ŞKTC seçkiləri: Erhürmanın qələbəsi sülh masasına niyə ümid verir? – ÖZƏL
16:59 Siyasət"Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçirilən prezident seçkiləri bir daha göstərdi ki, bu kiçik, amma siyasi mədəniyyəti oturuşmuş cəmiyyət demokratik ənənələrə sadiqdir. Seçicilərin yüksək fəallığı və nəticələrin şəffaf şəkildə elan olunması Şimali Kiprin demokratik ab-havasını, insanların siyasi iradəsinin azad və ədalətli şəkildə ifadə olunduğunu təsdiqlədi. Bu, həm daxili sabitliyin, həm də cəmiyyətin siyasi şüurunun səviyyəsinin göstəricisidir."
Bu fikirləri Olaylar.az-a açıqlamasında Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Siyasi şərhçi qeyd edib ki, müxalif Cumhuriyyətçi Türk Partiyasının lideri Tufan Erhürmanın 62,7 faiz səslə inamlı qələbəsi, əslində, Şimali Kipr seçicisinin yenilik və dəyişiklik istəklərinin rəmzinə çevrildi. Xalq səsvermədə yalnız lider seçmədi, həm də siyasi kursun yenilənməsinə, dialoqa və gələcəyə yönəlik yeni baxışa üstünlük verdi.
"Hesab edirəm ki, Erhürmanın seçki kampaniyasında önə çəkdiyi federal həllə açıq yanaşma, Kiprin yunan hissəsi ilə danışıqların bərpası və beynəlxalq hüquqa əsaslanan birgə dövlət modeli fikirləri, 50 ildən artıq davam edən status-kvonu sarsıdan yeni diplomatik istiqamət ola bilər. Onun bu mövqeyi, xüsusilə, gənc nəsil arasında sülhə, sabitliyə və iqtisadi inteqrasiyaya inamı gücləndirir", - deyə ekspert əlavə edib.
Siyasi şərhçi bildirib ki, bununla yanaşı, Şimali Kipr cəmiyyəti ənənəvi dəyərlərinə və milli kimliyinə dərin hörmətlə yanaşır. Bu səbəbdən Erhürmanın qarşısında duran əsas vəzifə dəyişiklik istəyini milli maraqlarla və Türkiyə ilə strateji münasibətlərlə ziddiyyətə salmadan həyata keçirməkdir. Ankara ilə əməkdaşlıq, Kipr türklərinin təhlükəsizlik və suverenlik məsələsində əsas dayağı olaraq qalır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Erhürmana verdiyi dəstək mesajı da məhz bu strateji xəttin qorunacağına işarədir.
Digər tərəfdən, Yunan Kiprinin lideri Nikos Kristodulidisin təbriki və sülh danışıqlarına sadiqliyini bildirməsi diplomatik ritorikanın yumşalması baxımından əhəmiyyətlidir. Bu, illərdir donmuş olan masaya yeni ümid işığı sala bilər.
Ekspert bir fikri də əlavə edib ki, Tufan Erhürmanın qələbəsi həm demokratik dəyərlərin təntənəsi, həm də Şimali Kipr cəmiyyətinin gələcəyə baxışında yeni səhifə açılması deməkdir. Bu seçki bir daha göstərdi ki, Kipr türkləri sülh, inkişaf və beynəlxalq ədalətə sadiq xalqdır. Amma bu yolda milli kimlik və suverenlik dəyərlərini heç bir güzəştə getmədən qorumağa hazırdır.
Sevda Dəniz