Dünya liderləri Azərbaycandan dünyaya səslənəcək - Qlobal Forum başlayır
24 Aprel 2016 12:17 SiyasətBakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu işə başlayır.
Bu gün Azərbaycan daha bir mötəbər tədbirə BMT-nin Sivilizasiyalar Alyansının (SA) 7-ci Qlobal Forumuna evsahibliyi edəcək. "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçiriləcək forumda təxminən 2500 nəfərin iştirakı gözlənilir. Forum iştirakçıları arasında dövlət başçıları, hökumət rəsmiləri, vətəndaş cəmiyyətlərinin nümayəndələri, dini və gənc liderlər də olacaqlar. Forum çərçivəsində 2 plenar və 16 bölmə iclası keçiriləcək. İclaslarda ekspertlər inklüziv cəmiyyətlərə mane olan mövcud problemlər, ekstremizmin qarşısının alınmasına dair fikir mübadiləsi aparacaq.
Son illər Bakının Avropa və dünya miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi, Şərqlə Qərb arasında multikultural mərkəz rolunu oynaması ilə şərtlənir. Azərbaycanın təşəbbüskarlığı ilə paytaxtımızda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər Bakını artıq regionun "diplomatik paytaxtı"na çevirib. Avropanın "Şərq qapısı" sayılan Azərbaycan son illərdə bütün sahələrdə nümunə göstərir. Qlobal maliyyə böhranının yeni dalğası region ölkələrini sarsıtsa da, Azərbaycanda makroiqtisadi sabitlik təmin edilib. Şərqin neft və qazla zəngin bəzi dövlətlərindən fərqli olaraq nəinki iqtisadiyyatının şaxələndirilməsinə nail olub, eyni zamanda, digər resursların gətirdiyi dividendləri davamlı iqtisadi inkişaf, sabitlik və demokratikləşmə istiqamətində yönəldə bilib.
Başqa sözlə, Azərbaycan bu gün bütün regional məsələlərdə əsas oyunçulardan biridir: regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız reallaşa bilmir. Azərbaycan Qərb üçün həm də böyük neft-qaz mənbəyidir. Bir sıra Avropa ölkələri keyfiyyətli Bakı neftini və qazını almağa böyük maraq göstərirlər. Azərbaycanla Avropa Birliyi arasında 2011-ci ildə imzalanmış enerji sahəsində əməkdaşlığı nəzərdə tutan memorandum bu məkanın enerji təhlükəsizliyi probleminin həlli baxımından vacib əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin inamla davam etdirdiyi enerji diplomatiyası Azərbaycanın beynəlxalq miqyasda söz sahibinə, milli maraqları baxımından öz şərtlərini diktə edən ölkəyə çevrilməsini təmin edib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Novorossiysk, Bakı-Supsa neft və qaz kəmərlərini istifadəyə verən, "Cənub qaz dəhlizi" layihəsinin mühüm seqmentləri olan TANAP, TAP kimi qlobal layihələrin reallaşmasına nail olan Azərbaycan son illər dünya enerji siyasətində əsas tərəflərdən biri kimi iştirakını genişləndirib, geosiyasi gücünü artıraraq enerji bazarında əhəmiyyətli tərəfdaş kimi diqqəti cəlb etməyə başlayıb.
Mühüm beynəlxalq tədbirlərin, o cümlədən Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumun da Azərbaycanda keçirilməsi ölkəmizin insan hüquqları və demokratikləşmə, habelə milli-etnik, dini tolerantlığın təmini sahəsində əldə etdiyi böyük nailiyyətlərlə şərtlənir. Son vaxtlar Azərbaycanın iqtisadiyyatı və elmi-mədəni potensialı elə səviyyəyə çatmışdır ki, ölkəmiz sadəcə, Şərq və Qərb sivilizasiyaları arasında körpü rolunu oynamır, bu sivilizasiyaların hər ikisinin daşıyıcısı olmaqla multikulturalizm məkanına çevrilib. Müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant münasibətin azərbaycanlıların mentalitetinə xas bir dəyər olduğunu nəzərə alsaq, fərqli baxışlara, adətlərə, vərdişlərə dözümlülük mövqeyini özündə ehtiva edən multikulturalizmin Azərbaycan üçün xüsusi əhəmiyyətini dərk etmək çətin deyil.
Prezident İlham Əliyev bununla bağlı deyib: "Azərbaycan artıq uzun illərdir çalışır ki, bölgədə multikulturalizm dəyərləri üstünlük təşkil etsin. Bölgədə sülh, əmin-amanlıq, mehriban qonşuluq meyilləri güclənsin və bildiyiniz kimi, Azərbaycan tərəfindən bu istiqamətdə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə çox önəmli addımlar atılır".
Ölkədə etnik-milli və dini tolerantlığın inkişafında, habelə mötəbər beynəlxalq tədbirlərin təşkilində Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın da çox böyük xidməti var. Ümummilli lider Heydər Əliyevin adını daşıyan fonda əzmlə rəhbərlik edən Mehriban xanım Əliyeva nəinki ölkədə, habelə xarici ölkələrdə mədəni-dini abidələrin bərpasını əsas fəaliyyət prioritetlərindən biri hesab edir. Son illər fondun təşkilatçılığı ilə Fransanın Strasburq şəhərində Kafedral kilsəsi, Parisdə Versal sarayının parkındakı abidələr, İtaliyanın paytaxtı Romadakı Müqəddəs Pyotr və Marsellina sərdabəsi bərpa edilib. Heydər Əliyev Fondu tərəfindən Hollandiya, Rusiya, Pakistan, Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə bir sıra təhsil ocaqları müasirləşdirilib, Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına dəstək verilib, Qəbələ Beynəlxalq Musiqi Festivalı kimi onlarca qlobal və mükəmməl layihələrə imza atılıb.
Ötən illər ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlərin bütün meyarlara uyğun formada keçirilməsi Azərbaycanın yüksək təşkilatçılığa, zəngin mədəniyyətə, tolerantlığa malik ölkə olduğunu təsdiq edib. Tədbirlərdə iştirak edən xarici qonaqlar Bakının qonaqpərvərliyi, müasirliyi və gözəlliyi ilə bağlı öz ölkələrində məlumat verirlər. Elə bu fikrin özü də təsdiq edir ki, Azərbaycanda müxtəlif dini baxışların, ayrı-ayrı xalqların nümayəndələri dostluq və mehribanlıq, qarşılıqlı anlaşma şəraitində uzun illərdir ki, yaşayırlar.
Sivilizasiyalar Alyansının (SA) 7-ci Qlobal Forumu çərçivəsində keçiriləcək iki plenar iclasda "Zorakı ekstremizmin qarşısının alınması" və "Sosial inteqrasiya üzrə qabaqcıl metodlar" mövzularına xüsusi diqqət yetirərək bu problemlərin həlli yolları müzakirə ediləcək. Forum insan hüquqlarına, o cümlədən dini etiqad azadlığı, bərabər imkanlar və ədalətli idarəçiliyə, habelə etnik-mədəni müxtəlifliyə həqiqi hörmət göstərilməsi və hərtərəfli dözümlülük prinsipinə əsaslanan cəmiyyətlərin qurulması üzrə fəaliyyəti müzakirə etmək üçün münasib platformaya çevriləcək. Bu mövzular Sivilizasiyalar Alyansının fəaliyyətləri ilə aşkar rezonansa malikdir və bu, hazırkı və gələcək tərəfdaşların iştirakı ilə keçirilən bölmə iclaslarında, eləcə də tanışlıq və əməkdaşlıq toplantılarında daha ətraflı tədqiq olunacaq.
Tədbir çərçivəsində BMT Sivilizasiyalar Alyansının Gənclər Forumu, multikultural cəmiyyətin formalaşdırılmasında Azərbaycanın rolu, birgəyaşayışın öyrənilməsi: təhlükə və münaqişə problemi, təhsil vasitəsi ilə zorakı ekstremizmin qarşısının alınmasına dair məqsədlər: inkişaf, müxtəliflik və dialoq naminə təhsil, Bakı prosesi: qlobal mədəniyyətlərarası dialoq üçün yeni çağırışların cavablandırılması, media peşəkarlığı: zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr, ekstremizmin qarşısını almaq üçün çoxmədəniyyətli (multikultural) cəmiyyətin formalaşdırılması perspektivlərinin təşviqi və digər mövzularda da seminarlar keçiriləcək. BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində, həmçinin aprelin 25-də 110 ölkədən təxminən 150 nəfərin iştirakı ilə Gənclər Forumu da təşkil ediləcək.
Forumla bağlı müxtəlif universitetlərin tələbələrindən ibarət 423 könüllü seçilib.
Bir daha qeyd edək ki, son illər belə mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin həm də Şərqlə Qərb arasında mühüm mədəniyyət və tolerantlıq körpüsü olmasından irəli gəlir. Azərbaycan təkcə Cənubi Qafqazın deyil, Avropanın tolerantlıq, sülh və inkişaf mərkəzlərindən birinə çevrilib. Əminliklə deyə bilərik ki, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu da yüksək səviyyədə keçiriləcək və Azərbaycan xalqının bir daha dünyaya qonaqpərvər, mədəni, zəngin milli-mənəvi dəyərlərin daşıyıcısı, tolerant xalq kimi tanıdacaq.
"Azərbaycan" qəzeti