Qərb Qarabağ məsələsində niyə susur?
25 Aprel 2016 16:46 SiyasətQərb dövlətləri Dağlıq Qarabağ probleminin həllinə dair məsələdə hələlik gözləmə mövqeyi tutublar. Lakin onlar da boş dayanmayıb öz işlərini görürlər. Bunu Milli.Az-a təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov bildirib. Politoloqun sözlərinə görə, son vaxtlar Dağlıq Qarabağ probleminin həlli prosesi əsasən Moskva-Bakı-Yerevan arasında gedir. Təbii ki, Qərb də Qarabağ məsələsindən istifadə edərək Cənubi Qafqazda varlığını davam etdirməyə can atır və atacaq da: "Hələlik amerikalı və fransalı həmsədrlər kənara çəkiliblər. Amma bu o demək deyil ki, onlar Rusiyanın planı ilə razılaşacaqlar. Əvvəla, onlar sadəcə taym-aut götürüblər ki, görsünlər ki, bu işlərin nəticəsi necə olacaq. Digər tərəfdən, Qərbdəki qüvvələr Ermənistanda qeyri-dövlət təşkilatlarını maliyyələşdirməklə antirusiya ab-havasını gücləndirməyə çalışırlar, eyni zamanda Qarabağ məsələsində Azərbaycanı da incitmək istəmirlər və problemin həllinə qarşı qəti çıxış etmirlər. Çünki buna qarşı çıxsalar, o zaman Azərbaycanla münasibətləri pozula bilər". Ekspertin fikrincə, uzun illərdir davam edən status-kvo zamanı Qərb tərəfindən Dağlıq Qarabağ deyilən qondarma rejimlə bağlı müfəssəl məlumat toplanıb və onlarla ABŞ-da, İngiltərədə müəyyən gizli əlaqələr qurulub: "Əlbəttə ki, Qərbin əlində Dağlıq Qarabağı müstəqil respublika kimi tanımaq kimi "kozır" var. Lakin bu elə-belə məsələ deyil və bunu rahatlıqla edə bilməzlər. Çünki bu addımı atmaq dünya qanunlarını, beynəlxalq hüququn prinsiplərini pozar, BMT-nin qərarlarına qarşı çıxmış olacaqlar. Hələlik onlar məsələləri kənarda nəzarətdə saxlayırlar. Çünki məsələ örtülü qalıb. Hər şey Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana baş tutmuş səfərinin nəticələrindən asılıdır. Təbii ki, Qərbi ilk maraqlandıran şey Dağlıq Qarabağın ətrafındakı rayonların Azərbaycana qaytarılmasından sonra əraziyə yerləşdiriləcək sülhməramlı qüvvələr məsələsi olacaq. Əgər əraziyə Rusiya sülhməramlıları yerləşdirilərsə, Qərb birmənalı olaraq buna qarşı çıxacaq". Qrup rəhbəri gələcəklə bağlı mümkün ssenarilərə də aydınlıq gətirib: "Hələ ki, Dağlıq Qarabağda referendum məsələsinin nə vaxt və necə olacağı bəlli deyil. Amma heç olmasa ətraf 5 rayon Azərbaycana qaytarılsa, bu, irəliyə doğru böyük addım olacaq. Çünki Qarabağ məsələsinin birdən-birə tam həlli mümkün deyil. Hətta ermənilər Dağlıq Qarabağda referendum keçirib öz müstəqilliyini bəyan etsələr və bəzi dövlətlər onları tanısa belə, bu, problemi həll etməyəcək. Çünki Azərbaycan bu qərarı tanımayacaq. Azərbaycanın bu məsələdə mövqeyi məlumdur. Rəsmi Bakı Dağlıq Qarabağa Azərbaycanın tərkibində yalnız yüksək muxtariyyət veriləcəyini bildirib. Bundan o tərəfə Azərbaycan heç nəyə imza atmayacaq".
Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları aşağıdakı resurslardan da əldə etmək mümkündür:
Bizi Facebook-dan, Twitter-dən və Youtube-dan izləyin.