Ermənistan sülh prosesində kritik mərhələdə: Alen Simonyan sülh prosesinə kölgə salır - ÖZƏL

"Ermənistan parlamentinin sədri Alen Simonyan həmişə belə çıxışlar edir. Paşinyan isə çalışır - əlbəttə ki, Azərbaycanla anlaşmaya üstünlük verir, mümkün qədər uyğun ifadələr seçir və sülh prosesini sürətləndirmək üçün səylər göstərir. Lakin dərhal sonra görürük ki, Alen Simonyan çıxış edib nədənsə uyğunsuz ifadə işlədir və prosesə faktiki olaraq zərər verməyə çalışır. Bu  fikirləri  Olaylar.az-a açıqlamasında siyasi  şərhçi  Azər  Həsrət  bildirib:"

İndi Azərbaycan ekspert qrupunun Ermənistana səfər etməsi, on illər sonra Azərbaycan təyyarəsinin Ermənistana uçması kimi müsbət görüntülər yaranıb və bundan istifadə edərək elastik davranmaqla sülh prosesini sürətləndirmək lazımdır. Buna görə də bu mərhələdə Ermənistan tərəfinin rəsmiləri - xüsusən də qeyri-rəsmi şəxslər - anti-Azərbaycan və ya Azərbaycanı qıcıqlandıracaq fikirlərdən çəkinməlidirlər. Siyasət və diplomatiya məhz belə tələb edir.

Görünür, Alen Simonyanın kifayət qədər təcrübəsi yoxdur; təcrübəsizliyinə görə o, prosesə kölgə salacaq ifadələr işlədir. Əlimdə səlahiyyət olsaydı, mən Ermənistan rəsmilərinə, xüsusilə də Alen Simonyana xatırladardım ki, onların sələfləri - başda Robert Köçəryan və Serj Sarqsyan olmaqla - bu cür qıcıqlandırıcı və incitici ifadələrə meylli olduqları üçün uzun illər iki xalq arasında sülhün bərqərar olmasına imkan yaranmamışdı. İndi isə fürsət yaranıb və bu fürsətdən istifadə edilməlidir.

Bakıdakı məhbusların nə üçün həbs olunduğu bütün dünyaya məlumdur. Biz nə etməliyik? Ermənistan tərəfinə onları təhvil verməliyik. Yaxud da bəlkə Alen Simonyanın həmin şəxslərin günahsızlığı barədə etibarlı məlumatı var - əgər varsa, bunu bizimlə paylaşsın. Gəlin görək, doğrudanmı onlar günahsızdırlar; görək, Gəncəni və ya Bərdəni bombalamayıblarmı; Azərbaycanda terror və ya bölücülük fəaliyyəti ilə məşğul olmayıblarmı; ölkəmizin yeraltı və yerüstü sərvətlərini talamayıblarmı; yurdlarımızın altını üstünə çevirməyiblərmi. Əgər Alen Simonyanın bu iddiaların əksini sübuta yetirəcək dəlilləri varsa, təqdim etsinlər - Azərbaycan məhkəmələri məsələni araşdırsın.

Mən düşünürəm ki, Alen Simonyan və Ermənistan rəsmilərinin daha təcrübəli həmkarlarından öyrənməli olduqları çox şey var. Bu ehtiyac hələ də görünür."

Xatırladaq ki,   Alen Simonyan: "Onlar gələ bilər, biz ziyarət edə bilərik, mən də ziyarət edə bilərəm. Amma elə məsələlər var ki, ona qədər həll olunmalıdır, məsələn, məhbuslarla bağlı məsələ. Orada məhbuslar, əsirlər olduğu halda, mənim Azərbaycana səfərimi necə təsəvvür edirsiniz?" -  deyə  qarşılıqlı  səfərlərə  münasibət  bildirib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31