Rusiyanın "hibrid savaşı": Dəhlizi ləngitmək üçün iqtisadi təzyiq və siyasi agentura – ÖZƏL
16:58 SiyasətErməni politoloq Ruben Mehrabyana görə, Rusiya-Azərbaycan münasibətlərində "soyuq müharibə" bitib, lakin Moskva Cənubi Qafqazda "hibrid savaşı" Ermənistan vasitəsilə, Prezident Administrasiyası rəhbərinin 1-ci müavini Sergey Kiriyenkonun kurasiyası ilə davam etdirir. Mehrabyan bildirir ki, Rusiya Vaşinqton razılaşmalarına ehtiyatla yanaşaraq, Azərbaycanın Ermənistanı şantaj edəcəyinə ümid edir və bu fonda imperiya maraqlarını rusiyapərəst qüvvələr vasitəsilə reallaşdırmağa çalışır. Politoloq xəbərdarlıq edir ki, 2026-cı ildə Paşinyan seçkiləri uduzarsa, hakimiyyətə gələcək rusiyapərəst qüvvələr regionun sülh gündəliyini tamamilə dəyişəcək.
Maraqlıdır, Rusiya Cənubi Qafqazdakı "hibrid savaşı" hansı konkret alətlərlə aparılır, bu xüsusilə də Zəngəzur dəhlizi layihəsinə qarşı yönələ bilər?
"Ruben Mehrabyanın fikirləri Cənubi Qafqazda dəyişən güc balansının mahiyyətinə işarə edir. 2020-ci ildən sonra Moskvanın regiondakı təsir imkanları azalır, lakin bu, onun ambisiyalarından imtina etməsi anlamına gəlmir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əfsanə İbrahimova deyib. Siyasi şərhçi bildirib ki, Rusiya artıq açıq hərbi və ya siyasi təzyiqdən çox, "hibrid müharibə" alətlərinə - yəni, informasiya manipulyasiyası, siyasi agentura, iqtisadi asılılıq mexanizmləri və daxili sabitliyi pozmağa yönəlmiş fəaliyyətlərə üstünlük verir. Bu çərçivədə, Zəngəzur dəhlizi (TRIPP) kimi layihələr Moskvanın imperiya planları üçün strateji təhlükə hesab olunur, çünki həmin layihə regionun logistika xəritəsini Qərb-Türkiyə-Azərbaycan xəttinə bağlayır və Rusiyanı enerji, ticarət və nəqliyyat baxımından kənarda qoyur.
"Nəzərə alaq ki, Ermənistanın enerji infrastrukturu, qaz təchizatı və nüvə enerjisi sahələri Rusiya nəzarətindədir. Moskva bu asılılıqdan istifadə edərək Paşinyanın qərbyönlü iqtisadi islahatlarına və regional əməkdaşlıq təşəbbüslərinə qarşı təzyiq vasitəsi kimi yararlana bilər", - deyə ekspert əlavə edib.
Siyasi şərhçi qeyd edib ki, eyni zamanda, Mehrabyanın da qeyd etdiyi kimi, Rusiya Paşinyanın seçkiləri uduzacağı təqdirdə rusiyapərəst qüvvələri önə çıxarmağa hazırlaşır. Bu, Ermənistanı yenidən Moskvanın orbitinə qaytarmaq və Cənubi Qafqazda qərbyönlü inteqrasiyanın qarşısını almaq məqsədi daşıyır.
"Baş verənlər bir daha onu göstərir ki, Rusiya üçün Zəngəzur dəhlizi yalnız bir logistika xətti deyil - regionda təsir zonasının itirilməsinin simvoludur. Moskva bu reallığı qəbul etmədiyi üçün, hibrid metodlarla prosesləri ləngitmək, ictimai rəy və siyasi elitaları manipulyasiya etmək yolunu seçib. Lakin Bakı, Ankara və Vaşinqtonun koordinasiyalı və rasional yanaşması bu planları neytrallaşdıra bilər", - deyə Ə. İbrahimova sonda vurğulayıb.
Sevda Dəniz