyıq. Bu o deməkdir ki, bizimlə münasibətlərin necəliyini onların özləri müəyyən edəcəklər. Əgər dost olmaq istəsələr dost, rəqib olmaq istəsələr qarşılarında rəqib görəcəklər.
-Qurultayda yəqin ki, sədrliyinizi irəli sürəcəksiniz. Alternativ namizəd də olacaqmı, yoxsa yalnız sədrliyə namizəd sizsiniz?
-Hələlik partiya sədrliyinə tək namizəd mənəm. Ancaq əminəm ki, Qurultaya qədər başqa namizədlər də olacaq. Bu da təbiidir. Biz altetnativli seçkilərin tərəfdarıyıq. Sədr seçkiləri gizli səsvermə yolu ilə keçiriləcək deyə istənilən üzv rahat şəkildə namizədliyini irəli sürə bilər. Hər halda zamanında daha dəqiq bilinəcək
-Vaxtı ilə Müsavat Partiyasında irad tutduğunuz məqamlar sizin partiyada təkrar olunmayacaq?
-Müsavatdakı indiki hallar dedikdə Arif Hacılının avtoritar idarə metodunu nəzərdə tutursunuzsa biz bunu istəsəydik və qəbul etsəydik elə orada qalardıq. AĞ Partiya ancaq və ancaq demoratik dəyərlərə istinad edərək fəaliyyət göstərəcək.Ancaq istənilən halda bunun necə olacağını zamanında hər kəs görəcək.
Süleyman