"Regionlarda qadın iqtisadi təşəbbüslərinin dəstəklənməsinə daha çox ehtiyac var"
23 Aprel 14:50 MüsahibəArtıq 10 ildir ki, hər il aprelin 25-i ölkəmizdə "Sahibkarlar Günü" kimi qeyd edilir. Əlbəttə, bu dövlətin iqtisadiyyatın inkişafına yönəli həyata keçirdiyi siyasətin həm məntiqi nəticəsi, həm də özəl sektorda çalışan sahibkarlara dövlətin qayğısının təzahürü kimi qiymətləndirilə bilər.
Sahibkarlıq Günü münasibətilə ölkənin tanınmış qadın sahibkarlarından biri, "FFF+H" şirkətinin təsisçisi və direktoru, Avropa Təbii elmlər Akademiyasının üzvü, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK) İdarə Heyətinin üzvü, Tərəqqi medallı sahibkar Tacirə İslamova həmsöhbətimizdir . O, biznesə yalnız iqtisadi deyil, sosial məsuliyyət və innovasiya prizmasından da yanaşaraq, qadın sahibkarlığının inkişaf perspektivləri, dövlətin dəstək mexanizmləri və çağdaş biznes mühiti haqqında fikirlərini "Olaylar"la bölüşüb.
- Tacirə xanım bilirsiniz ki, Azərbaycanda sahibkarlığının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Sizcə, hazırda sahibkarlara təqdim olunan dəstək mexanizmləri nə dərəcədə effektivdir və hansı sahələrdə təkmilləşdirməyə ehtiyac duyulur?
- Doğrudur, Azərbaycan dövləti sahibkarlığın inkişafını strateji prioritet kimi qəbul etmiş və bu istiqamətdə çoxsaylı təşəbbüslərdın doğan proqramlar, layihələr həyata keçirmişdir. Qeyd etdiyiniz dəstək mexanizmləri bir neçə istiqamətdə özünü göstərir: vergi güzəştləri, subsidiyalar, investisiya təşviqi sənədləri, güzəştli kreditlərin verilməsi, biznes inkubatorlarının yaradılması və təlim proqramlarının təşkili.
Xüsusilə Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "ASAN xidmət" vasitəsilə təqdim olunan e-xidmətlər sahibkarlar üçün xüsusi əhəmiyyətli platformalara çevrilmişdir. Bunlar idarəetmədə şəffaflığı, əlçatanlığı və çevikliyi təmin edir. Biz görürük ki, dövlətin sahibkarlara verdiyi dəstək ümumi iqtisadi sabitliyin qorunmasında və dayanıqlı inkişafın təminində mühüm rol oynayır.
Lakin hesab edirəm ki, bəzi məsələlərdə sistemli yanaşmaların daha da gücləndirilməsinə ehtiyac duyulur. Məsələn, regionlarda sahibkarlığın inkişafı üçün nəzərdə tutulan mexanizmlərin bəzən informasiya çatışmazlığı səbəbilə tam səmərə ilə istifadə olunmadığını müşahidə edirik. Gənc və qadın sahibkarların, xüsusilə mikrosəviyyəli bizneslərin maliyyə resurslarına çıxışı hələ də rahatlıqla əlçatan deyil.
Eyni zamanda, çağdaş dövrdə rəqəmsallaşma sürətlə inkişaf edir. Sahibkarlıq fəaliyyətinin də rəqəmsal platformalara inteqrasiya olunması artıq müasir dövrün tələbidir.
-- Dünyada qadın sahibkarların inkişaf tendensiyası necədir? Bu sahədə hansı pozitiv dəyişikliklər və yeni hədəflər var?
-- Öncə, onu qeyd edim ki, son onilliklərdə qadın sahibkarlığı dünya üzrə sürətlə inkişaf edən sosial-iqtisadi tendensiyalardan biri kimi müşahidə olunur. Hazırda qlobal səviyyədə 250 milyondan çox qadın sahibkarlıq fəaliyyəti ilə məşğuldur və bu rəqəm getdikcə artır. Məsələn, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə qadınlar yeni yaradılan bizneslərin təxminən 30-35%-də iştirak edir. Afrika və Cənubi Asiya regionlarında isə qadın sahibkarlığı daha çox zərurətdən doğan mikro və kiçik bizneslər şəklində inkişaf edir. Pozitiv dəyişikliyə gəlincə, əsas bir neçə məqamı qeyd etmək olar.
İnnovasiya və texnologiya sahəsində qadınların fəallığı artıb; qlobal maliyyə institutları və inkişaf təşkilatları (məsələn, Dünya Bankı, UN Women, IFC və s.) qadın sahibkarlığını prioritet sektor kimi dəstəkləyir, müxtəlif lahyihələr çərçivəsində dəstək olur. Ümumiyyətlə, dünya üzrə statistikalar göstərir ki, qadınlar yalnız ənənəvi sahələrdə deyil, biotexnologiya, yaşıl enerji və kreativ sənayelər kimi innovativ istiqamətlərdə də təşəbbüskar olmağa başlayıblar. "Global Entrepreneurship Monitor" hesabatına əsasən, 2023-cü ildə qadınlar tərəfindən qurulan startapların 18%-i texnologiya sahələrə aid idi - bu, əvvəlki illərlə müqayisədə çox ciddi irəliləyişdir. Əlbəttə bu sevindiricidir. Çünki qadın nə qədər inkişaf etsə, mənəvi dəyərlərini qorumaqla maddi müstəqilliyini qazanarsa bu toplumun, insan faktorunun, gələcək nəsillərin daha güclü, sağlam, təhsilli olması deməkdir. Bütün problemin həlli yolu isə mütləq təhsildən, savaddan, geniş dünya görüşündən keçir.
- Elmi potensialla biznesin sintezini necə həyata keçirirsiz?
- Mənim üçün elm və istehsalat arasında körpü qurmaq strateji məsələdir. Avropa Təbii elmlər Akademiyasının üzvü kimi bu sahədə beynəlxalq təcrübələri yerli bazara adaptasiya edirəm. Yeni məhsulların hazırlanmasında aqrar və polimer texnologiyaları üzrə alimlərlə əməkdaşlıq edirik. Elmi tədqiqatlara əsaslanan istehsal daha dayanaqlı və iqtisadi cəhətdən səmərəli olur.
- Ölkəmizdə, qadın sahibkarlığı sahəsində hansı istiqamətləri prioritet hesab edirsiniz?
- Qadın sahibkarlığı sahəsində əsas üç istiqaməti prioritet hesab edərdim. Ilk növbədə, rəqəmsallaşma və texnoloji sahibkarlıq. Məncə, qadınların bu sahədə iştirakı mütləq artırılmalıdır. Daha sonra, ixrac yönümlü qadın biznesləri. Bu sahəyə maragı artırmaq eləcə də, qlobal bazarlara inteqrasiya üçün xüsusi təşviq paketləri hazırlanmalıdır. Nəhayət, regionlarda qadın iqtisadi təşəbbüsləri daha geniş formada dəstəklənməlidir. Bu, həm gender bərabərliyi, həm də regional inkişaf baxımından ciddi əhəmiyyət kəsb edir. Son olaraq, demək istərdim ki, ki, biznes təkcə gəlir deyil - iqtisadi və sosial dəyər yaratmaq vasitəsidir. Qadınlar bu dəyəri ən davamlı şəkildə formalaşdıran qrupdur.