Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır
Hatayda “Qondarma erməni soyqırımı yalanlarına cavab” adlı konfrans keçirilib
26 Aprel 2016 12:49 SiyasətHatay, Dörd Yol bələdiyyəsinin təşkil etdiyi konfransa çoxlu sayda ziyalılar və gənclər qatılıb. Dörd Yol bələdiyyə başqanı Yaşar Toksoyun açılış çıxışından sonra təşkil edilən və "Qondarma erməni soyqırımı yalanlarına cavab" adlı konfransda geniş məruzə ilə çıxış edən millət vəkili Q.Paşayeva 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər: "Bu yalanların qarşısının alınmasının tək bir yolu var - birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaq. Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq. Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşür". Millət vəkili bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. Q.Paşayeva dünyanın hər yerində yaşayan türk kökənli insanları erməni yalanlarına qarşı daha ciddi mübarizəyə səsləyib: "Ermənilərin 23 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törətdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı soyqırımını unutmayacağıq və unutdurmayacağıq. Xocalı soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq Xocalı soyqırımını törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələri Azərbaycanın ən böyük hədəflərindən biridir". Q.Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır: "Biz sadəcə olaraq ədalət istəyirik! Xocalıda, Qaradağda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də törətdikləri cinayətə görə ədalət qarşısında cavab verməyiblər. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar. Bu Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik".
Türkiyənin Hatay vilayətinin Dörd Yol bölgəsində keçirilən konfransda millət vəkili Qənirə Paşayeva və araşdırmaçı-yazar, "Olaylar" İnformasiya Agentliyi və qəzetinin baş redaktoru Yunus Oğuz Dörd Yol bələdiyyə başçısı Yaşar Toksoyla görüşüblər. Dörd Yol bələdiyyə başqanı son günlər ön cəbhədə yaşanan hadisələrə toxunaraq "Azərbaycanda Vətən üçün şəhid olan qardaşlarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik" deyib. "Azərbaycanın şəhidi bizim də şəhidimizdir" - deyən bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu və Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək davasında hər zaman yanında olduğunu deyib. Yaşar Toksoya təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva və Yunus Oğuz da son günlər qardaş Türkiyədə terror aktları zamanı və ya terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyib və "hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır" deyiblər. Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhər və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Hatayın, Dörd Yolun da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirən Q.Paşayeva yaxın zamanlarda Hatay, Dörd Yolun mərkəzi parklardan birinə "Qarabağ" adının veriləcəyinə və orada şəhidlərimizin xatirəsinə "Şəhidlər" abidəsinin qoyulacağına inandığını deyib və bələdiyyə tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Q.Paşayeva və araştırmaçı-yazar, "Olaylar" İnformasiya Agentliyi və qəzetinin baş redaktoru Yunus Oğuz bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıblar. Azərbaycanı çox sevdiyini deyən Hatay, Dörd Yol bələdiyyə başçısı Yaşar Toksoy Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Dörd Yol bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib.O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Bələdiyyə başçısı hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib və millət vəkili Qənirə Paşayevanın Hatay, Dörd Yolda Qarabağ parkı və Şəhidlər abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiyini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib. Bələdiyyə başçısına müəllifi olduğu "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası" kitabı barədə danışan deputat kitabın növbəti hissələrində qədim Hatay, Dörd Yolun da yer alacağını bildirib: "Azərbaycan insanına Hatayı daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək". Dörd Yol bələdiyyə sədrinə Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən millət vəkili Q.Paşayeva və araşdırmaçı-yazar, "Olaylar" İnformasiya Agentliyi və qəzetinin baş redaktoru Yunus Oğuz onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Dörd Yol bələdiyyə başkanı dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib. Q.Paşayeva bələdiyyə başqanına həmmüəllifi olduğu "Karabağ hikayeleri"ni, Yunus Oğuz isə Türk dünyası ilə bağlı kitablarını da bələdiyyə başqanı, bələdiyyə Məclis üzvlərinə imzalı hədiyyə ediblər.
Alim