Spiker: Azərbaycan və Belarusun dünya problemlərinə vahid yanaşma və baxışları var
25 Aprel 2016 15:34 Siyasət"Azərbaycan və Belarus arasında həm ikitərəfli plan baxımından, həm də beynəlxalq təşkilatlarda iş çərçivəsində əməkdaşlıq bizim dünya problemlərinə yanaşma və baxışlarımızın birliyini göstərir". Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Belarus Milli Məclisinin sədri Mixail Myasnikoviç deyib. Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq çoxplanlı xarakter daşıyır: "Bu, təkcə ticarət deyil, artıq biz birgə şirkətlərin yaradılması səviyyəsinə çıxmışıq. Və bu gün yüksək səviyyədə görüşlərdə yeni layihələr üzrə yanaşmaları nəzərdən keçirdik". M.Myasnikoviç qeyd edib ki, perspektivdə yeni investisiya layihələrinin reallaşdırılması, o cümlədən tərəflərin "İpək yolunun iqtisadi kəməri"ndə iştirakı mümkündür. O, iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının rolunu da vurğulayıb: "Dövlət başçılarımız arasında yüksək səviyyəli münasibətlər və etimad qurulub ki, bunlar da əlaqələrin ruhunu və miqyasını böyük ölçüdə müəyyənləşdirir". Sədr müasir və müstəqil Azərbaycanın qurucusu, dövrün böyük insanı Heydər Əliyevlə vaxtilə tanış olmaq şərəfinə nail olduğunu da xatırladıb.