Bizdə əsas problem muzey menecmentidir – bu sahədə peşəkarlar çatışmır
1 Avqust 20:30 MüsahibəVüsalə Məmmədzadə: "Muzeylər yaradırıq, amma sual budur: bu muzeylərə gəncləri cəlb edə bilirikmi?"
Muzeylər bir millətin yaddaşı, kimliyinin güzgüsüdür. Əsrlərin mirasını qoruyan bu məkanlar təkcə eksponatları nümayiş etdirməklə kifayətlənmir, həm də milli-mənəvi dəyərləri gələcək nəsillərə ötürür. Dünya mədəni dəyərinin qorunmasında muzeylərin rolu nədir, dəyişən cəmiyyət və texnologiyalar fonunda muzeylər nələr etməlidir? Ənənəni necə qoruyub müasirliyə cavab verə bilərik? Bu suallarla Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Turizm və Menecment Universitetinin dosenti, kulturoloq Vüsalə Məmmədzadə ilə söhbətləşdik.
-Vüsalə xanım, dünya mədəni dəyərinin qorunmasında muzeylərin rolu nədir və nə qədər əhəmiyyətlidir ? Mədəni dəyərlərin qorunması müasir cəmiyyətdə necə təbliğ olunmalıdır ?
-Muzeylər keçmişlə gələcək arasında körpü funksiyası daşıyır. Onlar yalnız eksponat saxlayan yerlər deyil, həm də: tarixi yaddaşı yaşadan,cəmiyyətə xalqın öz kimliyini tanıdan, mədəni identikliyin formalaşmasında mühüm rol oynayan strukturlardır.
"Muzey" deyəndə çox təəssüf ki, bir çox dərsliklərdə qeyd olunur ki, guya qədim dövrdə muzeylər olmayıb. Əslində isə qədim dövrdə kolleksiyaların toplanması ənənəsi mövcud idi. Makedoniyalı İskəndərdən, antik yunan və Roma filosoflarının belə şəxsi kolleksiyaları var idi. Yəni, ilk muzeylərin yaranması məhz kolleksiyaların toplanması ilə başladı.O dövrdə bunlara votiv əşyaların toplanması deyilirdi. Bu, dini təsəvvürdən yaranırdı. Hər hansı bir cansız əşya inam obyekti olurdu və onların toplanması ilə kolleksiyalar formalaşırdı. Zaman keçdikcə bu kolleksiyalar genişləndi və nəticədə böyük muzeylər yarandı. Qədim Misir, Mesopotamiya və Yunanıstanda bu kolleksiyalar əsasən məbədlərdə toplanırdı. Sonra saraylarda, daha sonra böyük kilsələrdə yerləşdirilməyə başlandı. O dövrün əsas dini mərkəzləri olan İtaliya və Fransadakı baş kilsələrdə bu əşyalar qorunur və nümayiş etdirilirdi.
Zaman keçdikcə bu əşyaların qorunması üçün daha düzgün və məqsədyönlü məkanlara ehtiyac yarandı. Beləliklə, Avropada ilk ictimai muzeylər yaradıldı. Florensiyadakı Uffitsi Qalereyası İntibah dövrünün ilk ictimai muzeylərindən biri oldu. Muzey İntibah dövründə yaranıb. Amma bu, düzgün yanaşma deyil, çünki muzeyin təməli qədim dövrə gedib çıxır.
İctimai muzeylər insanların bu sərvətlərlə yaxından tanış olmasına imkan yaratdı. Muzeylər artıq təkcə keçmişi göstərən bir mərkəz yox, həm də gələcək nəsillərə ötürüləcək mənəvi dəyərlərin qorunduğu mərkəzə çevrildi. Bugünkü muzeylər yalnız milli mənəvi dəyərlərlə tanış olmaq yeri deyil, eyni zamanda tariximizi öyrənmək, tədqiqat aparmaq üçün bir mərkəzdir. İnsanların mənəvi aləminin formalaşması, dünyagörüşünün inkişafı, milli ənənələrin təbliği və gələcək nəsillərə ötürülməsi baxımından muzeylərin əvəzsiz rolu var. Nadir əşyaların və qiymətli sənədlərin qorunub saxlanılması üçün də muzeylər önəmlidir. Muzeylər- bəşəriyyətin qədim tarixini, milli mənəvi dəyərlərini qoruyub gələcək nəsillərə ötürən məbəddir.
-Ənənəvi mədəniyyət nümunələrinin müasir texnologiyalar vasitəsilə qorunması və təqdimatı barədə fikirləriniz nədir? Muzeylər bu sahədə hansı yenilikləri tətbiq edə bilər?
- Müasir texnologiyalar muzey işi üçün yeni imkanlar açır. Rəqəmsallaşma, virtual reallıq, interaktiv ekranlar vasitəsilə eksponatlara yeni həyat verilir. Xüsusilə gəncləri muzeyə cəlb etmək üçün bu üsullar çox effektivdir. Lakin texnologiya ənənəni əvəz etməməlidir - əksinə, onu daha da əlçatan və maraqlı etməlidir. Müasir texnologiyalar ənənəvi mədəni irsi həm qorumaq, həm də daha geniş auditoriyaya çatdırmaq baxımından dönüş nöqtəsidir. Yeniliklər: 3D skan və rəqəmsal arxivləşdirmə (xüsusilə zəif vəziyyətdə olan artefaktlar üçün), VR və AR təqdimatlar - ziyarətçilər qədim evlərə "daxil ola", qədim alətlərlə "işləyə" bilər, onlayn sərgilər - regional və beynəlxalq auditoriya üçün əlçatanlıq, Interaktiv bələdçilər - fərdi ziyarət təcrübəsi üçün.
-Müasir dövrdə cəmiyyətin sürətlə dəyişməsi muzeylərin kolleksiyalarının və təqdimat metodlarının yenilənməsini necə tələb edir? Bu balansı necə qorumaq mümkündür?
-Cəmiyyətin dəyişməsi ilə insanların gözləntiləri və maraqları da dəyişir. Əgər muzey bu dəyişməyə uyğunlaşmasa: dəbdən düşür, yeni nəsli cəlb edə bilmir. Balansı qorumağın yolları: Əsas kolleksiyanın sabitliyi saxlanılmalı, lakin təqdimat dili müasir olmalıdır (məsələn, TikTok üçün qısa videolar, Instagram üçün vizual konseptlər), dönəmli sərgilərlə aktual sosial-mədəni məsələlərə toxunmaq, gənc sənətkarlarla əməkdaşlıq və onların müasir baxış bucağını mədəni irslə birləşdirmək.
- Muzeylərin yerli və qlobal mədəniyyətin qorunmasındakı rolu. Xarici təcrübələrdən hansı nümunələr faydalı ola bilər?
-Azərbaycanda muzeylərin yaranması və qorunması üçün xüsusi tarixi addımlar atılıb. Bunun əsas təşəbbüskarlarından biri Cəlil Məmmədquluzadə olmuşdur. İlk dəfə Naxçıvanın Nehrəm kəndində Tarix-Diyarşünaslıq Muzeyinin yaradılması üçün bu insan kənd-kənd gəzərək milli-mənəvi dəyərlərə aid artefaktları topladı. 1919-cu il 7 dekabrda İstiqlal Muzeyi yaradıldı. Təəssüf ki, bu muzeyin ömrü qısa oldu və çoxlu eksponatlar Rusiyaya aparıldı. 1920-ci ildə Tarix Muzeyi yaradıldı. Muzey işi xüsusilə 1969-82-ci illərdə, Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişi dövründə ciddi inkişaf yolu keçdi. Bu illərdə xatirə muzeyləri, tarix-diyarşünaslıq muzeyləri açıldı və bu, Azərbaycanın mədəniyyət siyasətinin uğurlarından biri oldu.
Azərbaycanda çox önəmli muzeylər var - Tarix Muzeyi, Xalça Muzeyi, Qobustan, Şəki Xan Sarayı və s. Lakin biz dünya təcrübəsindən də faydalanmalıyıq. Məsələn, Avropadakı muzeylərdə interaktiv təqdimatlar, təhsil proqramları və sərbəst ziyarət imkanları çox inkişaf edib. Bizdə isə əsas problem muzey menecmentidir - bu sahədə peşəkarlar çatışmır. Muzeylər milli kimliyi qoruyur, eyni zamanda qlobal mədəniyyət dialoqunun aparıcı platformalarındandır. Faydalı xarici nümunələr:
• Louvre (Fransa): klassik və müasir təqdimatın harmoniyası.
• British Museum (İngiltərə): kolonial irsə tənqidi yanaşma və kontekstual izah.
• Smithsonian (ABŞ): təhsil yönümlü interaktiv sistemlər.
• Rijksmuseum (Niderland): rəqəmsallaşdırma üzrə öncül.
Bakıda YARAT və Azərbaycan Milli İncəsənət Muzeyi: müasir və klassik sənət elementlərinin sintezi üçün yaxşı potensial daşıyır, lakin daha da gücləndirilə bilər.
-Mədəni irsin qorunmasında dövlət, ictimaiyyət və muzeylərin qarşılıqlı əməkdaşlığının rolu və əhəmiyyəti barədə fikirləriniz nədir?
-2006-cı ildə "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" qərar qəbul olundu. Bu qərardan sonra, məsələn, Azərbaycan Xalça Muzeyi yeni binaya köçürüldü və müasir dövrün maraqlı muzeylərindən birinə çevrildi. Muzeylərin sayı artdı, müasir avadanlıqlarla təchiz olundu.
Azərbaycanda muzeydənkənar abidələr də var ki, onlar da ən azı muzeylər qədər dəyərlidir. Məsələn, UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilən İçərişəhər və Qobustan qayalıqları, Şəki Xan Sarayı və digər memarlıq abidələri bu baxımdan çox önəmlidir.
Mən "Azərbaycan muzeyləri və dünya muzeyləri" fənnini tədris edirəm. Dünyada bir neçə muzeyi ziyarət etmişəm. Azərbaycandakı muzeyləri isə tələbələrimlə birlikdə gəzməyə, öyrənməyə çalışmışıq. Dövlətimizin mədəniyyət siyasətinin əsas hədəfi də budur - Azərbaycan muzeylərini qorumaq, müasir texnologiyalarla təchiz etmək və onları dünya səviyyəsində təqdim etmək. Lakin ölkəmizdə bir sahədə ciddi çatışmazlıq var: muzey menecmenti. Azərbaycanda bu sahədə mütəxəssislər yetişmir, bu sahəyə yönələn kadrlar yoxdur. Əgər olsaydı, gəncləri muzeylərə daha yaxşı cəlb edə bilərdik. Məsələn, mən dünyanın bir çox muzeylərində müşahidə etmişəm ki, gənc nəsil üçün müxtəlif maraqlı yanaşmalar tətbiq olunur. Onlara mədəniyyət sevdirilir və düzgün təbliğ edilir.
Xudu Məmmədov deyirdi ki, vətənpərvər gənc yetişdirmək üçün o gənclərə mütləq vətənin tarixini, mədəniyyətini öyrətmək lazımdır.
Biz də muzeylər yaradırıq, amma sual budur: bu muzeylərə gəncləri cəlb edə bilirikmi? Bunun üçün muzey menecmenti və marketinqi sahəsində ixtisaslaşmış kadrlar yetişdirilməlidir. Doğrudur, son illərdə muzey sahəsində islahatlar aparılır, əməkdaşların təkmilləşdirilməsi istiqamətində addımlar atılır. Amma muzeydə rəhbər vəzifələrdən tutmuş fond, ekspozisiya, elmi-kütləvi şöbələrin rəhbərlərinə qədər hər kəsin menecerlik bacarıqları olmalıdır. Bu istiqamətdə atılan addımlar hələ ki zəifdir. Menecment sadəcə idarəçilik fəaliyyətidir. Onun əsas funksiyası planlaşdırmadır. Yəni qarşıya qoyulan məqsədə çatmaq yollarını və mərhələlərini müəyyənləşdirmək. Bu funksiyalar çərçivəsində hər bir müasir muzey rəhbəri öz fəaliyyətini qurmalıdır. Muzeylərin məqsədi yalnız maddi-mədəni irsi qorumaq və nümayiş etdirmək deyil. Müasir cəmiyyətin dəyişən tələblərinə uyğun olaraq, muzeylər fəaliyyətlərini elmi əsaslarla planlaşdırmalı, idarəetmənin yeni üsullarından istifadə etməlidirlər. Belə olduqda, muzeylər ictimai dəstəyə və tamaşaçı məmnuniyyətinə nail ola bilərlər. Muzeyin strateji planlaşdırılması, marketinq imkanlarından faydalanması, xidmətlərin keyfiyyətinin artırılması, gəlirlərin yüksəldilməsi və ziyarətçi sayının artırılması müasir dövrün tələblərindəndir. Bütün bunlar muzey rəhbərlərinin fəaliyyət sahəsinə daxildir.
Əsas məsələ də budur. Bu əməkdaşlıq dayanıqlı mədəniyyət siyasətinin təməlidir: Dövlət - qanunvericilik, maliyyə və hüquqi dəstək verir; Muzeylər - irsi qoruyur və təqdim edir;İctimaiyyət - bu irsə sahib çıxır və onu yaşadır.
-Rəqəmsal dövrdə muzeylərin rolu necə dəyişir və onların əhəmiyyətini artırmaq üçün hansı innovativ strategiyalar tətbiq edilməlidir?
- Muzeylər yalnız fiziki məkan olmaqdan çıxır - virtual sərgilər, onlayn ekskursiyalar geniş yayılıb. Bu dövrdə muzeylərin strateji planlaşdırması, marketinq imkanları, xidmət keyfiyyəti və ziyarətçi məmnuniyyəti əsas göstəricilərə çevrilib. Amma bütün bunların uğurla tətbiqi üçün idarəçilər və əməkdaşlar müasir bacarıqlara malik olmalıdır. Yeni dövrdə muzeylərin rolu:fiziki məkanla məhdudlaşmayan mədəniyyət yayımçısına çevrilməkdir.
Strategiyalar: Mədəni irs üçün mobil tətbiqlər (rəqəmsal xəritələr, oyunlar), onlayn bilet satışı, virtual tur imkanları Z nəslini cəlb etmək üçün sosial media inteqrasiyası, blokçeyn və NFT texnologiyaları ilə sənədli orijinallıq təminatı.
-Muzeylərdə ənənəvi və müasir elementlərin harmonik təqdimatı üçün hansı sənətşünaslıq prinsipləri və metodları daha effektivdir?
Ənənəvi formalarla müasir dizayn arasında harmoniya qurmaq əsas prinsiplərdəndir. Eksponatın ruhunu qoruyaraq, onu müasir auditoriyaya uyğun formada təqdim etmək lazımdır. Bu zaman həm tədqiqat, həm vizual estetik yanaşma, həm də pedaqoji metodlar birlikdə işləməlidir. Əsas effektiv prinsiplər: Kontrast və tamamlayıcılıq: qədim artefakt yanında onun müasir interpretasiyası.
Tematik kuratorluq: tarixi artefaktlar müasir kontekstdə təqdim olunur (məsələn, "Milli Azərbaycan geyimi: Keçmiş və bu gün").Multisensor təcrübə: səs, görüntü, toxunma və qoxu kimi duyğularla zənginləşdirilmiş ekspozisiya. "Storytelling" (hekayəçilik): sadəcə fakt yox, canlı hekayə təqdim etmək.
Zeynəb Mustafazadə