Azərbaycan teatrında ağıllı, savadlı, yüksək səviyyəli insan - rejissor çatışmır- Aydın Əliyev

Əməkdar artist Aydın Əliyevlə teatr sənəti, rejissor çatışmazlığı

və aktyorun məsuliyyəti barədə

Aktyorluq sadəcə obraz yaratmaq deyil, onun içində yaşamaq, onun içində nəfəs almaq sənətidir. Bu sənətin yükünü illərdir səhnədə və ekran qarşısında ustalıqla daşıyan Bakı Bələdiyyə Teatrının Azərbaycan Respublikasının Əməkdar Artisti, Aydın Əliyev hər roluna bir ömür verir. Onunla teatrın bu günü, aktyor sənətinin məsuliyyəti və bu sahədə çalışan gənc nəslin gələcəyi haqqında danışdıq. Əvvəlcə təqdim edək.

Qərbi Azərbaycandan olan sənətkar müxtəlif bölgələrin teatr səhnələrində çıxış edib. Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Naxçıvan Dövlət Musiqili Dram Teatrı kimi məkanlarda çalışaraq zəngin bir səhnə təcrübəsi qazanıb. Hazırda sənət yolunu Bakı Bələdiyyə Teatrında davam etdirir.

Uzun illər ərzində səhnədə onlarla tamaşada müxtəlif rollar ifa edib. Hüseyn Cavidin "İblis" əsərində Elxanı, Cəfər Cabbarlının "Dönüş"ündə Qüdrət Arslanı, Mirzə Fətəli Axundzadənin məşhur "Müsyo Jordan və Dərviş Məstəli Şah" komediyasında  Dərvişi...və s.  canlandırıb.Saymaqla  qurtarmaz.  Ən  əsası  isə  Aydın  müəllim  bu  rolların  hamısını  sevir...Kiçiyindən  tutmuş  böyüyünə  kimi..Kino sahəsində də tanınır - 20-dən çox filmdə rol alaraq tamaşaçının yaddaşında müxtəlif obrazlarla iz buraxıb.

- Aydın bəy, səhnə sizin üçün nə ifadə edir ?

- Səhnə mənim üçün yaradıcılığın ən müqəddəs məkanıdır. Orada məni tamaşaçı görür, eşidir. Orda tamaşaçı məni, sevə də bilər, nifrət də edə bilər - bu, sənətin içində olan haldır. Amma hər şeydən öncə səhnə mənə insanlığı öyrədir. Düzgün yaşamağı, yaxşı ilə pisi ayırd etməyi, vicdanla davranmağı.

- Uzun illərin təcrübəsi nə deyir: aktyor zamanla yetişir, yoxsa doğulur?

- Məncə, insan hər hansı bir sənət üçün doğulmur. Zaman, cəmiyyət, istək və xüsusilə sevgi insanı formalaşdırır. Əgər sənəti özünün içində hiss edirsənsə, onda formalaşmaq üçün hər şeyə tab gətirirsən.

- Hansı obraz sizin üçün xüsusi xatirədir, həyatınızda iz buraxıb və heç unuda bilmirsiniz?

- Aktyor üçün hər bir rol əzizdir. Necə ki, valideyn uşaqları arasında fərq qoymur, biz də obrazlarımız arasında seçim etmirik. Hər bir rolun öz məsuliyyəti, öz yükü var. Hər biri həyatın başqa bir üzünü bizə öyrədir.

- Sizin üçün uğur nə deməkdir? Uğurlu aktyor olmaq üçün hansı keyfiyyətlər ən vacibdir?

- Mənim üçün uğur tamaşaçının sevgisini qazanmaqdır. Onların gözündə, alqışında sənətinin qarşılığını görməkdir. Uğurlu aktyor olmaq üçün savad, zəhmət, müşahidə, dərin düşüncə və daim öyrənmək vacibdir. Və ən əsası - yaxşı insan olmaq lazımdır.

- Səhnədə və kameranın önündə oynamaq arasında necə fərqlər görürsünüz? Hər ikisi aktyor üçün nə kimi çağırışlardır?

- Əlbəttə səhnə sənəti ilə kameraönü və kamera arxasında çıxış etmək fərqli-fərqli anlardır, amma hər ikisi aktyor üçün eyni məna daşıyır. Oynadığın obrazı tamaşaçıya sevdirməyə çalışmalı, onun haqqında məlumatlı olmalısan. Səhnədə uzun illər məşqlər əsasında obrazı püxtələşdirib tamaşaçıya çatdırırsan. Əsas fərq texniki tərəfdədir. Teatrda obrazı uzunmüddətli məşqlərlə formalaşdırırsan və hər dəfə səhnəyə çıxanda onu yenidən yaşayırsan. Kamera qarşısında isə hissi bir anda tutmaq və eyni səviyyədə saxlamaq tələb olunur. Teatrda obraz zamanla püxtələşir, kamera isə anı dondurur. Amma hər ikisində əsas məqsəd - tamaşaçını inandırmaqdır.

- Tamaşaçı dəyişibmi? İndiki tamaşaçı ilə əvvəlkilər arasında hansı fərqləri görürsünüz?

- Əlbəttə. Zaman dəyişdikcə insanlar da dəyişir. Dünənki tamaşaçı ilə bugünkü tamaşaçı arasında böyük fərqlər var. Müasir tamaşaçı daha tələbkar, daha məlumatlıdır və artıq sadəcə əylənmək üçün yox, düşünmək, hiss etmək üçün teatra gəlir. Ona görə də biz aktyorlar da öz üzərimizdə daim işləməliyik.

- Sizcə, bu gün Azərbaycan teatrında nə çatışmır?

- Ən böyük çatışmazlıq - ağıllı, savadlı, şəxsiyyət sahibi olan rejissorlardır. Teatr kollektiv sənətdir, amma onu istiqamətləndirən, yol göstərən mütləq bir rejissor olmalıdır. Əgər teatrda stabil, kollektivi tanıyan bir rejissor yoxdursa, o teatrın gələcəyi sual altındadır. Dövlət son illər texniki baxımdan teatrlara böyük dəstək verib, ümumiyyətlə  teatrlarımız üzərində  dövlət  qayğısı  çox  ciddi  şəkildə  hiss  olunur. Cənab  prezident  İlham  Əliyevin və  birinci  xanım, hörmətli  Mehriban  Əliyevanın  Azərbaycan  mədəniyyət  və  incəsənətinə  göstərdiyi xüsusi  diqqət  danılmazdır.  Amma məzmunu yönəldən insan - rejissor olmasa, inkişaf çətin olur. Kollektiv sənət olmağına baxmayaraq, aktyoru da yönəldən rejissor olmalıdır. Aktyoru düzgün yönəltməyi bacarmalıdır. Gündə bir rejissor gəlib gedirsə, kollektivə həmişəlik rejissor yoxdursa, o kollektivdə inkişaf çətin yaranır. Aktyorların düzgün yolla getməsinə  yol işarələri kimi rejissor cavabdehdir. Rejissor yolu göstərməlidir. O zaman bu sahə inkişaf edib, gələcəyimiz üçün bacarıqlı gənclər yetişəcək.

- Gənc aktyorlara baxanda nə hiss edirsiniz? Onlar teatr sənətini gələcəyə necə aparacaqlar?

- Çox istedadlı gənclərimiz var. Amma istedad təkbaşına heç nə ifadə etmir. İstedadın inkişafı üçün şərait lazımdır. Hər hansı bir bitkini yetişdirmək üçün münbit torpaq lazım olduğu kimi. İnsan həyatı da belədir. Münbit mühit yoxdursa, istedad ya solacaq, ya da başqa sahəyə yönələcək. Əgər teatr sahəsinə münasibət dəyişməsə, aktyorların da gələcəyi sual altında olacaq.

Təəssüf ki, teatr mühiti bu gün o qədər də sağlam deyil. Savadlı aktyorlar kənarda qalır, sənətə yad olanlar isə rəhbər vəzifələrdədir. Bu da sənətin səviyyəsinə mənfi təsir göstərir. Hər kəs öz işində, öz sahəsində, öz işini görmür, çoxu öz yerində deyil. Şair yaxşı deyir ki, "Səhv düşəndə yerimiz..." Deməli, nə elədiyimizi bilmirik, çünki hərəmiz öz yerimizdə deyilik. Respublikamıza, millətimizə xeyir gətirmək üçün hər sahənin adamı o sahədə olmalıdır. Sənət sahəsi çox incə bir sahədir. Kino sahəsi mənəvi tərəfdən çox incə bir sahədir. Bütün xalqlarda kino bir siyasətdir, mədəniyyətin özü bir siyasətdir.

-Yerli dramaturgiyadan istifadə edilməməsi sizi narahat edirmi?

- Bəli. Teatrlarımızın əksəriyyəti yalnız xarici ədəbiyyata üstünlük verir. Halbuki bizim böyük ədəbiyyatımız var - Axundzadə, Cavid, Nərimanov, Məmmədquluzadə kimi dahilərimiz. Onların əsərləri kənarda qalır. Tamaşaçı savadlıdır, dəyərli olanı hiss edir. Sadəcə ona bunu doğru formada təqdim etmək lazımdır.

- Sizcə, Azərbaycan teatrının qızıl dövrü nə vaxt olub?

- Məncə, teatrın ən gözəl illəri 1970-80-ci illər idi. O dövrdə teatrın cəmiyyətdə çəkisi, nüfuzu vardı. Sonradan baş verən ictimai-siyasi dəyişikliklər bu sahəyə də təsirsiz ötüşmədi. Ətraf ölkələrin teatrları ilə müqayisədə biz getdikcə geri qalırıq. Bu ölkələr 1970-80-ci illərdə bizdən çox geri idilərsə, indi bizdən çox irəlidədirlər. Getdikcə bu sənətə münasibət daha da azalır. Bu məsələ dövlət səviyyəsində ciddi şəkildə həll edilməlidir.

- Niyə illər öncə çəkilən filmlər bu gün də sevilir, amma yeniləri unudulur?

- Gözəl sualdır. Doğrudur, bu gün müstəqil dövlətik. Heç kim sənətkara diktə etmir ki, "bu cümləni belə demə, bunu göstərmə". Sovet dövründə yaradılan filmlər, tamaşalar çox çətin şəraitdə ərsəyə gəlirdi. Hər şey senzura altında idi. Amma görünən odur ki, o çətinlik içində yaradılan əsərlər bu gün də yaşayır, baxılır, sevilir. Niyə? Çünki peşəkar yanaşma, əsl sənət vardı. İndi isə azadlıq var, amma o azadlıqdan doğan məsuliyyət çatışmır. Əgər sən azadsansa, deməli, ikiqat məsuliyyət daşıyırsan - həm öz adından, həm də millətinin adından çıxış edirsən. Təəssüf ki, bu məsuliyyət hissi hamıda yoxdur.

Əlavə olaraq, bu gün aktyora paltar tikilməlidir, alınmalıdır. Obraza uyğun geyimlə səhnəyə çıxmalıdır. Amma bəzən aktyoru köhnə, ölçüsünə uyğun olmayan geyimlərlə səhnəyə buraxırlar. Bu necə peşəkarlıqdır? Sən aktyoru hazırlamadan, şərait yaratmadan ondan böyük sənət gözləyirsən. Əvvəlcə şərait yaratmaq, sonra tələb etmək lazımdır. Mədəniyyətin təməli detallardadır - bir geyim, bir səhnə dekorasiyası, bir işıq quruluşu belə tamaşanın ruhunu dəyişə bilər.

- Sonda oxucularımıza səslənmək istərdinizmi?

- Mən 15 yaşımda bu sənətə gəlmişəm. Teatr mənim həyatımın ayrılmaz hissəsidir. İcazə verin, bu müsahibəni özümə məxsus bir yazımla tamamlayım:

Hamımızın ümidi sənədir, teatr.

Sən həm yaşamağı, həm yaşatmağı öyrədirsən bizə.

Yolunu azmış, yaşatmaram, yaşayaram deyən qan içən vəhşilərin

biz deyə, siz deyə dağlıya, düzlüyə bölünənlərin qarşısına,

ancaq sən çıxa bilərsən, əziz teatr.

Sən gəl, göstər haqqı bizə.

Görək yalanla düz haradadır?

Çünki zamanın duya bilmədiyi yalanlar o qədər artıb ki, daha yer də tab gətirmir bu ağırlığa.

Bəlkə ona görə yerlərimizi verə-verə yerlibaz olmuşuq.

Sənə çox ehtiyacımız var, teatr.

Dünən də həsrətində olmuşuq, bu gün də, sabah da olacağıq.

Bəlkə sən, teatr, sənin varlığına çökmüş, nurunla zülmətə bürünmüş, mənəviyyatların üzərinə işıq saçıb, bu bəlkələr dolaylarından bizləri keçirəsən, teatr.

Yaşa, yaşa, teatr....

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31