Həyatda olduğum hər an üçün şükür etməyi öyrəndim

Söhbətdaşımız - Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, şair, yazıçı, tərcüməçi və jurnalist, "Yazarlar" jurnalının redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı Zaur USTACdır.

- 1988-ci ildən ədəbi fəaliyyətə başlamısınız. 
Həmin dövrün ruhi-siyasi ab-havası və ilham mənbələri Zaur Ustacın qələm ustalığını necə formalaşdırdı? O illərin yükü bugünkü qələm səslənmələrində necə əks olunur?

- Doğrudur. "Əməyə məhəbbətt" adlı ilk yazım 24 may 1988-ci ildə rəsmi mətbu orqanda dərc olunub. O dövrün mövzuları əsasən əməyi və bayramları tərənnüm etmək idi. Real gündəlik həyatımızı əks etdirən yazılar yazırdıq. Necə deyərlər, - "düzü-düz, əyrini-əyri". Məncə o illərdən bu günə daşıdığım ən faydalı vərdişlərim elə budur - realist olmaq, hər şeyə açıq gözlə baxmaq, yaxşıları tərənnüm etmək, əhmiyyətli əməllərdən söhbət açmaq, xalqın içində - gündəlik həyatda olmaq. Zəhmətkeş olmaq. Yorulmadan, usanmadan çalışmaq. Bax belə.

 - Siz tez-tez "qələm saflığı" anlayışını vurğulayırsınız. Bu ifadə sizin üçün şəxsi inancdır, yoxsa ədəbi bir manifest?

- Əvvəlki sualınızın cavabında qeyd etdiyim kimi, biz belə öyrənmişik. 
Bu bir normadır. 
Faydalı, əhəmiyyətli uzun illərin sınağından çıxmış ədəbi norma - manifest də deyə bilərsiniz. Kəsədən bu bizim iş qaydamızdır. 
Məncə xeyir, fayda bu yoldadır. 
Ümumi işimizin xeyirinədir.

 - Yazıçılar bu gün xalqın qəlbi və vicdanı olaraq necə bir rol oynamalıdır, sizcə?

- Cahangir qardaş, sualları elə seçmisiniz ki, söhbətimiz tam bir yazı kimi - nəzm kimi axır.
 Maşallah olsun. 
Bu sualın cavabı elə bayaq söylədiklərimdir. 
Yazıçı da, şair də, alim də xalqın içində olmalıdır. Onların nə düşündüyünü, gündə neçə dəfə, nə yeyib, nə içdiyindən xəbərdar olmalıdır. Məsələn götürək elə mənim ilk qələm təcrübələrimin dərc olunduğu vaxtları... Bəxtiyar Vahbzadə, Xəlil Rza, Xudu Məmmədov, Anar, Elçin... Keçənlərə rəhmət, qalanlara can sağlığı. Yaradıcılıq məhsulu, yazar sözü səmimi və içdən olanda həm də faydalı olur. Deyən üçün də, eşidən üçün də. Xalqın vəziyyətindən xəbərdar olmalı, real həyatdan yazmalı, xalq üçün faydalı, gələcək nəsillər üçün tarix yazmalıdırlar. Bu qədər.

- Qarabağ müharibəsi həyatınızda və yaradıcılığınızda necə iz buraxdı?

- Bir gündə dünyada mövcud olan maraqların çoxu yoxa çıxdı. 
Çox məsələlər adilişdi. İnsan olmağın, insanlığın, sağlamlığın, sağ qala bilməyin dəyəri, vacibliyi artdı. 
Zamanın ən dəyərli nemət olduğunu anladım. Salamat olduğum hər an üçün daha çox şükür etməyə başladım. Daha çox işləməyə və yaxşılıqlar, təmənnasız yaxşılıqlar etməyə başladım. Və biz nə etsək də Böyük Allahın bizə olan lütfünün qarşısında çox cüzi - dəryada bir zərrə misalı - nəsə edə biliriksə, nə xoş halımıza.

- "Ustac.az" mərkəzi vasitəsilə siz elm, yaradıcılıq və şəxsi inkişafı bir araya gətirmisiniz. Sizcə, bu mərkəz gələcəkdə hansı istiqamətlərə xidmət etməlidir?

- Bizim fəaliyyətimiz elə bu istiqamətdə də davam edəcək. Yaşından, mənsəbindən, cinsindən asılı olmayaraq bizə ehtiyacı olanların yanında olacağıq. Bu bizim məqsədimiz, məramımız, işimizin qayəsidir.

 - Həyatın ən ağır dərslərindən biri - itkilərdir. Siz bir yaradıcı şəxs olaraq itkilərdən nələri öyrəndiniz?

- Həyatda olduğum hər an üçün şükr etməyi və ələimdə olana dəyər verməyi öyrəndim. Paylaşmağı və bundan zövq almağı öyrəndim. Sözün əsl mənasında həyat paylaşdıqca daha gözəl olur. Belə ibrətamiz suala görə sizə xüsusi təşəkkürlər.

 - İnsan üçün iki böyük vətən var: biri doğma torpağı, digəri - qəlbidir. 
Siz bu iki vətən arasında ədəbiyyat vasitəsilə necə bir körpü qurmusunuz?

- Mən onları birləşdirmişəm. Divin canı şüşədə olan kimi, mənim də qəlbim elə öz torpağımda rahatlıq tapır, asudə döyünür, ritmini bu Yurdun bulaqlarının, şəlalərinin səsinə uyğunlaşdırır. Mən bununla xoşbəxtlik tapıram. Yurdumun çiçəkləndiyin gördükcə fəxarət hissi köksümü qabardır. GƏNCLİYİMİN HƏDƏR GETMƏDİYİNİ ANLAYIRAM. Bu bir başqa hissdir.

 - Həyatın çətinliklərindən yorulan zaman insanlar ya səssizliyə, ya da dua və ibadətə yönəlir. Siz yorğunluqdan ruhən necə xilas olursunuz - şeir yazaraqmı, təbiətə baxaraqmı, yoxsa dinclik içində susaraqmı?

- Mən bu barədə bir neçə dəfə demişəm. Mənim bu günə kimi heç bir çətinliyim olmayıb. 
Ürəyimdən nə keçib, Böyük Allahım hamısını mənə nəsib edib. Sadəcə Yurdumu gəzməkdən, şeir yazmaqdan, şeir söyləməkdən zövq alıram. 
Yazılması vacib bildiyim mətləbləri əsasən gələcək nəsillər üçün qələmə alıram. 
Bu qədər.

- Bu günkü nəslin elmi və intellektual potensialı sizi ruhlandırır, yoxsa narahat edir?

- Bütün hallarda sevinirəm. Ruhlandırır.

 - Özbəkistan və Azərbaycan xalqları arasında ədəbi-mədəni əlaqələri necə qiymətləndirirsiniz? Bu münasibətləri hansı yeni mərhələyə çıxarmaq olar?

- Bizm xalqlarımız sözün əsl mənasında qardaş xalqlardır. Dilimiz bir, adətlərimiz birdir. 
Tarix boyu daim bizi ayırmağa, yad kimi təqdim etməyə çalışsalar da, bax bu gün bizim aramızda olan söhbət sübut edir ki, heç kim, heç nəyə nail ola bilməyib. Şübhəsiz ki, gələcək daha gözəl olacaq. Bütün sahələrdə daha da sıx əlaqələr qurulacaq.

 - Şair daim içində nəyisə itirmiş, axtaran, kövrəlmiş bir haldadır... İtkilər sizdə hansı şeirlərə çevrilib?

- Maraqlı və ibrətamiz sualdır. Ələxsus torpaqlarımızın müdafiəsi və azad olunması uğrunda Həmdəm Ağayev, Vüqar Ağayev, Şükür Həmidov, İlqar Mirzəyev kimi qardaşlarımızı itirməyimiz mənə çox pis təsir etdi. İlqara ithaf etdiyim silsilə şeirlər var. Lap bu yaxında "40 gün - 40 şeir" adlı şəhidlərimizə həsr etdiyim şeir kitabı nəşr olunub.

 - Zaur Ustac öz qəlbini necə eşidir? Özünüzlə daxili dialoqu necə aparırsınız?

Çox həssas insanam. Bəzən bu mənə əziyyət verir. Əzab çəkirəm. Sakit olduğum qədər də çılğınam. Demək olar ki, bu günə qədər ancaq ürəyimin səsi - diqtəsi ilə yaşamışam. Beynimə ancaq riyazı hesablamalar aparan zaman müraciət edirəm. Ruhumla dialoqum həmişə uğurlu alınır. Özüm özümü yaxşı tanıyıram.

Söhbətləşdi: Cahangir NAMAZOV, 
Azərbaycan Jurnalistlər Birliyinin və 
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31