“Tranzit yollarının açılması sülh və əməkdaşlıq üçün açılan yeni bir səhifədir” – Ramiyə Məmmədova – ÖZƏL
16:31 Siyasət"Tranzit yollarının açılması cənab Prezident tərəfindən böyük uğurla qarşılandı. Çünki bu məsələ artıq nəzəri deyil, praktiki mərhələyə keçib. Yəni sülhün bərqərar olması, iki dövlət arasındakı münasibətlərin genişlənməsi və bu istiqamətdə atılan addımlar artıq real işlər səviyyəsində özünü göstərir. Bu isə bir tərəfdən Azərbaycanın Ermənistan dövlətinə, digər tərəfdən ümumilikdə regiona verdiyi mühüm töhfədir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, bu gün əslində Paşinyanın qarşısında duran ən vacib məsələlərdən biri məhz tranzit yollarının açılması, ölkəsinə yeni logistika imkanlarının yaranması, gəlirlərin artması və iqtisadi nəfəsin bərpasıdır: "Ermənistanın bugünkü vəziyyətində bu amil Paşinyan üçün demək olar ki, "su kimi" lazımdır. Çünki ölkədə ona qarşı ciddi təzyiqlər və siyasi hücumlar müşahidə olunur. Müxalif qüvvələr onun fəaliyyətini sarsıtmaq, hökumətini zəiflətmək istiqamətində addımlar atırlar. Belə bir şəraitdə tranzit yollarının açılması və iqtisadi canlanma Paşinyanın siyasi dayanıqlığı üçün də mühüm əhəmiyyət daşıyır".
"Digər tərəfdən, bu məsələ Ermənistan müxalifətinə də müəyyən mənada "isti mesaj" oldu. Çünki regionda baş verən hadisələrin müsbət istiqamətdə inkişaf etməsi, Cənubi Qafqazda iqtisadi və siyasi sabitliyin yaranması artıq qaçılmaz bir reallıqdır. Azərbaycan bu prosesdə həm təşəbbüskar, həm də icraçı tərəf kimi çıxış edir. Bu gün Qafqaz regionu və bütövlükdə Asiya məkanı üçün bu cür tranzit yolları strateji əhəmiyyət daşıyır. Belə layihələr Yaxın Şərqdən tutmuş Mərkəzi Asiyaya qədər uzanan ticarət və nəqliyyat əlaqələrini gücləndirir. Bu marşrutlar həm Çin, Rusiya, Türkiyə, Hindistan, Qazaxıstan, həm də digər Asiya dövlətləri üçün iqtisadi baxımdan mühüm imkanlar yaradır. Azərbaycan da bu zəncirin əsas həlqələrindən biri kimi mühüm rol oynayır.
Tranzit və logistika xətləri təkcə iqtisadi gəlir mənbəyi deyil, həm də regionun sabitliyini təmin edən amillərdəndir. Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr region ölkələrinin bir-birinə iqtisadi baxımdan daha çox bağlı olmasına səbəb olur. Bu isə sülh və əməkdaşlığın möhkəmlənməsi deməkdir", - deyə ekspert əlavə edib
Siyasi şərhçi eyni zamanda qeyd edib ki, artıq yük daşımalarının Ermənistan ərazisindən keçərək Gürcüstan və Azərbaycan üzərindən Qazaxıstana qədər uzanması real hala çevrilib. Bu isə göstərir ki, regionda uzun illərdir müzakirə olunan Zəngəzur dəhlizi ilə bağlı məsələlər də həll yoluna yaxınlaşır. Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün böyük logistik əhəmiyyətə malikdir. Əgər bu dəhliz tam şəkildə fəaliyyətə başlasa, ticarət və yük axını sürətlənəcək, Cənubi Qafqaz regionu Avrasiya məkanında əsas nəqliyyat qovşaqlarından birinə çevriləcək. Bu, həm iqtisadi inkişaf, həm də geosiyasi sabitlik baxımından mühüm nəticələr verəcək. Ermənistan üçün isə bu, uzun illərdir bağlı qalan iqtisadi əlaqələrin bərpası və ölkəyə yeni gəlir axınının təmin olunması demək olacaq.
"Nəticə etibarilə, tranzit yollarının açılması təkcə infrastruktur və nəqliyyat məsələsi deyil - bu, sülh və əməkdaşlıq üçün açılan yeni bir səhifədir. Prezidentin bu istiqamətdə atdığı addımlar Azərbaycanın regional liderliyini daha da möhkəmləndirir və Cənubi Qafqazda sabitliyin bərqərar olmasına xidmət edir. Ermənistan isə bu prosesdən kənarda qalmaq istəmədiyini göstərməli və Zəngəzur dəhlizi kimi layihələrdə konstruktiv mövqe tutmalıdır. Bu, həm region ölkələrinin iqtisadi yüksəlişinə, həm də xalqlar arasında qarşılıqlı inamın formalaşmasına gətirib çıxaracaq. Zəngəzur və digər tranzit yollarının açılması yalnız coğrafi xəritədə deyil, həm də siyasi reallıqlarda yeni körpülərin yaranması deməkdir. Azərbaycanın təşəbbüsü ilə atılan bu addımlar, sözün əsl mənasında, Qafqazı Asiyanın və Avropanın iqtisadi ürəyinə çevirir", - deyə R. Məmmədova sonda fikirlərinə əlavə edib.
Sevda Dəniz