“Rusiya rus olmayan millətlərin hüquqlarına hörmət etmir” - Həşim Səhrablı- ÖZƏL
23 Oktyabr 2025 16:15 SiyasətMoskvada 2120 nömrəli məktəbin azərbaycanlı şagirdləri - Canpolat Quliyev və Elnar Nuriyev "xuliqanlıq" maddəsi ilə məhkəmə qarşısına çıxarılıb. Onlar 8-ci sinif şagirdi ilə mübahisəyə görə iki il şərti azadlıqdan məhrumetmə və 10 min rubl cərimə ilə cəzalandırılıblar. Son illər Rusiyada azərbaycanlı və Orta Asiyadan olan gənclərlə bağlı oxşar hallar dərhal "ictimai təhlükə" kimi təqdim olunur. Eyni vəziyyət rus şagirdləri arasında yaşandıqda isə "emosional davranış" və "yeniyetmə səhvi" adlandırılır.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Bu hadisə birmənalı şəkildə Rusiyada baş verən ksenofobiyanın göstəricisidir. Ona görə ki, Rusiya tarixinə baxanda da, bugününə baxanda da biz bu ölkədə, xüsusən rus dövləti tərəfindən digər millətlərə qarşı irqi və dini zəminli ayrı-seçkiliklərin daim davam etdiyini və artan xətlə təzahür etdiyini görürük.
Beynəlxalq hüquq, beynəlxalq sistemin aktuallaşması, beynəlxalq münasibətlər kontekstinin dövlətlərarası münasibətlərə də sirayət etməsi kimi məsələlər Rusiyada bu milli və dini ayrı-seçkilikləri kölgələsə də, xüsusən Ukraynadakı müharibədən və Rusiyanın beynəlxalq sistemin tələblərini tapdalamasından sonra ksenofobiyanın həm dövlət, həm də cəmiyyət səviyyəsində artdığını müşahidə edirik. Uzağa getməyək, azərbaycanlılara qarşı əvvəlcə siyasi dairələrdə başlanan, daha sonra isə sadə vətəndaşlara qarşı yönələn bu ayrı-seçkiliklər bir daha Rusiya dövlətinin, eləcə də indiki Rusiya hakimiyyətinin əsl mahiyyətini göz önünə sərir və bütün çılpaqlığı ilə hər kəsə göstərir. Bu, birbaşa ksenofobiya halıdır. Rusiya dövləti ruslardan başqa heç bir millətin haqlarına, hüquqlarına hörmət etmək istəmir. Xüsusilə bu ölkəyə gələn miqrantlara qarşı ayrı-seçkiliklər lazım olanda pik həddə çatır və sivil miqrantlar siyasi alətə çevrilir. Bu isə nə beynəlxalq münasibətlər, nə də ümumi humanizm baxımından ürək açan hal deyil.
O ki qaldı bu kimi hallar və tendensiyaların gələcəkdə Azərbaycan icmasının Rusiyadakı mövqeyinə və iki ölkə arasındakı münasibətlərə təsirinə, azərbaycanlı icmalar Rusiyada yalnız o halda təhlükələrdən uzaq ola bilər ki, Azərbaycan öz xarici siyasətində Rusiyanın diktə etdiyi şərtləri qəbul etsin. Bu isə, əlbəttə, yolverilməz haldır. Azərbaycan dövləti və hakimiyyəti dəfələrlə bəyan edib ki, Azərbaycan müstəqil dövlətdir və bütün məsələlərə, o cümlədən xarici məsələlərə, öz müstəqil dövlətçilik prizmasından yanaşır, addımlarını da öz milli maraqlarına uyğun atır.
Bu da təbii ki, Rusiya tərəfindən həmişə qısqanclıqla qarşılanıb və qarşılanacaq. Ona görə də orada yaşayan azərbaycanlı icmaların Rusiyanın əlində bir təzyiq vasitəsinə çevrilməsi reallığı ilə barışmaq məcburiyyətindəyik.
Azərbaycan tərəfi, həm dövlət olaraq, həm də Rusiyada yaşayan icmalar da çalışmalıdır ki, bu qarşıdurma və irqi ayrı-seçkilik fonunda öz maraqlarını tam olmasa da, müəyyən səviyyədə qorumaq üçün alternativ yollar tapsınlar.
Bu prosesin iki ölkə arasındakı münasibətlərə təsirinə gəlincə onsuz da bu münasibətlərə mənfi təsir göstərən kifayət qədər amillər var. Onların başında da Rusiya dövlətinin hələ də postsovet məkanına müstəmləkə gözü ilə baxması və bu ölkələrin müstəqil xarici siyasət yürütməsini qəbul etməməsi faktı dayanır. Bu faktlar mövcud olduqca, iki ölkə arasındakı münasibətlərin daim sual altında qalması üçün əlavə səbəbə ehtiyac yoxdur.
Bütün bu problemlərin həllinin isə sadəcə bir yolu var: Rusiya ilk növbədə öz irqçi,nasist siyasətindən imtina etməli və dünya xalqlarının bərabərliyi, dövlətlərin bərabər hüquqluluğu prinsipi ilə barışmalıdır".
Zeynəb Mustafazadə