Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilir

Aprelin 25-də Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Gənclər Forumu öz işinə başlayıb. "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçirilən 7-ci Qlobal Forumda BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonaq iştirak edəcək. Forumda ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısının, 30-a yaxın sessiyanın keçirilməsi planlaşdırılır. Qeyd edək ki, 2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Azərbaycan Respublikasının paytaxtında keçirilməsi barədə qərar qəbul edilib. Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Qlobal Forum çərçivəsində reallaşan Gənclər Forumunda çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bildirib ki, Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu bütün dünyada qarşılıqlı anlayış və əməkdaşlığın inkişafı üzrə birgə səylərə xidmət edəcək. Leyla Əliyevanın sözlərinə görə, ən maraqlı və zəkalı insanların burada, Azərbaycanda toplaşması xoş haldır. Fondun vitse-prezidenti bildirib ki, Azərbaycan qədim ənənələri, zəngin tarixi olan ölkə, Şərqlə Qərbin kəsişməsində yerləşən məkandır: "Keçmişdə Azərbaycan tarixi İpək yolunda iri mərkəz olub". Leyla Əliyeva əlavə edib ki, bu, ölkə mədəniyyətinə böyük təsir göstərməklə Azərbaycan tolerantlığa, yeni ideya və dialoqa inanan ölkəyə çevrilib. L. Əliyeva Azərbaycanın meşə və çaylar, dağlarla zəngin, biomüxtəlifliyə malik ölkə olduğunu söyləyib: "Azərbaycanın unikal coğrafi mövqeyi də onun landşaftına təsir göstərib: "Azərbaycanda çoxlu dağ, meşə, çəmən və ovalıqlar var. Həqiqətən də Azərbaycanda 11 iqlim zonasından 9-u mövcuddur ki, bu da bizim üçün çox zəngin təbii mühiti və biomüxtəlifliyi təmin edir. Biz Azərbaycanı sevirik. Əminik ki, siz də bunlara görə Azərbaycanı sevəcəksiniz. Dünyada hər saniyə aclıqdan 1 nəfər ölür. Uşaqlar daha tez-tez həyatını itirir. FAO dünyada aclığın aradan qalxmasına çalışır. Biz birlikdə çalışmalıyıq ki, aclıqdan heç kəs ölməsin. Qida çox vacibdir, həm də mədəniyyətlərarası əlaqənin bir komponentidir. Qida təhlükəsizliyi çox vacibdir. Bu baxımdan FAO və BMT-nin Sivilizasiyalar Alyansı vahid fəaliyyət göstərərək qida təhlükəsizliyini təmin edir və mədəniyyətlərarası dialoqu təbliğ edir. Biz İDEA kompaniyasını həyata keçirir. İDEA çərçivəsində son 5 ildə 5 milyondan çox ağac çəkmişik. Yerli icmalarla işləyirik və ağacların kəsilməsinin qarşısını alırıq. Beynəlxalq təşkilatlara əməkdaşlıq qurmağa çalışmışıq. Yeni iştirakçıları öz fəaliyyətlərimizə cəlb etmişik və çalışmışıq ki, bu fəaliyyətlər sıxıcı və üzücü olmasın. Çağdaş cəmiyyət sınaq mərhələsindədir. Bizim həyatımız hər saniyədə dəyişir. Bu gün dünyada hər 15 dəqiqədə bir fil ölür, hər saat minlərlə köpək balığı öldürülür. Elə zamana gəlib çata bilərik ki, bütün heyvan növlərinin nəsli kəsilə bilər. Hamınız ətraf mühitin qorunmasında rol oynaya bilərsiniz. Artıq fəaliyyət göstərməyin vaxtı gəlib çatıb. Gələcəyi daha parlaq, daha yaşıl, daha təkmil qurmağa nail olacağıq". Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, dünyanın müxtəlif ölkələrindən parlaq zəkalı gənclərin Bakıda toplaşması qarşıda duran poblemlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Nazir bildirib ki, Azərbaycanda gənclər sahəsində mühüm tədbirlər həyata keçirilir: "Azərbaycan gənclərin səsinin dünyaya çatdırılması istiqamətində beynəlxalq miqyasda təşəbbüsləri dəstəkləyir". A.Rəhimov deyib ki, bu il Azərbaycanın ikinci ən böyük şəhəri - Gəncə Avropa Gənclər Paytaxtı oldu: "Ölkəmizdə həmçinin digər beynəlxalq tədbirlər, o cümlədən skautların forumu da təşkil edilir. Bütün bunlar Azərbaycanın gənclər sahəsində həyata keçirdiyi tədbirlərin göstəricisidir". Nazir deyib ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb: "Bu Fond gənclərin fəaliyyətinin və təşəbbüslərinin dəstəklənməsi istiqamətində mühüm fəaliyyəti təmin edir". Hazırda bəşəriyyətin İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın və məcburi köçkün problemləri ilə üzləşdiyini deyən A.Rəhimov dünyada yaranan münaqişə ocaqlarına xeyli sayda gənclərin qoşulmasının sülh çağırışlarına zidd olmaqla yanaşı, sabitliyə də ciddi təhdid olduğunu bildirib. Nazir qeyd edib ki, dünyada davamlı inkişaf üçün heç kimi geridə qoymayaraq bərabər inkişafa nail olmalıyıq. Müasir dövrdə terrorçu qruplaşmaların fəaliyyətinin gücləndiyini və ciddi təhlükəyə çevrildiklərini deyən A.Rəhimov vurğulayıb ki, təəssüf ki, beynəlxalq ictimaiyyət bu problemlərin qarşısını almaq üçün səmərəli tədbir görə bilmir: "İyirmi ildən artıqdır ki, Azərbaycanın da ərazilərinin 20 faizi işğal altındadır. Ümid edirik ki, gələcək nəsillər bu müharibənin acı nəticələrini görməyəcəklər". "Bizim məqsədlərimizdən biri də inklüziv cəmiyyətə çatmaqdır ki, bu da gənclər olmadan mümkün deyil. Biz Bakıda öz fikirlərimizi bölüşməyə və dünyanı narahat edən məsələləri müzakirə etməyə gəlmişik. Bu cür mötəbər tədbirə ev sahibliyi etdiyi üçün Azərbaycan hökumətinə təşəkkür edirik". Bu sözləri isə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir deyib. O, qeyd edib ki, dünya cəmiyyəti sülhsevər istiqamətdə yaşamalıdır: "Bizim əsas işimiz mədəniyyətlərarası dialoqun tətbiqi və təşviqi olmalıdır. Hədəflərimiz inklüziv cəmiyyətlərə daha sıx olmalıdır". Nasir Əbdüləziz Əl-Nasir bildirib ki, gənclər dəyişikliyin əsas katalizatorudur: "Ona görə də bu tədbirdə gənclərin üstünlük təşkil etməsi təsadüfi deyil. Gənclər birgə yaşayışı və multikulturalizmi daha geniş təbliğ edə bilərlər. Gənclər insanları həmrəylik və humanizmə daha çox yaxınlaşdıra bilər".

BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində "Gənclər və sosial inkluzivlik üzrə qlobal gündəlik: Məşğuliyyət üçün ümumi baxış və imkanlar" mövzusu ətrafında müzakirələr keçirilib. Müzakirələrdə BMT Baş katibinin gənclər üzrə nümayəndəsi Əhməd Əlhəndavi bildirib ki, insan haqları, inkişaf, sülh və əmin amanlıq BMT-nin vacib sütunlarıdır: "Biz hər zaman hər bir ölkənin gündəminə bu məsələlərin düşməsinə çalışmalıyıq. Tarixən gənclər təhsillə əlaqəli olan şəxslər kimi qəbul edilir. İnsanlar sülh və əmin-amanlığa töhfə verir. BMT Təhlükəsizlik Şurası ötən il münaqiçə zonasında yaşayan 600 milyondan çox gənclərlə bağlı mühüm qətnamə qəbul etdi. Biz gənclər üçün yeni forumların, müzakirə üçün məkanların təşkilinə çalışırıq". BMT Dünya Assosiasiyaları Federasiyasının dayanıqlı inkişaf üzrə rəsmisi Mari Ulman qurumun çərçivəsində aktiv şəkildə qlobal əməkdaşlığın yaradılmasının vacibliyini vurğulayıb. Gəncləri ruhlandırmağın əhəmiyyətini qeyd edən M.Ulman təhsilin adətən əsas hədəfə çatmaq üçün vasitə olduğunu bildirib: "Potensial quruculuq, gənclərin ölkələrinə qayıdarkən öyrəndiklərini tətbiq etməsinə kömək edə bilər. Biz gəncləri həvəsləndirməliyik. Bu, qlobal məsələlərin öyrlənilməsi üçün gözəl fürsətdir. Biz gəncləri bizimlə birgə işləməyə çağırırıq". Qana Gənc Sülh Qurucuları Şəbəkəsinin gənclər üzrə əsas əlaqələndiricisi Rəşid Zubeyru Suriya böhranı dünyada baş verən iqtisadi böhranın ciddi çağırışlar yaratdığını diqqətə çatdırıb. Sosial cəhətdən gənclərin yetişdirilməsinin vaicbliyini vurğulayan R.Zubeyru gənc insanların sülhməramlı fəaliyyətə cəlb edilməsinin gələcəkdə problemlərin həlli üçün əhəmiyyətli silah olacağına əminliyini bildirib. Gənc Sülh Qurucuları Birləşmiş Şəbəkəsinin aparıcı koordinatoru Sölvi Karlson isə vurğulayıb ki, gənc insanlar bəzən yalnışlığa qapılaraq onlara qarşı hər hansı bir kampaniyanın aparıldığını düşünürlər: "Bu, yalnış fikirdir. Gənclər təşkilatları olaraq biz gənclərin belə fikirlərə qapılmasının qarşısını almalıyıq. BMT-nin müvafiq qurumları burada əhəmiyyətli rol oynayır. BMT Təhlükəsizlik Şurası çərçivəsində qətnamələrin qəbul olunmasına nail olduq. Lakin bu kifayət deyil. Gənclərin üzərinə düşən funksiyaların yerinə yetirilməsinə çalışmalıyıq. Gənclərin hər biri dünyanın müsbətə doğru dəyişməsinə töhfə verə bilər". Daha sonra çıxış edən Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ötən əsrin sonlarında ölkəmizin müharibə ilə üzləşdiyini ərazilərimizin dağıntılara məruz qaldığını diqqətə çatdırıb. O, Azərbaycan Hökumətinin gənclərin formalaşmasına, sülhməramlı iştirakıların peyda olmasına hər zaman böyük önəm verdiyini xüsusi vurğulayıb: "Azərbaycanın nüfuzlu beynəlxalq, tədbirlərə ev sahibliyi edir, Bakı artıq qlobal məsələlərin müzakirəsi üçün önəmli platformaya çevrilib". F.Hacıyev ölkəmizdə bir çox dinlərin nümayəndələrinin birgə sülh və əmin-amanlıq şəraitində yaşamasını mədəniyyətlərarası multikultural dəyərlərə necə böyük dəyər verilməsinin təzahürü kimi dəyərləndirib: "Biz gənclərimiz ölkəmizi regionu daha da çiçəkləndirməyə çalışır. Biz gənclərin ideyalarının reallaşdırılması üçün alətik. Fondumuz gənclərin fərdi layihələrinin reallaşdırılması üçün çalışır. Azərbaycanın gənc kifayət qədər güclüdür. Biz sülhün, tolerantlığın, dini dözümlülüyün bərqərar olunmasına çalışırıq. Layihələrimizdə dayanıqlı inkişaf məqsədlərinin prioritet kimi əks olunmasına çalışırıq".

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31