ATƏT-in Minsk Qrupu danışıqları sürətləndirib
Elxan Süleymanov: “ Qarabağ dondurulmuş münaqişə statusundan çıxıb”
22 Aprel 2016 14:01 SiyasətAprelin 22-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə "Ermənistanın qondarma soyqırım təbliğatına petisiya mesajımız" mövzusunda "dəyirmi masa" keçirilib. Tədbirdə çıxış edən E.Süleymanov bildirib ki, ermənilər tarix boyu Azərbaycan xalqına qarşı soyqırımlar, vandalizm aktları törədiblər: "Biz ermənilərin xalqımıza qarşı törətdiyi vandalizm aktlarını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bütün gücümüzü səfərbər etməliyik". AVCİYA prezidenti qeyd edib ki, dünyada fəallaşan erməni lobbisi beynəlxalq aləmə qondarma soyqırım iddiasını sırımaqla öz hərbi cinayətlərini gizlətməyə çalışırlar. O bildirib ki, aprel ayının 24-də, yəni qondarma "erməni soyqırımı"nın "ildönümü" ərəfəsində bu təbliğat daha da genişlənəcək: "Biz öz fəaliyyətimizlə, beynəlxalq aləmə Azərbaycan həqiqətlərini çatdırmaqla erməni təbliğat maşınını sındırmağa çalışmalıyıq". AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov aprelin 18-20-də keçirilən AŞ PA-nın yaz sessiyası barədə danışıb. O, deyib ki, bu sessiyada Ermənistanın AŞ PA-ya Dağlıq Qarabağla bağlı müraciətləri fiaskoya uğrayıb: "Biz əvvəlcədən bilirdik ki, 2085 saylı qətnamə bütün ermənilərə ciddi ziyan vurub. Çünki Ermənistan bu qətnamə ilə işğalçı dövlət kimi tanınır. Bizim əldə etdiyimiz uğur ondan ibarətdir ki, AŞ PA-nın yaz sessiyasında qurumun deputatlarının əksəriyyəti Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Eyni zamanda, ATƏT-in Minsk Qrupu da danışıqları sürətləndirib və Qarabağ dondurulmuş münaqişə statusundan çıxıb. Mən hesab edirəm ki, bu, Azərbaycanın möhtəşəm və tarixi qələbəsidir". E.Süleymanov deyib ki, Avropa Şurasının qəbul etdiyi 2085 saylı qətnamədə Ermənistanın işğalçı dövlət kimi göstərilməsi erməniləri təşvişə salıb: "Ermənilər hər vasitə ilə bunun altından çıxmağa çalışırlar. AŞ PA-nın yaz sessiyasında da Ermənistan nümayəndə heyəti və onların himayədarları bu məqsədlə təxribat xarakterli müraciətlər etdilər. Lakin Azərbaycan nümayəndə heyətinin fəallığı sayəsində ermənilər istəklərinə nail ola bilmədilər. Nəticədə Avropa parlamentarilərinin beynində Ermənistanın işğalçı dövlət olması fikri möhkəmləndi. Məsələn, indiyə qədər ermənilər və onların havadarları tərəfindən edilən müraciətlərə verilən cavablarda "Dağlıq Qarabağ" münaqişəsi gedirdisə, indi bu "Azərbaycanın işğal olunmuş Dağlıq Qarabaq" ifadəsi ilə əvəz olunub. Onun sözlərinə görə, Barak Obama administrasiyasına ünvanlanan "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" adlı petisiya layihəsindən danışan E.Süleymanov bildirib ki, 16 gün ərzində 100 min səsə qarşı artıq 208 min səs toplanıb. O, bildirib ki, petisiya ermənilərin soyqırım iddiasını ifşa edən sənəddir: "Bu sənəd sübut edəcək ki, ermənilərin "soyqırım olub" iddiası həqiqətə uyğun deyil. Həmçinin sənəd onu göstərir ki, Azərbaycan öz torpaqlarından heç kimə pay verən deyil. Petisiya Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Çünki bəzi hallarda beynəlxalq aləm Azərbaycanın çağırışına əhəmiyyət vermir. Petisiya Obama administrasiyasından birbaşa cavab tələb edir. Bu işdə qəhrəman Türkiyə xalqına da minnətdarlığımı bildirirəm. Bizim aksiyamız davam edir və mayın 5-də tamamlanacaq. Ümid edirəm ki, biz Ermənistanın işğalçı siyasətinə qarşı mübarizəmizi davam etdirəcək və bunun qarşısını alacağıq". Tədbirdə AVCİYA prezidenti Elxan Süleymanov, QHT rəhbərləri, petisiyaya dəstək verən vətəndaş cəmiyyətinin üzvləri iştirak ediblər. Sonda E. Süleymanov elan edib ki, "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" adlı petisiya ilə bağlı jurnalistlər arasında müsabiqə elan edilib. Petisiyada daha fəal iştirak edən mətbuat münayəndələri mükafatlandırılacaqlar.
Alim